Həyat Fəlsəfənizi Düzgün Seçin!


Samirə Mahmudova
Bu yazıya 986 dəfə baxılıb.

Bir insanın Rəbbinə olan vəzifələrindən sonra həyatda ailə başçısı kimi öhdəliyindəki ailə fərdlərinə qayğı göstərməsi onun ümdə vəzifəsidir. Allah Təala mürəbbiyəlik vəzifəsini ata anaya yüklədiyi üçün insan uca Rəbbinin ona yüklədiyi bu məsuluyətin ağırlığının şüuru içində olduğunu bilir.

İstər qız olsun, istər oğlan, valideyn cinsiyyət ayırımı etmədən övladına mənəvi və milli dəyələrlə zəngin bir xislətə sahib olacaq xüsusiyyətləri aşılamalıdır. Xüsusilə qız övladının təlim və tərbiyəsi gələcəyin bir ailə nüvəsini təşkil edən analıq məktəbinin əsasını qoyan amillərdəndir. Allah Təala insana özünü və ailəsini cəhənnəm atəşindən qorumağı əmr etmiş, ailəsinin təlim - tərbiyəsinə diqqət  yetirərək daim bu ilahi məsuliyyət bilinci içində hərəkət etməsini xatırlatmışdır (Təhrim, 6).

Hər bir övladın gözəl hal və davranışlarla zəngin olması ona bu tərbiyəyi verən bir ananın varlığından xəbər verir.

Zəmanəmiz təəssüflər olsun  ki, maddi maraqların və arzuların burulğanında boğulub getməkdədir. İnsanlar insani dəyərlərdən çox, maddi maraqlarını cəlb edən yerlərə can atmaqda, mənəviyyatını deyil, nəfslərini doyurmağa calışmağın səyi içindədirlər. Gənc qızların bu mövzuda tərbiyəsinə xüsusilə diqqət yetirmək gərəkdir. Çünki qadının tərbiyəsi daha sonra gələcək olan sağlam və tərtəmiz nəslin davam etməsi deməkdir. Hər bir gənc qız gələcəyin ana nümayəndəsidir. Ona görə də evdə qız övladının tərbiyəsi və maariflənməsinə diqqətlə yanaşılmalıdır. Rəsulullah (s.ə.s.) valideynlərin qız övladını gözəl böyüdüb tərbiyələndirilməsinin ona nələr qazandıracağını müjdələyərək belə buyurmuşdur:

“Üç qız övladı olan onları tərbiyə edib evləndirən və onlara çöx gözəl şəkildə böyudənlərə cənnət vardır” ( Əbu Davud).

Valideynlər ilahi məsuliyyəti dərk edərlərsə, qızlarının gənc yaşda əxlaqi keyfiyyətlərə sahib bir xislətdə yetişdirmələrinin onların üzərinə bir vəzifə olduğu şüurunda olarlar. Ailədə tərbiyə alan bir qızın irəliyə doğru hədəflərində oxuyub bir sənət sahibi olmaq, gözəl bir ailəyə qurmaq və Allahın ona bəxş etdiyi nemətlərini (mal-mülk, saleh bir yoldaş, övlad) həddi aşmamaq şərtilə istifadə etmə olmalıdır. Evdə və ailədə bu çərçivə içərisində tərbiyə almayan övlad, gələcəkdə həyatını maddi rifahını yüksəltmək, ehtiyac görmədən lüks bir həyat sürərək hər kəsi həsəd aparacaq bir səviyyəyə gətirməyin ehtirası içində olarsa, bu onun uçuruma doğru yol aldığını göstərir. Çünki arzu etdiyi səviyyəyə gəlmək Allahın bir təqdiridir. Onun istəyi ilə deyildir. Allah isə bəndəsinə bəxş etdiyi nemətlərin digərlərini həsəd və paxıllıq cəkməsi üçün deyil, o neməti onun yolunda infaq etmək üçün vermişdir. Yoxsa bu nemətlər onun üçün cəza ola bilər.

Övladlarını həyatın hər cür çətinliyinə və zəhmətinə alışdıran bir valideyn ona gələcəkdə yaşana bilən sıxıntılara sinə gərərək öhdəsindən gəlməyi, müsibətlərin və sıxıntıların onun kamil bir insan yönündə yetişməsində faydalı olduğunu başa salmalıdır.

Gənc qızların milli və mənəvi dəyərlərimiz üzərində tərbiyə edilməsi gələcəyin sağlam ailəsini təşkil edir. Uşaqlığı və gəncliyi ata-anası, qohum-əqrəbası və qonşularına hörmət və diqqət içərisində keçən bir gənc qız, bu keyfiyyətləri ilə ailə dəyərlərini qoruyub saxlayaraq bunları öz ailəsinə və gələcək nəsillərə ötürər. Həyat fəlsəfəsi sevib hörmət görməyə, başqalarını da düşünməyə, əl tutub yardım etməyə, övladlarını həm Allahın qarşısında, həm də vətəninə sadiq bir övlad kimi yetişdirməyə yönəlik olar. Peyğəmbərimiz bu xüsusda belə buyurmuşdur:

“Mömin, ətrafı ilə uyğunlaşan bir insandır. İnsanlarla ülfət və yaxınlıq qurmayan və özu ilə də ülfət qurulmayan insanlarda xeyir yoxdur” (Tirmizi, Sıfatul-Qiyamə, 55).

Övladlarımız bizim göz bəbəyimiz, yaşama sevincimiz və Allah Təalanın bizlərə bəxş etdiyi ən böyük nemətidir. Onu tərtəmiz və ülvi hislərlə yetişdirməyimiz biz valideynlərin yaradan qarşısında məsuliyyətidir. Onları axirətimizin bir zəmanətçisi kimi görərək yetişdirmək valideynlərə həm dünya, həm də axirət həyatında səadətlər nəsib edər.

Allah övladlarımızı özümüzün deyil, öz rizası istiqamətində yetişdirməyi nəsib etsin. Amin!


Samirə Mahmudova
Bu yazıya 986 dəfə baxılıb.