Aləmlərə Rəhmətsən!


Mətanət Kərimova
Bu yazıya 618 dəfə baxılıb.

İnsanlığın qurtuluşu üçün göndərilən son və ən böyük peyğəmbər, bizim Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) 571-ci ildə Qəməri aylardan Rəbiül-əvvəl ayının 12-ci gecəsi doğulmuşdur. Bu mübarək gecəyə Mövlud Qəndili deyilir. 
Onun doğulduğu çağda dünyanın hər tərəfində cəhalət, zülm və əxlaqsızlıq baş alıb gedirdi. Allah inancı unudulmuş, insanlıq qorxunc və qaranlıq bir vəziyyətə düşmüş, dünya yaşanmaz hala gəlmişdi.
Onun doğulduğu gecə, insanlığın qurtuluşu üçün çox xeyirli və mübarək bir başlanğıcdır. O gecənin səhəri, həqiqətən də, feyzli bir sabahdır. İnsanlıq üçün yeni bir gün doğulmuş, işıqlı bir dövr açılmışdı. Bir fəzilət günəşi və hidayət məşəli olan sevimli Peyğəmbərimizin göndərilməsi, Uca Allahın bütün insanlara ən böyük nemətlərindən biridir. Bu barədə Qurani-Kərimdə belə buyurulmuşdur:
Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali İmran, 164)
Bu gecə, müsəlmanlar arasında əsrlərdən bəri böyük bir coşğu ilə qeyd edilir, Sevimli Peyğəmbərimiz dərin bir hörmət ilə xatırlanır. 
Peyğəmbərimizin doğum ildönümlərində oxunan mövludu hörmət ilə dinləmək, Onun mübarək ruhuna salat və salam oxumaq, heç şübhəsiz, böyük millətimizin Sevimli Peyğəmbərimizə olan sonsuz sevgi və bağlılığının bir ifadəsidir. Bununla birlikdə, Onun əxlaq və fəzilət dolu həyatını öyrənmək və özümüzə nümunə almaq əsas vəzifələrimizdəndir. Əsl o zaman Onun sevgisini və razılığını qazanmış olarıq.
O, aləmlərin Rəbbindən, "Aləmlərə rəhmət olaraq göndərildi". Əsirlərə sığmayacaq inqilabları bir neçə il içərisində reallaşdırdı. Övladlarını diri-diri torpağa basdıran atalar Ona və gətirdiyi prinsiplərə iman etdikdən sonra mükəmməlləşdilər, insanlıq, ədalət və mədəniyyət rəhbəri olacaq hala gəldilər. İnsanlar Onun tək əmri ilə, kökü yüzlərlə il dərində olan vərdişlərini buraxdı.
O, iyirminci əsr insanının bacara bilmədiyi haqqı, hüququ, ədaləti, azadlığı, demokratiya və insan hüquqlarını bir göz qırpımında həll etdi. Beləcə cəhalət əsri, səadət əsri oldu. Nəhayət, əsr, əsrlərə daşdı və günümüzə qədər gəlib çatdı.

İndi milyonlarla insan bu sözləri bir ağızdan oxuyur, həm də ürəyinin ən dibindən, ən gözəl dua kimi: "Canım fəda olsun..." Candan daha dəyərli nəyi var ki, sevənlərin…

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.

Məhəmməddən oldu məhəbbət hasil

Məhəmmədsiz məhəbbətdən nə hasil?

“Üsveyi-hasənə” olan Peyğəmbərimizin həyatı bizim üçün ən gözəl nümunədir. Onun uşaqlara olan sevgisi bir başqa idi. Bu sevgisini O, uşaqlara mütləq hiss etdirərdi. Səfərdən qayıdanda onlari belinə qaldırıb gəzdirər, əyləndirərdi.

Bir ata, həyat yoldaşı olaraq da  “Üsveyi-hasənə” idi. İkindi namazından sonra xanımlarını tək-tək ziyarət edər, vəziyyətləri ilə maraqlanardı. Onun hər bir xanımının təbiətinə uyğun davranmasına, yumşaq xitabına qibtə edirik.

Övladları üçün də bənzəri olmayan bir ata idi. Qızı Fatimə evlənib getsə də, 6 ay evlərinə gedib namaz üçün ona xəbərdarlıq edir, ziyarətə gəldikdə isə, onu ayaq üstü qarşılayıb əllərindən öpərdi. İnsan buna heyran qalmaya bilmir.

Ya Rəsulullah! Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?

Sənin adın yetər aşiqlərə. Adın dodaqlarda gül kimi açar, könüllərə, duyğulara bərəkət qaynağı olar. Səninlə eyni tarixi paylaşıb, eyni havanı ciyərimizə çəkə bilməməyin kədəri ruhumuzu bürüyüb. Amma bu sözlərinlə təsəlli tapırıq: “Qiyamət günü hər kəs öz sevdiklərinin yanında olacaq və Səndən sonra gəlib, üzünü görmədən Səni sevənlər Sənin qardaşlarındır”. Biz də bu müjdənin coşğusu ilə qollarımızı da, könlümüzü də açıla bildiyi qədər açaraq Allaha yalvarırıq:

- Ya Ərhəmərrahimin, bizim könlümüzü Allah sevgisi və Rəsulullah sevgisi ilə elə doldur ki, orada dünyaya zərrə qədər yer qalmasın. Bilirik ki, bir bəndənin Allahı sevə bilməsi Allahın o bəndəyə ən böyük lütfüdür. Bu lüftü əta buyur bizə, ey mərhəməti sonsuz olan uca Rəbbim!

Bütün müsəlmanların mövlud qəndilini təbrik edir, xeyirlərə vəsilə olmasını Uca Allahdan diləyirik!


Mətanət Kərimova
Bu yazıya 618 dəfə baxılıb.