Könül İqlimindən İncilər


Osman Nuri Topbaş
Bu yazıya 1115 dəfə baxılıb.

Dinin eşq, vəcd, hüzur və şövq ilə yaşana bilməsi üçün, Quran və Sünnənin həyatın hər mərhələsinə yayılması zəruridir. Belə bir mənəvi təkamül üçün ən mühüm vəsilə də, ürəyin "məhəbbət" ilə əhatə olunmasıdır. Çünki məhəbbət; itaəti və fədakarlığı özü ilə gətirir. Könüllər arasındakı mənəvi cərəyan xətti də, ancaq məhəbbət sayəsində təsis edilə bilər.

k k k

Rəsullulahı (s.ə.s.), Ona duyduğumuz eşq nisbətində və Ona yaxınlaşa bildiyimiz qədər tanıya bilərik. Çünki məhəbbətin gücü ölçüsündə, aşiq ilə məşuq arasında bir hissiyyat bənzərliyi yaşanır. "İnsan sevdiyi ilə bərabərdir!" (Buxari, Ədəb, 96) hədisi də bu qəlbən birliyi ifadə edir. Yəni sevən, sevgisi nisbətində sevdiyinə bənzəməyə, onun şəxsiyyət və xarakterini özününküləşdirməyə başlayır.

Rəsulullah sevgisini yaşamayanlar, Ona qovuşa bilməzlər. Çünki qulu, Allaha məhəbbət dəryasına aparacaq olan yeganə rəhmət və sevgi mənbəyi, Peyğəmbərimizdir. Belə ki, Həzrəti Peyğəmbərə məhəbbət, Allaha məhəbbət; Ona itaət, Allaha itaət; Ona üsyan, Allaha üsyan kimidir.

k k k

Allah Rəsuluna olan qəlbən yaxınlığımız, cismən və əqli birliyimiz, nəhayət, məhəbbətimiz, ilahi əzabdan da qurtuluşumuza bir vəsilədir. Çünki Cənabı Haqq belə buyurur: "(Ey Rəsulum!) Sən onların içində ikən Allah, onlara əzab edəcək deyil!.." (əl-Ənfal, 33) Bu səbəbdən Həzrəti Peyğəmbərin mübarək varlığı, bəşər üçün bir məhəbbət qucağı, yəni sığınacağıdır.

Rəsulullahdan (s.ə.s.) alacağımız ən mühüm mənəvi təhsil, daxili dünyamızı Onun qəlbinin hissiyyatı ilə müştərək hala gətirə bilməkdir.

k k k

Bir möminin qəlbi, məhəbbəti Rəsulullahda hansı mərtəbəyə çatsa, dünyada nail olacağı hüzur və səadət, axirətdə çatacağı mövqe, o nisbətdə uca olar.

k k k

Cənabı Haqq, Peyğəmbərimizi "Aləmlərə Rəhmət" olaraq göndərdiyini bildirmişdir. (Baxın: əl-Ənbiya, 107) Bu səbəbdən rəhmət insanı ola bilmək ancaq Həzrət Peyğəmbəri (s.ə.s.) ən gözəl şəkildə tanıya bilməklə, yəni Onun sünnəsini və məhəbbətini öyrənməklə mümkündür.

k k k

Bir yaradılış möcüzəsi olan Fəxri Kainat Peyğəmbərimizi, bəşəri taqət daxilində kamil şəkildə qavraya bilmək mümkün deyil. Bu aləmdən alınan təəssüratlar, Onu izah və idrakda yetərli olmaz. Çünki sahili olmayan bir dəryanı, bir stəkana sığdırmaq mümkün deyil. Bu səbəblə Onun əsl xüsusiyyətini bütövlüklə təsvir etməyə heç bir fani müvəffəq ola bilmədi. Yüksək əxlaqı və yaradılışı, layiqi ilə qavraya bilmədi. Alimlər, mütəfəkkirlər və könül sultanları, Onun yolunda olmağı izzət, qapısında sail (dilənçi) olmağı dövlət bildilər.

Bu gün Rəsulullahı (s.ə.s.) tanıya bilsək, sabah məhşərdə O da bizi tanıyar. Qəlbimiz Onu görməyə hazır olsa, O da bizə nəzər edər. Onu eşidib dinləsək, O da bizim fəryadımızı eşidər. Qısacası, biz Ona tabe olaq ki, O da bizə; "Peyğəmbər də sizin üzərinizə şahid olsun!" (əl-Bəqərə, 143) buyurulduğu üzrə, şahid və şəfaətçi olsun.

k k k

Möminin vəzifəsi; Allahın əmrlərini, sırf Allah əmr etdiyi üçün və Rəsulullah (s.ə.s.) tətbiq etdiyi şəkildə ifa etməkdir. Bu barədə -yaxşı niyyətlə belə olsa- şəxsi fikri ilə hərəkət edib sünnənin xaricinə çıxmaq, qulu səhvlərə sürüyər. Bunun üçün hansı saleh əməlin, nə vaxt, necə, nə ölçüdə və nə şəkildə tətbiq ediləcəyini, sünnədən öyrənmək lazımdır.

k k k

Fudayl ibn İyaz Həzrətləri belə buyurmuşdur: "Əgər bir əməl ixlasla edilər, ancaq doğru olmazsa qəbul edilməz. Doğru olar, ancaq ixlaslı olmazsa, yenə qəbul edilməz. Ta ki, həm ixlaslı, həm də doğru olana qədər... İxlas, onun Allah üçün edilməsi, doğru olması da sünnə üzrə olmasıdır". Bu səbəbdən əməllərimizin Cənabı

Haqqın razılığına uyğun olmasını istəyiriksə, həm ürəyimizdəki niyyətin xalis olmasına, həm də o əməli sünnədəki tərifinə uyğun şəkildə ifa etməyə səy göstərməliyik.

Unudulmamalıdır ki, söhbətin ən böyük əlaməti itaətdir; sevilən uğrunda fədakarlıqdır. Sevən, sevdiyinə qəlbindəki məhəbbət səviyyəsində tabe olar. Əgər davranışların təməlində sevgi varsa, orada səmimiyyət, ixlas və bərəkət vardır. Əməllər də, söhbət zəmini üzərində icra edildiyində ülviləşər.

k k k

İmamı Əzəm Həzrətləri buyurur: "Ürək, zülmə meyl etdiyi zaman, zalımları sevər. Zalımları sevdiyində də onlardan olar. Ürək, Haqqa və Haqq əhlinə meyl etdiyi zaman onlarla dost olar. Bu vəziyyətə görə, söz və əməllərin həqiqəti ancaq qəlblə mümkün olar".

k k k

Dünyanın haqq və həqiqətdən uzaq olduğu, könüllərin üsyan, qəflət və cəhalət qaranlığında boğulduğu bir dövr olan cahiliyyə qarşısında əshabı-kiram, ürəkləri İslam ilə görüşdürərək hidayətlərə vəsilə ola bilmək üçün də Çinə, Səmərqəndə, Kayrəvana (Tunusun Kayrəvan vilayətinin 150.000 əhalisi olan mərkəzi və şəhəridir) getdi. Əsla uzaq demədi, çətin demədi, təhlükəli demədi, imkansız demədi… Yorulmadan, dayanmadan istədiklərinə çatdılar. Dünya, bu gün də bir cahiliyyə dövrü yaşayır. Yəni axirət narahatlığından uzaq bir dünya arzusu ilə yanır. Bu səbəbdən bu cahiliyyət qarşısında bizim ağır bir məsuliyyətimiz var.

k k k

Aləmlərə Rəhmət olaraq göndərilən Rəsul Əkrəmlə (s.ə.s.) birlikdə olmayan hər dövr, cahiliyyədir… Onunla birlikdə döyünməyən hər ürək dərin bir qəflətdədir…

Onu təqdir edə bilməyən hər vicdan, bədbəxtdir… Onun abı-həyat qətrələri olan həyat ölçülərinə hər zaman möhtacıq. Bu axır zamanda, hər keçən günə bir əvvəlki gündən daha çox möhtacıq…

k k k

Cənabı Haqq, Məkkədə iman və tövhid üçün hər məşəqqətə dözmələrindən, Mədinədə böyük bir fədakarlıq, comərdlik və hətta isar halı sərgiləyərək daim din qardaşlarının yaxşılığını ön planda tutmalarından və yer üzündə Haqqın şahidi olaraq yaşayıb İslamı yaşatma əzmlərindən ötəri əshabı-kiramdan razı olmuşdur. Yaxşı, bu xüsusiyyətlər, bizlərdə hansı səviyyədədir?

k k k

Mömin, özünü, fani ömrünün müddətinə görə deyil, axirətin sonsuzluğuna görə öyrətməlidir. Yəni təqva təhsilinə ehtiyac vardır. Bu təhsil də, Kitab və Sünnəni yaşaya bilmənin təhsilidir.

k k k

İman, bir işıq qaynağına bənzər. Eqoist və şeytani küləklər, bu işığı söndürmək üçün ömür boyu hər fürsətdə əsərlər. Bax, ibadətlər, bu mənfi küləklərə qarşı, iman işığını qoruyan bir tavan kimidir. Bu səbəbdən ibadətlər nə qədər xalis niyyətlə və məqbul bir keyfiyyətdə ifa edilsə, ürəkdəki imanın nuru da, o qədər qüvvətli və parlaq olar.

k k k

Əbül-Həsən əl-Buşənci deyir ki: "Bir kimsənin daxili, xaricindən daha qiymətli olsa, onun adına «vəli» deyilir. Bir kimsənin içi ilə xarici eyni dəyərdə olsa, onun adı da «alim»dir. Bir kimsənin xarici, içindən qiymətli olsa, buna da «cahil» damğası vurular".

k k k

Rəbbimiz, ürəklərimizə imanın vəcdini, könüllərimizə Quranın nurunu və Həbibinin sevgisini lütf etsin. Önümüzdəki mövlud şamını ümməti-Məhəmməd üçün bərəkət və rəhmət vəsiləsi etsin. Söz, hərəkət və davranışlarımızla Peyğəmbərimizə yaxınlaşaraq bu mübarək şamı gerçək mənada idrak edə bilməyi bizlərə nəsib etsin. Amin!..

Allah Rəsuluna olan qəlbən yaxınlığımız, cismani və əqli birliyimiz, nəhayət, məhəbbətimiz, əzabı ilahidən də qurtuluşumuza bir vəsilədir.


Osman Nuri Topbaş
Bu yazıya 1115 dəfə baxılıb.