Dini informasiya dini t'bli]at deyil! -1


Bu yazıya 1231 dəfə baxılıb.

Kütləvi informasiya vasitələrində dini informasiyanın auditoriyaya ötürülməsində müstəsna xidmətlər jurnalist kadrlarına aiddir. Jurnalistin mövqeyi, avtoritar nüfuzu, məsələlərə liberal və əlaqələndirici münasibəti dini proqramların hazırlanmasında xüsusi rol oynayır. Belə kadrların yetişdirilməsi, təbii ki, müvafiq ali təhsil müəssisələrinin prioritetidir, lakin müəyyən subyektiv və obyektiv səbəblər üzündən jurnalistik kadrların hazırlanması prosesində dini informasiyanın hansı məqamlarına üstünlük verilməsi, hansı tendensiyaların mətbuatşünaslıqda qorunub saxlanılması və ya dəyişilərək yeniləri ilə əvəz edilməsi, dini təbliğata münasibətdə KİV nümayəndələrinin loyal və konstruktiv düşüncə tərzinə psixoloji cəhətdən hazır olması problemləri hələ də gündəmdədir.

            Bu aktual məsələdə başlıca problem jurnalist kadrlarının dini biliklərə yiyələnməsi prosesində elmi baxımdan düzgün və ideoloji baxımdan səmərəli istiqamətlərin təyin edilməsi ilə əlaqədardır. Dini dəyərlərin, özəlliklə İslamın ümumbəşəri mahiyyətinin dərk edilməsi və praktikada tətbiq edilməsi bu günə qədər mövcud olan bir sıra aspektlərin dəyişdirilməsini tələb edir ki, bu da ilk növbədə, dini dəyərlərin genezisinə və mahiyyətinə yeni baxışın yaranmasını zəruriləşdirir.

            Dini dəyərləri potensial şəkildə idarə etmək üçün mümkün vasitə və aspektlərdən istifadə oluna bilər. Lakin xüsusi diqqətdə saxlanılmalıdır ki, dini informasiya (maarifçilik, məlumatlandırma) – dini təbliğat deyildir, məqsəd və vəzifələrinə hər hansı bir dini, o cümlədən, İslam dinini təbliğ və təşviq etmək daxil ola bilməz. Doğrudur, KİV öz imkanlarından istifadə edərək istənilən təbliğatı apara bilir, lakin mövzu çərçivəsində aparılan tədqiqatlar və analizlərdən bəlli olur ki, təbliğatın funksional və disfunksional cəhətləri onun məqsəd və nəticələrini müvafiq şəkildə qaldırmağa və endirməyə qadirdir.

            Bunları nəzərə alaraq dini informasiyanın genezisinə tarixi, fəlsəfi, sosioloji, ideoloji və jurnalistik aspektlərdən yanaşılması, eyni zamanda, islami dəyərlərin və kateqoriyaların klassifikasiyası, ideya cərəyanlarının və təriqətlərarası münasibətlərin dinamikası, ayin və mərasimlərin icraat məziyyətləri, həmçinin Azərbaycanda din-dövlət münasibətlərinin hüquqi tənzimatı kimi mövzuların əlavə edilməsi tövsiyə olunur. Fikrimizcə, Respublikamızda jurnalistik kadrların hazırlanması prosesində dini bilikləri ehtiva edən bir fənnin tədris olunması hal-hazırda olduqca vacibdir. Bu zərurəti şərtləndirən cəhət qloballaşma dövründə İslam dövlətlərindən sayılan Azərbaycanın daxili və xarici siyasətini, ideoloji tendensiyalarını və siyasi perspektivlərini müəyyənləşdirilməsi ilə əlaqəlidir ki, bu da kütləvi informasiya vasitələrinin daimi mövzu arealıdır. Ona görə də İslam dəyərlərinin öyrənilməsi mövzusu bütün konseptual aspektləri ilə birlikdə aktual elmi və təcrübi problem kimi şərh olunmalıdır.

            Problemin araşdırılmasına ilk olaraq tarixi aspektdən başlasaq, məlum faktı təkrar etməli olacağıq: İslam Azərbaycana ərəb orduları ilə gəlmişdir. Lakin bac-xərac, torpaq, qul-kəniz niyyətində olan bütün başqa ordulardan fərqli olaraq ərəb orduları Azərbaycana müahidə (sülh sazişi) və dini təbliğlə daxil olmuşdur. “Qafqazda İslam fütuhatlarının tarixi bir çox başqa yerlərdə olduğu kimi daha çox siyasi müahidələr tarixini xatırladır. Hicrətin 18-ci ilində Azərbaycan əhli ilə, 21-ci ilində Muğanla, 22-ci ilində Şirvanla, 25-ci ilində Təbtiz, Talış, Arranla, 30-cu ilində Ermənistan əhli ilə və başqaları ilə sülh müahidələri imzalandı. Başqa şəhər və vilayətlərlə də buna bənzər müahidələr imzalanmışdı”.

            Qafqazda bir çox şəhər və vilayətlərdə belə müahidələr bağlanmışdı. Bu müahidələrə əsasən ərəblər təəhhüd götürürdülər ki, “əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək, atəşgədələrdən heç biri dağıdılmayacaq... Əhaliyə bayramlarda öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə onu etməyə mane olmayacaqlar”. Qafqazda İslam fütuhatının ümumi hərbi-siyasi gedişatı belə idi: keçmiş tarixçilər tərəfindən belə öyrənilmiş və indi də belə təqiq olunur. Ancaq aydındır ki, məlumatların dəqiqliyinə baxmayaraq təkcə tədqiqatın hərbi-siyasi səpgisi mürəkkəb tarixi hadisələri olduğu kimi təsvir etmək üçün kifayət deyildir; daha doğrusu hadisələrin yalnız hərbi-siyasi baxımdan araşdırılması İslamın bizim ərazidə təbliğ və yayılması səbəblərini doğru-düzgün müəyyənləşdirməyə bir o qədər də imkan vermir.

            Şübhə yoxdur ki, İslam fütuhatlarının uğurla nəticələnməsinə və İslamın sürətlə yayılmasına kömək edən əsas amil – din və iman amili olmuşdur. İslamın yayılmasını çox mühüm, özlüyündə bütöv bir dövrü təşkil edən tarixi hadisə kimi qiymətləndirən Şeyxülislam Allahşükür Paşazadə onun mahiyyətini, başlıca səciyyəvi cəhətini “fikir hadisəsi” olmasında görür. Həqiqətən, İslam fütuhatlarına çevikliyi və qətiyyəti, İslamın yayılmasına sürəti din və iman amili vermişdir. Fateh ərəblərin qəlblərindəki inamın gücü, onların döyüşkənliyi, fədakarlığı fütuhatların uğurla nəticələnməsində və İslamın sürətlə yayılmasında mühüm rol oynamışdır.

            Din amili ilə bağlı daha bir cəhət də İslamın İbrahim hənifiliyi vasitəsilə özündən əvvəlki dinlərlə bağlılığında göstərirdi. İslamın bir çox əqidə ehkamları yəhudi və xristianlar üçün kifayət qədər anlaşıqlı idi. Hətta sabiilər və zərdüştilər də İslamın əsas müddəalarını başa düşməkdə çətinlik çəkmirdilər. Ərəblər fəth etdikləri ərazilərdə öz siyasətlərini sosial-siyasi şəraitdə münasib şəkildə qururdular. Onların istifadə etdikləri şüarlar təsirli və cəlbedici idi: “Dində məcburiyyət yoxdur”, “Müharibə yalnız sülhü rədd edənlərə qarşı aparılır”. Onlar hansı şəhərə daxil olurdularsa, o şəhərin əhalisinə aman verir, onların canlarını, mallarını, şəxsi və dini azadlıqlarını himayə edirdilər.

            İslam bütün mümkün yollarla təbliğ edilirdi. Əvvələn, qeyri-müsəlmanlara təbliğ edilən və normasına görə zəkatdan təxminən 10 dəfə artıq olan cizyə vergisindən azad olmaq istəyi insanların İslama gəlmə marağını artırırdı. Bundan başqa əqidə sahəsində bəzi məhdudiyyətlər, məsələn, fəth olunmuş ərazilərdə kilsə, sinaqoq, atəşgədə tikintisinin heç də həmişə rəğbətlə qarşılanmaması, bəzi məbədlərin məscidlərə çevrilməsi də İslamın yayılmasına kömək edən amillərdən sayılmalıdır.           

 



Bu yazıya 1231 dəfə baxılıb.