Ailələr övlad tərbiyəsində nə kimi xüsuslara diqqət yetirməlidirlər?


Fatimə Zəhra
Bu yazıya 1620 dəfə baxılıb.

Ailələr övlad tərbiyəsində nə kimi xüsuslara diqqət etməlidirlər?

Əvvəlcə bunu ifadə etməliyik ki, uşaqlar bizlərə ilahi bir əmanət və bizim varlığımızdan cücərmiş qiymətli filizlərdir. Duyğulu könüllərə görə evlərin ilk səadət musiqisi, dünyaya gələn körpələrin ürəklərə fərəh verən səsləri ilə başlayar.

Hədisi-şəriflərdə bəyan edildiyi ifadələr ilə uşaqlar: “cənnət çiçəkləri”, “qəlb meyvələri”, “ilahi bəxş və ruzilərdir”.

Buna görə də uşaqlar, Rəbbimizin ən gözəl lütf və ehsanıdır. İlk övladımız dünyaya gəldiyində valideyn olmağın sonsuz həzzi heç unudulurmu?

Bir ana üçün ən gözəl məşğuliyyət onu yetişdirmək və tərbiyə etmək, cəmiyyətə ərməğan etməkdir. Belə ki, ana ürəyi bir övladın təlim və tərbiyə aldığı ilk məktəbdir.

Övlad tərbiyəsinə nədən başlamaq lazımdır? Döymək bir tərbiyə metodudurmu? Ailənin övlad tərbiyəsindəki rolu və diqqət etməsi vacib olan xüsuslar nələrdir?

Ata və ananın xüsusiylə diqqət edəcəyi əsas xüsusları belə xülasə edə bilərik:

a) Övlada mənəviyyat təlqin edəcək gözəl bir ad qoyulmalıdır. Övladın, ata-ana üzərindəki haqlarından biri də, ona “gözəl ad” qoymaqdır. Belə ki, ad, adlandırılana təsir edər. Yəni, bir körpəyə qoyulan adın mənası, onda özünü göstərir.

b) Feyzli bir mühitdə inkişaf etmələri üçün, yedirilən loğmaların “halal”lığına diqqət edilməlidir.

c) Uşaqlar, danışmalarından davranışlarına qədər davamlı olaraq böyükləri təqlid edə-edə böyüyürlər. Çünki onlarda nümunə alaraq təqlid etmə xüsusiyyəti hakimdir. Bunun üçün onlara “nümunə olacaq davranış” gözəllikləri göstərilməlidir. Məsələn, bir uşağın münaqişə və dava mühitində əxlaq norması inkişaf etməz, dəcəl olar. Xoşbəxt və nizamlı bir mühitdə isə, gözəl xasiyyət və tərbiyə ilə böyüyər.

ç) Uşaqların davranışlarına onlara hiss etdirmədən daim “nəzarət” edilməlidir. Xüsu-silə cəmiyyət içərisində edə bilmədikləri qəbahətləri gizli və tənha yerlərdə işləmələrinə mane olunmalıdır. Bu kimi davranışların qarşısı alınmadığı təqdirdə xarakterləri zəifləyər, ikiüzlü olarlar. Bu halın ilk təzahürləri də yalan və riyadır.

d) Uşaqların gözəl işləri “təqdir” edilib mükafatlandırılmalı, xətalarına da laqeyd qalınmamalıdır. Çünki müsbət davranışlar mükafat ilə möhkəmləndirilərək uşağın şəxsiyyətində qalıcı izlər buraxır. Bunun əksinə, vaxtında “tənbeh edilməyən qüsurlar” da təkrarlana-təkrarlana uşağın xarakterinin bir parçası halına gəlir. Buna görə də xüsusən qız uşaqlarının kiçik yaşlardakı geyim formasına diqqət edilməli, paltar mövzusundakı səhvlər xoş qarşılanmamalıdır. Çünki insanın öyrəşdiyi şeylər, bir müddət sonra islah edilməsi çətin olan vərdişlər halına gəlir.

e) Tez-tez cəza verərək uşaq arsız hala gətirilməməlidir. Bilmədən bir şey qırdığında cəzalandırılmamalıdır. Çünki bu cür hərəkətlər bizim də edə biləcəyimiz hadisələrdir. Bu kimi hallarda uşaq gücsüz olduğu üçün danlandığını düşünər. Çünki belə davranışları biz edərsək heç kim bizi danlamaz. Bu da, ana-atanın verəcəyi digər doğru tərbiyələrə qarşı uşaqda əks təsir yaradar və fürsət düşdükcə deyilənlərin tərsini edər. Onun üçün çox həssas olmalı və bizim də edə biləcəyimiz bəsit stəkan qırmaq, çay dağıtmaq və s. kimi adi məişət qəzalarından ötrü uşaqlara sərt davranmamalıyıq. Yumşaq bir dil ilə tənbeh etməliyik.

Ancaq uşaqların xarakter və əxlaqlarına yerləşə biləcək yalnışlar və xətalar qarşısında isə qətiyyən laqeyd qalınmamalı və xoş münasibət ilə də qarşılamamalıyıq. Lakin uşağa veriləcək hər hansı bir tərbiyə mahiyyətindəki cəza, qadağan və istiqamətləndirmə kimi davranışlarda da onun haqsızlığını və etdiyi hərəkətin səhv olduğunu özünə başa salaraq etmək çox mühümdür. Çünki günahını qəbul edən uşaq tərbiyə olunmağa hazır hala gəlir. Səhvi başa salınaraq günahını qəbul etməyən uşağın tərbiyəsinə çalışmaq heç vaxt faydalı olmaz. Çünki uşaq, ona isbat edilib boynuna almadığı bir halda, məsələn, yalan söyləmiş olsa belə, bu təsbit edilib ortaya çıxarılmadığı üçün özünün haqlı olduğunu düşünüb valideynlərini günahlandırmaq istəyər. Bu səbəbdən;

ə) Əmr, qadağan və qaydalar öyrədilərkən onların “qavraya biləcəyi bir şəkildə” səbəbləri də başa salınaraq inandırılmalıdır.

f) Davranış üsulları və “əxlaq qaydaları” öyrədilməli, xüsusilə varlı ailələr uşaqlarının öz yaşıdlarına qarşı kobud və təkəbbürlü davranmalarına mane olmalıdırlar. Çünki bunlar bir müddət sonra xarakter halına gəlir. Onlara, təvazö təlqin edilməli, başa düşəcəkləri bir dillə Qəsəs surəsindəki “Qarun” qissəsi danışılmalıdır.

g) Uşaqların  şəri çərçivə daxilində “uşaqlıqlarını yaşamalarına” imkan verilməlidir. Lakin nə çox sərbəst buraxılmalı, nə də həddindən artıq təzyiq edilməlidir. Belə ki, çox rahatlıq nəfsi azdırır, təmbəlliyə səbəb olur; çox təzyiq də uşağın passiv və cəsarətsiz bir xarakter sahibi olmasına səbəb olur. Həddindən artıq təzyiq göstərmək şəxsiyyətli uşaqlarda sadəcə bir passivliyə səbəb olmaz, bəzən də üsyana səbəb olar. Belə uşaqlar, həddindən artıq təzyiq nəticəsində, xüsusən müəyyən yaş mərhələsindən sonra, asiləşir və ata-ananı dinləməyəcək hala gəlirlər.

ğ) Onlara Allah təalanın  nemətləri  xatırladılıb “həmd və şükrə öyrəşdirilməli”dirlər. Peyğəmbərimizin -səlləlahu əleyhi və səlləm- həyatından misallar gətirilərək daxili aləmlərinin mənəviyyat iqlimində yoğrulmasına səy göstərilməlidir.

h) Kiçik yaşlarında ikən “ibadət və xidmətə öyrəşdirilməli”, ibadət məsuliyyəti və xidmətin əhəmiyyəti başa salınmalıdır.

Bir  sözlə, uşağımızın qüsursuz olmasını istəyirsək, qüsursuz ata-ana olmağa səy etməliyik.

Uşaq tərbiyəsi, əvvəlcə ana-atanın ürəyindəki uşaq sevgisindən başlanmalıdır. Onları Allahın əmanəti olaraq sevməli; bu sevgini də, dünya və axirət səadətini qazanmağa səbəb olaraq görməliyik. Əgər özümüzdən sonra gözəl bir nəsil yetişdirməsək qəbrimiz tənha qalar. Sabahkı həqiqi məskənimizin isə qəbir olduğunu unutmamaq lazımdır.

 

 


Fatimə Zəhra
Bu yazıya 1620 dəfə baxılıb.