Akademik Zərifə Əliyeva


Bu yazıya 825 dəfə baxılıb.

Akademik Zərifə Əliyeva: “Elm – nurdur, lakin göz olmasa, nur da yoxdur”.

Bu dünyaya vida edib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır...

   Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1923-cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın gəlişi ilə yaddaqalan olmuşdu.

   1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Məqsəd tamamilə aydın idi. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış təhsilini hökmən bitirməli idi. Bakıda o, universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi olur. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışır.

   Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.

    1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.

   1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

   Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

   Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.

   Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir azca qəddi də əyildi, amma sınmadı. Yaşadı...

   Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü odlar yurdunun rifahı naminə fəda etdi. Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmədi. Lakin həmişə onun ruhunu yanında hiss etdi, ondan güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanımın kədərli baxışlarına bir sevinc bəxş etdi. Enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına qovuşdu. Bir-birlərinə qovuşduqları üçün sevindilər. Amma arxada gözü yaşlı milyonlarla insan qaldı...

 



Bu yazıya 825 dəfə baxılıb.