Vitamin Xəzinəsi - Kələm


Kəmalə Hüseynova
Bu yazıya 944 dəfə baxılıb.

Kələm ən faydalı tərəvəzlərdən biridir. Kələm C vitamini ilə zəngindir. Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrində olandan da çoxdur. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştahı artırır. C vitamini həmçinin təbii antioksidantdır. O, orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.

   Bundan əlavə kələmdə nadir tapılan U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə və 12 barmaq bağırsağı xorası və eroziyaları olan insanlar üçün çox xeyirlidir.

   Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod  kimi mineral maddələrlə zəngindir.

   Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Kələm bağırsaqlara "süpürgə" kimi təsir edir, bağırsaqları yaxşı təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Lakin çoxlu miqdarda qəbul etdikdə, kələm köpə, qarın ağrılarına səbəb ola bilər.

   Kələm orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. Kələm yodla xüsusilə zəngindir. Bu mikroelement beyinin və qalxanvari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.

  Kələmi çiy vəziyyətdə müxtəlif salatların tərkibində qəbul edin. Belə salatlar əsl vitamin mənbəyidir. Məsələn, belə dadlı və faydalı salat hazırlamaq olar:

200 qr. kələm,

1 dənə turş alma,

2 dənə kök,

3-4 dənə qara qavalı qurusu və  cəfəri xırda doğranılır, üzərinə 1/2 limon şirəsi və 1 xörək qaşığı zeytun yağı əlavə olunur və yaxşı qarışdırılır. Qəbul etdikdən əvvəl salatı yarım saat ərzində soyuducuda saxlayın.

  Kələm müxtəlif dəri xəstəlikləri, artrit, podaqra zamanı köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.

   Kələm kosmetologiyada da geniş istifadə olunur. Kələm üz dərisinə çox müsbət təsir edir - dərini cavanlaşdırır, ağardır, daha elastik edir. Çox sadə üz maskası:

Təzə kələm yarpağını barmaqlarınızla bir qədər əzin və sonra təmiz üz dərisinə qoyun. 15 dəqiqədən sonra yarpağı götürün.

   Digər cavanlaşdırıcı maska resepti:

 Kələmi blenderdə əzin, 1 xörək qaşığı xama, 1 çay qaşığı təbii ərik yağı əlavə edin, yaxşı qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.

   Bundan başqa kələmin bir çox növləri də var: pekin kələmi, gül kələm, ağbaş kələm, brüssel kələmi, brokoli kələmi, qırmızıbaş kələm. Bu növlər də yuxarıda sadaladığımız kimi vitamin və minerallarla zəngindir. Məsələn, brüssel kələmi lif, dəmir, fosfor, kalium, vitamin C, B qrup  vitaminləri, pro-vitamin A-dan ibarətdir. Gələcəyin analarına fol turşusunun mənbəyi olan brüssel kələmini öz qida rejiminə əlavə etmək məsləhət görülür. Bu, sinir sisteminin düzgün formalaşması və doğum qüsurlarının riskini azaltmaq üçün vacibdir. Vitamin C-nin əla mənbəyi, əsas antioksidant kimi, brüssel kələmi anaya al üz rəngini və üz dərisinin gözəlliyini saxlamaqda kömək edir. Onun lif tərkibi,  adətən, hamilə qadınların üzləşdiyi qəbzlik probleminin qarşısını alır. Həmçinin gül kələminin tərkibi limonla müqayisədə C vitamin ilə daha zəngindir. Bu səbəblə gül kələmi immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara qarşı davamlılığını artırır, orqanizmdə gedən qocalma proseslərini ləngidir. Təəssüf ki, bu faydalı tərəvəz bizdə geniş istifadə olunmur.  

  Son olaraq isə sizə sadə kələm turşusu reseptini təqdim edirik.

   İstifadə edəcəyimiz ərzaqlar:

·         2 kq bərk ağ kələm

·         500 qr. kök

·         2-3 ədəd alma

·         5-7 ədəd dəfnə yarpağı

·         1-2 ədəd qırmızı acı bibər

·         1 ç.q şüyüd toxumu

·         500 qr iri duz (qaya duzu olarsa daha faydalıdır)

 

Kələm üst yarpağından təmizlənir və dörd yerə kəsilir, kök yuyulub təmizlənir. Enli ləyənin və ya qazanın dibinə kələm yarpaqları, dəfnə yarpaqları acı bibər və şüyüd toxumları qoyulur. Kök iri sürtgəcdən keçirilir. Kələm xırda-xırda doğranılır. Doğranmış kələmə kök qatılır, duz, şüyüd toxumları əlavə edilib azacıq əzərək qarışdırılır. Köklə qarışdırılmış kələmi hissə-hissə digər boşqaba əlavə edib yüngülcə əzmək lazımdır. Alınan məhlulun ortasına dəfnə yarpağı, bibər, şüyüd toxumları və yarı bölünmüş almalar əlavə edilir.  Kələmin üzərinə təmiz, enli boşqab qoyulur, onunda üzərinə ağır bir şey qoyuruq. Bir müddətdən sonra kələmin şirəsi çıxacaq və bir sutkadan sonra isə qıcqırma prosesi başlayaraq turşunun üzərinə köpüklər çıxacaq. Qazları çıxarmaq üçün kələmi daimi deşmək lazım gələcək (yaxşı olarki taxta çubuqla). Və 3 gündən sonra turşu hazır olacaq. Kələm bankalara doldurulub soyuq yerdə saxlanmalıdır.


Kəmalə Hüseynova
Bu yazıya 944 dəfə baxılıb.