Övladlarınızı Öldürməyin!


f.f.d. Qəmər Cavadlı
Bu yazıya 475 dəfə baxılıb.

 

Bu yazıda hələ dünyaya gəlməyən, özünü qorumaq və söz demək imkanı olmayan, müxtəlif texnoloji vasitələrlə ürək döyüntülərinə qulaq asdığımız ana bətnindəki canlıdan və onun həyatına son qoya biləcək bir əməldən - abortdan söhbət açacağıq. Çünki əksər insanlar dinin bu məsələ ilə bağlı münasibətini öyrənib qərar vermək istəyir və bununla da sanki özlərinə müəyyən təsəlli axtarırlar. Buna görə də mövzunun əhəmiyyətini nəzərə alaraq İslamın aborta baxışını araşdırmaq istərdik.

İslam nikahı təşviq etmiş, kişi ilə qadın arasında cinsi əlaqəni yalnız şəri kəbin daxilində qanuni saymış, övladı Allahın öz bəndələrinə bəxş etdiyi nemət hesab etmiş və bildirmişdir ki, övladı verən onun ruzisini də verəcəkdir: “Allah sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərdən sizə ruzi verdi..” (ən-Nəhl, 72); “Yoxsulluqdan qorxub (cahiliyyət dövründə olduğu kimi) övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk” (əl-İsra,31).

Lakin Qərb dünyası ilə əlaqələr genişləndikcə, qarşılıqlı mədəni və ideoloji təsirlər gücləndikcə, xüsusilə XX əsrin ikinci yarısından etibarən müsəlman xalqlarının ictimai şüurunda baş verən dəyişikliklər ailə, ər-arvad münasibətləri, uşaqların tərbiyəsi məsələləri ilə bağlı baxış və təsəvvürlərin müəyyən deformasiyaya uğramasına və ailə planlaşdırılması məfhumu altında dövrümüzün tibbi kabuslarından olan abort problematikasının yaranmasına gətirib çıxarmışdır.

İslamda bugünkü adı ilə “abort” termini olmayıb. Çünki həm bu sözün, həm də bu əməliyyatların icraat tarixi yenidir. Bununla bağlı mənbələrdə, əsasən “ana bətnində dünyaya gələcək körpə” mənasında “cənin”, yəni “döl” ifadəsi işlədilir. İslamın gəldiyi, İslamdan əvvəlki və günümüzə qədərki dövrdə hamiləlikdən qorunmağın sadə bir üsulu vardı ki, bu da spermanın mayalanmasının qarşısını almaq idi. Qurani-Kərimin nazil olduğu dövrdə və sonrakı mərhələlərdə hamiləliyin qarşısını almaq üçün bu üsuldan istifadə edilirdi. Bir sıra hədis mənbələrində səhabələrin məsələ ilə bağlı açıqlamalarına  da rast gəlmək olar.[1]

Azərbaycanda şərqşünaslıq elminin, eləcə də İslam mədəniyyətinin inkişafı və yayılmasında böyük xidmətləri olan görkəmli akademik və şərqşünas alim Vasim Məmmədəliyev də özünün “Quran və elm” kitabında abort məsələsinə toxunur və bu barədə maraqlı fikirlər qeyd edir: “İslam alimləri hamiləliyin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə etməyə müəyyən şərtlərlə icazə veriblər: 1. Həmin vasitə qadının və kişinin heç birinə zərər verməməlidir. 2. Həmin vasitənin mövcud olan körpəyə ziyanı olmamalıdır. 3. Həmin vasitə sonradan dünyaya gələcək uşağın həyatı üçün təhlükə yaratmamalıdır.

Əgər hamiləliyin qarşısını almaq üçün istifadə edilən dərman spermanın yumurta ilə mayalanmasının qarşısını alırsa, buna İslam alimləri icazə veriblər. Əgər həmin qəbul edilən dərman artıq mayalanmış hüceyrənin pozulmasına, ölməsinə və ya düşməsinə səbəb olarsa, bu, abort sayılır və halal deyildir. Həmçinin, İslam dini qadınların spermanın mayalanmasının qarşısını almaq üçün həkimlərin tövsiyə etdiyi spiraldan istifadə etməsini də yasaqlamır.

Abort isə ananın və ya başqasının maddi-mənəvi müdaxiləsi ilə dölün ana rəhmində, yaxud çölə çıxarılaraq öldürülməsidir. Döl hamiləliyin ilk günündən etibarən hamilə qadının bətnindəki uşaqdır. Müasir tibbin inkişafından əvvəl ibtidai üsullarla reallaşdırılan döl cinayəti günümüzdə daha müasir şəraitdə və texniki üsullarla həkimlər tərəfindən həyata keçirilir. Buna görə də günümüzdə insanlar Allahın haram buyurduğu canı zəif düşüncə və yersiz səbəblərdən haqsız yerə öldürərək böyük cinayətlərə və çirkin əməllərə bulaşırlar. Halbuki Allah-taala müqəddəs Qurani-Kərimdə buyurur: Allahın haram buyurduğu canı haqsız yerə öldürməyin![2]

Təəssüflər olsun ki, bəşər övladı özünün cinayət əməlləri üçün hər zaman bir bəhanə axtarmağa və bu cür cinayətləri qadın hüquqları, sağlamlıq, ailə planlaşdırılması, uşaq tərbiyəsi, rahat ailə həyatı kimi yersiz səbəblərlə ört-basdır etməyə çalışıb. Bu yerdə Həzrət Muhəmmədin (s) belə bir kəlamı yada düşür:

“Allahın sizə borc buyurduqlarını və Onun müəyyən etdiyi hüdudları yaddan çıxarmayın. Qadağan buyurulmuş əməlləri etməyin, barəsində müəyyən söz deyilməyən nizamı pozmayın. Bu, Allahın işidir. Bunu yaddan çıxarmayın və heç bir mühakimə yürütməyin…”.

Ərəb dilində döl kimi tərcümə etdiyimiz sözə hələ dünyaya gəlmədiyi, doğulana kimi ananın bətnində qaldığı üçün “cənin” deyilir. Bu söz Qurani-Kərimdə və hədislərdə qeyd olunur. Quranda döl rüşeym mənasında belə işlədilir: 

“....Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur...”.[3]

 

[1]Bax: Buxari, “Nikah”, 96; Müslim, “Nikah”, 136.

[2]“əl-İsra”, 33.

[3]“ən-Nəcm”, 32.


f.f.d. Qəmər Cavadlı
Bu yazıya 475 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.