Həyatı Yaşama Sənəti


Əlif Güldar
Bu yazıya 520 dəfə baxılıb.

 

      İki xanım bir-biri ilə söhbət edirdi. Biri digərinə həyatın gedişindən, çətinliklərindən və problemlərindən bəhs edir, digəri isə onu dinləyirdi. Xanım sözünü qurtardıqdan sonra o biri xanım sözə başladı və dedi ki, bunlar insan həyatında olan imtahanlardır. İnsan həyata baxışını dəyişdirdikdə yaşamaq daha asan bir hala gəlir. Peyğəmbərimiz (s.ə.s.) bir səfər əsnasında səhabələri ilə birlikdə ölmüş bir it görür. Səhabələri üzlərini çevirirlər. Peyğəmbərimiz (s.ə.s.) isə "nə gözəl dişləri var, inci kimidir ..."- deyə buyurur. Hər bir hadisədə yaxşı və gözəl tərəfi görmək həyatı mənalı edər.

      İnsan sürətlə qloballaşan dünyamızda həyatı layiqincə yaşaya bilmir. Həqiqətdə insan, həyatı bir sənət incəliyi ilə yaşamağı bacarmalıdır. Bunun üçün edəcək çox şey olmalıdır. İnsan problemlərini üst-üstə yığmamalı, lazımi insanlarla uyğun zaman və məkanda paylaşmalıdır. Başqalarına qarşı pis ifadələr istifadə etməməlidir. Başqalarını incidə biləcək tənqidlər etməməlidir. Başqalarının yerinə danışmamalıdır. Empatiya (özünü qarşındakının yerinə qoyma) qurmağı bacarmalıdır. Köhnə məsələləri açmamalıdır. Qarşısındakını dinləməyi bacarmalıdır. Heç bir zaman mən haqlıyam düşüncəsində olmamalıdır. Ailə fərdlərini və dostlarını başqaları ilə müqayisə etməməlidir .... Bu sıyahını istəsək daha da uzada bilərik, amma qısacası; həyatı bir sənət kimi yaşamalıyıq. Həyatımızı sənət və eşqlə yaşamağın ölçüsü isə Könül Təbibimizin ifadə etdiyi kimi "Həyatın bütün eniş-yoxuşları qarşısında doğru istiqamətdə olmaq" dır.

       Gözəl görüb, gözəl düşünmək bütün çətinliklərə, xəstəliklərə sanki şəfadır. Hadisələrə optimist bir dünya görüşü ilə baxmaq, bioloji baxımdan daha rahat və sağlam olmağımızı təmin edir. Beyninizin ifraz etdiyi bu hormonlar 40-50% daha faydalı olur. İnsan həyatdan daha çox zövq alır və həyat sevinci daha da artır.

      Bir günlük belə olsa xəyallarınızla yaşayın, ətrafınızdakı insanlara güvənin və ümid edin. Bunu sınamağınızda fayda var, ən azından heç bir şey itirməzsiniz ... Onda dünyanın daha rəngli, həyatın daha zövqlü, yaşamağa dəyər və gözəl olduğunu hiss edəcəksiniz.

     Unutmayın ki, ümid; ən ümidsiz, qaranlıq gecələrdə belə işığını sizdən əsirgəməz. Ən çətin anlarınızda belə itirməyin ümidinizi! ...

     Çünki ümid etmək yaşanmış bir həyatın ardında yaşamağa yenidən sarılmaqdır. Çünki ümid etmək çəkilən ağrıların, əziyyətlərin ardında yeni və gözəl bir günün gələcəyinə inanmaqdır! ...

     Unutmayın ki, insanın əlindəki ən böyük sərmayədir ümid. Bu dünyada ümidsiz yaşamaq mümkün olmaz, ümidsiz xəyal belə qurmaq mümkün olmaz.

     Kimə aid olduğunu bilmədiyim, amma çox sevdiyim aşağıdakı hekayəni sizinlə paylaşmaq istədim ...

 

Şamların Hekayəsi! ..

"Dörd şam yavaş-yavaş yanırdı ...

Ətraf o qədər səssiz idi ki, şamların danışdıqlarını eşitmək mümkün idi ...

Birinci şam dedi ki:

"Mən SÜLH-əm.! Amma kimsə mənim yanmağıma köməklik göstərmir. Deyəsən, tezliklə sönəcəyəm".

Alovu sürətlə azaldı və sonunda tamamilə söndü.

İkinci şam:

"Mən VƏFA-yam.! Çox təəssüf ki, artıq imtina edilməz deyiləm. Ona görə də bundan sonra yanmağımın bir mənası qalmayıb".

Sözlərini tamamladıqda əsən yüngül bir külək onu tamamilə söndürdü ...

Növbəsi gəldikdə, üçüncü şam, qəmgin bir səslə dedi:

"Mən SEVGİ-yəm! Yanmağa gücüm qalmayıb. İnsanlar məni unudub, dəyərimi anlamırlar. Ən yaxınlarını belə  sevməyi unudublar ".

Sevgi  də çox gözləmədən sönüb getdi ... Qəflətən ..!

Otağa bir uşaq girdi və üç şamın da yanmadığını gördü.

"Niyə yanmırsınız? Siz əbədiyyətə qədər yanmalı deyildinizmi? " dedi.

Və sonra ağlamağa başladı ...

O zaman dördüncü şam danışmağa başladı:

"Qorxma, mən yandığım müddətcə digər şamları da yenidən yandıra bilərsiniz, mən ÜMİD-əm!"

Uşaq parlayan gözləriylə ÜMİD şamını aldı və o biri şamları bir-bir yandırdı ...

ÜMİD işığı həyatımızdan heç əskik olmamalıdır ki, hamımız onunla birlikdə VƏFA-nı, SÜLH-ü və SEVGİ-ni yaşada bilək ... "

Özünüzü bir günlük də olsa xoşbəxt edin. İnciməyin heç kimdən, heç kimi də incitməyin. Hacı Bektaş Vəlinin sözünü yaddan çıxarmadan yaşayın "Sizi incitsələr də incitməyin". Küsməyin sizdən küssələr də. Bağışlayın, qürurunuzla oynayanları, kasıb olduğunuza görə sizi ələ salanları belə bağışlayın, bağışlamaq böyüklükdür. Düşmən olmaq asandır, əsas olan dost olmaqdır insana, heyvana, quşa, çiçəyə, suya ...

Həyat səfərində çox diqqətli olmalıyıq. Peyğəmbərimiz (s.ə.s.) buyurur: "Ey Aişə, kiçik görülən əməllərdən, ən kiçik günahlardan belə uzaq ol. Çünki Allah qatında onların ardınca düşən araşdıran və müşahidə edən bir mələk vardır" (İbni Macə).

    Allaha ibadət və günahlardan çəkindirməkdə hər kəs dostuna xəbərdarlıq etməli, ona məsuliyyət hissi qazandırmalıdır. Əsasən ailədə İslam insanı ola bilmək üçün dostlar bir-birinə xəbərdarlıq etmək, pislikdən çəkindirmək, yaxşılıq və gözəlliyə təşviq etmək məcburiyyətindədirlər. İbadətlərinə çox bağlı salehə bir qadının ərinə söylədyi ibrət dolu sözlər hər müsəlman ailə üçün nümunə olmalıdır:

-         Qalx artıq, nə vaxta qədər yatacaqsan, nə zamana qədər həyatını qəflətdə keçirəcəksən. Ruzini halal yoldan qazan. Mənə görə cəhənnəmə getmə, anana atana yaxşı davran. Yaxınlarını ziyarət et. Qohum-əqrabanla əlaqəni kəsmə. Əks halda Allah da səni xatırlamaz. Ağıllı müsəlman xanım ərinin könlünə girərək onu qul və mənəvi yolda insan olmağa istiqamətləndirməlidir. Bəzən ümidsizliyə düşən ərinə və ailə fərdlərinə daim ümid işığı olmalıdır.

Mahiyyəti nə olur olsun heç bir günah kiçik görülməməlidir. Allah qadın, kişi hər kim zərrə qədər yaxşılıq edibsə onu görür. İnsan Qurani-Kərimin yüklədiyi məsuliyyət duyğusuna görə həyatını yönləndirməlidir.

“- Hər kim zərrə qədər xeyir iş edibsə, onu görəcəkdir. Hər kim, zərrə qədər pis iş edibsə, onu da görəcəkdir" (Zilzal surəsi, 7-8).

Rəbbim! .. Bizlərə həyatın mənasını bilən, bizə bəxş etdiyin ömrü sənin razılığınla dolu-dolu yaşayan, əməl dəftərini həmişə xeyirli, gözəl əməllərlə dolduran qullarından olmağı  lütf et ....


Əlif Güldar
Bu yazıya 520 dəfə baxılıb.