Dahi Şəxsiyyət - Ziya Bünyadov


Bu yazıya 809 dəfə baxılıb.

“Ziya Bünyadovun ən böyük xidməti, məncə, Azərbaycan tarixinin düzgün yazılması işindəki xidmətləridir. Ziya Bünyadov faktiki olaraq Azərbaycan uğruna şəhid oldu” (Həsrət Rüstəmov).

“O, öz varlığı ilə elə bir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik” (Heydər Əliyev).

Haqqında deyilən sözlərdən də görürük ki, Bünyadovun Azərbaycan tarixində rolu əvəzsizdir. Bu məqsədlə onun həyatına birlikdə nəzər salaq.

Ziya Bünyadov 1923-cü ildə dekabr ayının 21-də Astara şəhərində, hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qukasova idi. Uşaqlıqdan ciddi tərbiyə alan Bünyadov altı uşaqdan ən böyüyü idi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gəlmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir.1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.

Bünyadovu yubatmadan gələcək xidmət yerinə -Bessarabiyaya göndərdilər. İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra o, həyatında ilk dəfə olaraq döyüşə girdi. Cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçmişdir. Həmçinin Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdir.

Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. Təltif vərəqindən:

 

Kapitan Z.M.Bünyadovun 123-cü əlahiddə ordu rotası 1945-ci il yanvarayının 14-16-da düşmənin Manquşevsk sahəsindəki müdafiə xəttinin yarılmasında iştirak etmiş, məharətli komandanlıq nəticəsində Domburovki kəndinin cənub kənarından və dəmir yolu xəttindən keçərək yanvarın 14-də Pilitsaçayını birinci keçmiş, sol

sahildə ələkeçirdiyi döyüş mövqeyini 89-cu qvardiya diviziyasının əsas atıcı hissələrinin gəlib çıxmasına qədər saxlamışdır. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlərələ keçirmişdir... Rota komandiri kapitan Z.M.Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

 

 

Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmişdir. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunmuşdur.

Bünyadov ordudan tərxis olduqdan sonra 1946 -cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950 -ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954 -cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib həmin ilin avqustunda Bakıya qayıtmışdır. Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.

1958 -ci ildən 1959 -cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir.1964 -cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almış, 1965- ci ildə isə onun eyniadlı monoqrafiyası çap olunmuşdu.

Bünyadov 1981 -ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərmişdir.1982-ci ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilmişdir. O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.

1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür.

Bütün bunlardan əlavə Bünyadov hadisələri hər zaman olduğu kimi təhlil və tənqid edərdi. Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biridir. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərinin iddialarına cavab vermişdir.

Yaşadığı şərəfli bir həyata 1997- ci ilin fevralayının 21-də yaşadığı binanın qarşısında bir qrup cinayətkar dəstə tərəfindən son qoyuldu. 23 fevral 1997-ci ildə Şəhriyar adına mədəniyyət mərkəzində onunla vida mərasimi keçirildi. Heydər Əliyevin vida mərasimi nitqindən:

“Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya BünyadovAzərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi”.



Bu yazıya 809 dəfə baxılıb.