Xanımlara Məxsus Hallar


Sevinc Vəkilova
Bu yazıya 592 dəfə baxılıb.

Qadınların yaradılışı fiziki baxımdan fərqlidir. Bəzi xüsusi hallar vardır ki, yalnız qadınlarda müşahidə olunur. Qadınlarda baş verən xüsusi hallar bir çox dini hökmlə əlaqəli olduğundan fiqh kitablarında əhəmiyyətlə ələ alınmış və detallı şəkildə araşdırılmışdır.

Elmihal dilində, qadınlara məxsus hallar deyilincə heyz (aybaşı), nifas və istihazə terminləri ilə ifadə edilən üç vəziyyət nəzərdə tutulur. Həddi-büluğ yaşına çatan bir qadının cinsi orqanından üç müxtəlif qan gəlir. Birincisi, müəyyən yaşlar arasında və müəyyən periyodlarla gələn aybaşı qanıdır. İkincisi, doğumdan sonra müəyyən bir müddət gələn nifas (zahılıq) qanıdır. Üçüncüsü isə, bu ikisi xaricində qalan və ümumiyyətlə, bir xəstəlikdən qaynaqlanan istihazə (üzr) qanıdır. Bu hallar təmizlik, namaz, oruc, Quran oxumaq, həcc, cinsi münasibət, boşanma kimi bir çox hökmlə əlaqəli olduğu üçün xanımlar bu halları yaxşı oxumalı və bilməlidirlər.

Heyz halı: Fiqh elmində, həddi-büluğ yaşına çatan sağlam qadının rəhmindən müəyyən günlərdə gələn qanı ifadə edir. Aybaşı halı, qadında döl yatağının (rəhm) iç üzünü örtən pərdənin, yumurtanın döllənməyib ölməsi və hormon ifrazatının kəsilməsindən sonra parçalanaraq qanla birlikdə çölə atılmasından ibarətdir. Aybaşı qanının kəsilməsi ilə qadının təmizlik dövrü başlayır. İki aybaşı qanı arasındakı müddətə də təmizlik müddəti deyilir. Döllənmə meydana gəldiyində isə yumurta rəhmin iç pərdəsinə yapışaraq inkişafa başlayır və aybaşı qanaması kəsilir. Hamilə qadının aybaşı halı görməməsinin səbəbi budur.

Tarix boyunca aybaşı qanaması bir çox cəmiyyətdə çox tərs şərh olunmuş, müxtəlif mədəniyyətlərin və səhv inancların təsiri ilə aybaşı halı görən qadın təmizlənincəyə qədər cəmiyyətdən uzaqlaşdırılmışdır. İslam dini bu səhvləri düzəltmiş, aybaşı görən qadını gündəlik həyatdan, xüsusi və ictimai əlaqələrdən uzaq tutmamış, aybaşı qanamasının fitri və təbii bir hal olduğunu ifadə etmiş, qadını ruhən və bədənlə narahat edən bu xüsusi vəziyyətdə ona qarşı çox normal davranılmasını, bu vəziyyətin onun gündəlik həyatına və bəşəri əlaqələrinə heç bir təsir etmədiyini bildirmişdir.

Aybaşı halı, İslam dinində bəzi ibadətlərin yerinə yetirilməsinə maneədir və bununla əlaqədar bəzi fiqhi hökmlər qoyulmuşdur. Qurani-Kərimdə, aybaşının çətinlik və narahatlıq halı olduğu, bu dövrdə qadınlarla cinsi münasibətdən uzaq dayanılması lazım olduğu (əl-Bəqərə 2/222), boşanmış qadınların üç aybaşı/təmizlik müddəti iddə gözləyəcəyi (əl-Bəqərə 2/228), aybaşıdan kəsilən və ya hələ aybaşı görməyən qadınların iddəsinin isə üç ay olduğu (Talaq 65/4) ifadə edilmişdir.

İstər başlanğıc və bitmə, istərsə minimum və maksimum müddəti baxımından aybaşı orqanizmə, ətraf və iqlim şərtlərinə bağlı olaraq qadından qadına fərqli ola bilər. Bununla yanaşı fiqh alimləri aybaşı halının günləri ilə əlaqəli bəzi qaydalar tərtib ediblər. Fəqihlərin əksəriyyətinə görə qadınlar 9 yaşından etibarən aybaşı görməyə başlayar və təxminən 50-55 yaşlarına çatdıqda kəsilərlər.

Bu günkü tibbi məlumatlar aybaşı qanamasının 11-13 yaşlarda başlayıb 45-50 yaşlarında sona çatdığını, aybaşı müddətinin də 3-6 gün ətrafında olduğunu ifadə etməkdədir. Bununla birlikdə fiziki, psixoloji vəziyyət və ətraf şərtlərinə bağlı olaraq qadınların aybaşı yaşı və müddəti fərqli ola bilər. Hənəfi məzhəbinə görə aybaşının ən az müddəti 3, ən uzun müddəti 10 gündür. İki aybaşı arasında qalan ən az təmizlik müddəti də 15 gündür.

Heyz halında olan qadının namaz qılmasının və oruc tutmasının caiz və səhih olmadığında, fəqihlər görüş birliyindədir. Aybaşı müddətində tərk edilən namazların qəza edilmədiyi, orucların isə təmizləndikdən sonra tutulacağı xüsuslarında da görüş birliyi vardır. Bu haqda Hz. Aişə (r.a.) belə demişdir “Biz Rəsulullahın dövründə aybaşı halı görürdük. Namazı qəza etmək əmr olunmadığı halda tutmadığımız orucları qəza etmək əmr olunurdu” (Buxari, Heyz, 19, 24, Vüdu, 63; Müslim, Heyz, 62).

Aybaşı halı görən bir qadın həcc ibadətini əda edərkən Kəbəni təvaf xaric həcclə əlaqəli bütün ibadətləri edə bilər. Həccin rüknü olan ziyarət təvafını etmək üçün təmizlənənə qədər gözləyər. Hz. Peyğəmər (s.ə.s.) həcc əsnasında heyz halı görən Aişəyə (r.a.) “Heyz gördüyün zaman, təmizlənənə qədər Beytullahı təvaf xaricində hacıların etdiyi digər həcc ibadətlərini et”.

Heyz halında olan qadının Quran oxuması, əlinə alması, məscidə girib orada qalması caiz deyil. Ehtiyac halında məscidə girə bilərlər, dua və zikr niyyəti ilə dua ayələrini oxuya bilərlər.

Heyz halında olan qadınla cinsi əlaqədə olmaq, ayədə də açıq ifadə olunduğu kimi (əl-Bəqərə 2/222) haramdır. Heyz halında olan qadınla cinsi əlaqənin qadağan edilməsi, qadının bədən və ruh sağlamlığı baxımından çox vacib tədbirdir. Bu dövr, qadınların hər cür gərginliyə, mikrob və xəstəliyə yoluxmağa açıq olduqları bir dövrdür.

Aybaşı müddəti sona çatan qadının ibadətləri əda edə bilməsi üçün qüsl alması fərzdir

Qadınların aybaşı dövrlərində bədənlə və ruhən həssaslıq qazandıqları, onlara qarşı ətrafındakıların daha anlayışlı davranması lazım olduğu açıqdır. Qadınlar aybaşı dövrlərində bədən təmizliyinə və sağlamlıq qaydalarına daha çox əhəmiyyət verməli və diqqət etməli, mümkünsə tez-tez duş qəbul etməli, ətrafındakı insanları narahat etməmək üçün lazımlı tədbirləri almalıdırlar.


Sevinc Vəkilova
Bu yazıya 592 dəfə baxılıb.