Tələyə Düşməyin!


Mətanət Kərimova
Bu yazıya 713 dəfə baxılıb.

Allah Təala insanı hər baxımdan üstün yaratmışdır. Yaratdıqları içində ən qiymətlisi və düşünəni odur. Bu dünyaya imtahan üçün göndərilmiş olan insan, Peyğəmbərlərə qonşu olacaq dərəcədə yüksələ bilir. Eləcə də insan, heyvanlardan daha aşağılara qədər düşə bilir. Ucalmaq üçün ağlı, ruhu və bunlara yol göstərən, işıq tutan vəhyi dinləmək lazımdır. Yıxılmaq üçün isə nəfsi və şeytanı izləmək kifayətdir. Ancaq yüksəlmək və mələklərdən belə daha dəyərli hala gəlmək çətin işdir. Çalışmaq istər, əmək istər, əziyyət istər... Özünə, nəfsinə və şeytana qalib gəlmək, ruhun zövqlərinə, qəlbin həzlərinə, mənəviyyatın səadətlərinə razı olmaq lazımdır. İnsan ancaq belə insan olur, hətta sultan olur... Gerçək insan mənliyini dəf edən, yoxluqda varlığı, təvazödə izzəti tapan bir quldur. Mənliyi ilə mübarizə apara bilməyən, xudbinlikdən zövq alan, daima nəfsini təqib edən insan isə ancaq görünüşdə insandır. Daxildə, iç dünyasında insanlıqdan əsər qalmamışdır. Şeytan, Rəbbimizin bizi təkamül etdirmək üçün önümüzə qoyduğu bir əngəldir. Amma güclü iradəyə sahib olduğumuz zaman bu əngəli asanlıqla adlayıb keçə bilərik. Bu maneələri aşaraq ruhi və mənəvi vəziyyətimizi inkişaf etdirəcək, gücləndirəcəyik. Əsgərin təlim sahəsində önünə qoyulan əngəlləri, çuxurları, ipdən nərdivanları aşdığı kimi.. Bunlar əsgəri bədən olaraq inkişaf etdirmək, döyüşə hazırlamaq və daha sağlam olmalarını təmin etmək üçün deyilmidir? Şeytan da, iç dünyamızı inkişaf etdirmək, pisliklərə qarşı mübarizəyə hazırlamaq və ruhi sağlığımızı qorumaq məqsədi ilə önümüzə qoyulan bir imtahan əngəlidir. Nəfs də içimizə qoyulmuş bir pislik mərkəzidir. Ona da qalib gəlmək mümkündür. Necə ki, mikroblara qarşı bədən müqavimətini artırmaq üçün peyvənd edilir, yəni bədənə bir miqdar mikrob verilir, eynilə onun kimi... Nəfs də ruhumuzun pisliyi tanıması və ona qarşı hər zaman mübarizəyə hazır olması üçün daxilimizə qoyulmuşdur Nəfsə ilişib onun əsiri olan insan, bədəninə peyvənd olaraq verilən mikroblara məğlub olan zəif və aciz insan kimidir. Ancaq nəfs maneəsinə ilişib qalmayan, şeytanın tələlərinə düşməyən bir insan isə, ucaldıqca ucalır, varlığını əbədi bir səadət yurdunda ölümsüzləşdirir. Əgər belədirsə, nə üçün insan şeytanın hiylələrinə aldanır, nəfs əngəlinə qarşı gələ bilmir? Çünki şeytanın işi dağıtmaqdır, pozmaqdır, məhv etməkdir. Nəfsin çağırdığı pisliklər isə görünüşünə görə çox bəzəkli və cazibəlidir. İnsan nəfs əngəlinə, xarici bəzək, daxili pislik olan bir anlıq ləzzətlərlə, çox zaman anlıq qəflətlərlə düşür. İnsan tələskəndir. O dəqiqə anlıq ləzzətlərə tamah edir. Sonradan gələcək olan günahın ağrısını düşünmür. Ruhun ləzzətlərinə nail olmaq, elm istər, təmizlənmə istər, səbir istər... Halbuki bədənin gəlib keçici olan heyvani ləzzətlərini dadmaq üçün heç

bir səy göstərməyə və əziyyət çəkməyə ehtiyac yoxdur. Könül boşluq qəbul etməz. Bir gönüldə gerçəkdən iman təcəlli etmişsə, qəlb inancın nuruyla aydınlanmışsa, yəni o insan həqiqi bir qul olmuşsa, şeytanın o qəlbdə edə biləcəyi iş qalmamışdır dəməkdir. Ancaq bunu da unutmamalıyıq ki, nəfsin ortadan qalxması, şeytanın tamamilə ümidini itirməsi imkansızdır. Hər daim bir açıq qapı tapmaq ümidi ilə gözləyir və tələsinə salmaq üçün pusqudadır. Bu səbəblədir ki, Peyğəmbərimiz (s.ə.s.) "Rəbbim, məni göz açıb qıpıncaya qədər belə nəfsimlə baş-başa buraxma" (İbni-Hanbəl, V, 42) deyə dua etmişdir. Dəyərli oxucular, qəbul edək ki, hamımız inancımızda, ibadətimizdə, əxlaqımızda boşluklar buraxırıq. Xətalar edirik. Bax bu xətalar və boşluqlar, batillə dolur. Könül fərman dinləmir. Könül boşluq qəbul etmir. Könül ac və susuz qala bilmir. Daha doğrusu könül Onsuz ola bilmir. Onun, O Uca Yaradıcının zikri, fikir və inancı ilə doyurulmayan könül, korlaşır. Tərəzinin iki gözü var. Ya inanc ağır gələcək, yaxşılıq, gözəllik hakim olacaqdır. Ya da şeytanın hökümdarlığı altında şərlər yayılacaqdır. Bu səbəblə ailələr uşaqlarını daima nəzarət altında saxlamalıdır. Onları sevgi və şəfqətlə tərbiyə etməlidirlər. İmandan doğan gözəlliklər bəslənib böyüdülməli, sözlə deyil, hal və hərəkətlə tək olmadıqları hiss etdirilməlidir. Uşaqlar nə oxuyur? Nə seyr edir? Hansı musiqini dinləyir? Hansı fəlsəfəyə meyl edir? Kimlərlə dostluq edir? Bunları tez-tez araşdırmalı və onlarla möhkəm və səmimi dostluq qurmalıyıq. Gənclər bizim gələcəyimizdir. Bu yarışı qazanmalı və şeytanı məğlub etməliyik. Şeytana qalib gəlməyin zövqünü daddıqca, əhvalımız artacaq, səylərimiz çoxalacaq və zəfərlərə qaçacağıq.


Mətanət Kərimova
Bu yazıya 713 dəfə baxılıb.