Könül İqlimindən İncilər


Osman Nuri Topbaş
Bu yazıya 374 dəfə baxılıb.

Könül İqlimindən İncilər

Elmin həqiqəti, Haqqın razılığı yönündə yaşanması ilə meydana çıxır. Çünki yaşanmayan bir elm, ayəyi-kərimədə də buyurulduğu kimi, "kitab yüklü uzunqulaq", mənasız bir hamballıqdan başqa bir şey deyil. Bu səbəbdən elm, adamı Haqqa, həqiqətə, təqvaya sövq edirsə, mədəniyyətə çevrilərək saleh əməllərin işlənməsinə vəsilə olursa elmdir. Yoxsa İblis də, Harun da elm sahibi idi. Lakin onlar, elmi, mənliklərini sərgiləməyin vasitəsi etdilər, bunun nəticəsində də dəhşətli bir qürur və kibir bataqlığına süründülər.

Şeyx Sədi Həzrətləri nə gözəl buyurur:

"Nə qədər oxuyursan oxu, nə qədər elm öyrənirsən öyrən, elminə uyğun davranmazsan (yəni təqva həyatın yoxdursa), deməli, cahilsən".

"Üzərinə bir neçə kitab yüklənməklə, uzunqulaq alim olarmı? O beyinsiz, kürəyindəkinin odunmu, yoxsa kitabmı olduğunu belə fərq edə bilməz".

Həzrət Osman buyurur:

"Dörd şey vardır ki, zahiri fəzilət, daxili isə fərzdır:

1. Salehlərlə oturub-durmaq fəzilət, onlara uymaq fərzdir.

2. Quran oxumaq fəzilət, onunla əməl etmək fərzdir.

3. Qəbirləri ziyarət etmək fəzilət, ona hazırlanmaq fərzdir.

4. Xəstəni ziyarət etmək fəzilət, ondan ibrət almaq isə fərzdir" (İbni Həcər, Münəbbihat, s. 14).

Cənab Haqq ayəyi-kərimədə;

"…Qulları içindən ancaq alimlər, Allahdan (lazımınca) qorxar…" (Fatır, 28) buyurur.

 

Yəni gerçək bir alimdə əvvəlcə, "təqva, Allah qorxusu" şərtdir. Cənab Haqq, ancaq belə bir quluna "alim" deyir. Yoxsa Allahdan qorxmadan, Rəsulundan utanmadan, öz nöqsanlı ağıllarını yeganə həqiqət ölçüsü zənn edib, dini onun süzgəcindən keçirərək, ağlına batanı alan, batmayanı atan qafillərə deyil!..

Həzrət Əbul-Həsən Hərəkani belə buyurur:

"İki adamın dində çıxardığı fitnəni şeytan belə çıxara bilməz:

1. Təqvadan uzaq, dünya ehtirasına qapılmış alim.

2. Elmdən məhrum xam sofu".

Təqvadan uzaq bir dini təhsil, ilahi həqiqətləri belə eqoist qayğılarla qiymətləndirən, "din alimi" etiketli "din təxribçiləri"nin ortaya çıxmasına şərait yaradar. Bunlar da sərvət, şəhvət və şöhrət kimi eqoist ehtiraslara tamah edərək verdikləri fətvalarda "Kitab və Sünnəyə uyğunluq" dərəcəsinə diqqət yetirmədən "kitabına uydurma" məqamlar əlavə edərlər. Yəni ayəyi-kərimədə ifadə olunduğu kimi, “Allahın ayələrini az bir dünyalığa dəyişirlər. Halbuki etdikləri bu alış-veriş necə də pisdir” (Bax. Ali İmran, 187). Bu səbəblə bir alimdə elm var, lakin əməl və təqva yoxdursa, aqibəti yamandır.

Quran və Sünnənin işığında qəlbən yüksəlməmiş bir insan, -nə qədər elmli olursa olsun- xam qalmağa məhkumdur. O, bu xamlığıyla elm-təhsil alıb, məsələn, bir həkim olsa, insanların şəfa tapmasına vəsilə olmaq yerinə, orqan qaçaqçılığı edən bir insan qəssabı olar. Bir hüquqşünas olsa, ədaləti müdafiə etmək yerinə, bir cinayət şəbəkəsinin lideri və ya zalım bir cəllada çevrilər. Çünki ehtiraslarının əsiri olan xam bir nəfs, sahib olduğu elmi, daim çirkin mənfəətlərinə alət edər.

Gözümüzün önündə olan Suriya bunun aşkar bir misalıdır. Yəni ordakı zülmləri yaşadanlar da al-dıqları elmlə bunları edirlər. Təqvadan məhrum bir elm, insanı belə zalımlaşdırır. Yəni elm, iki

uclu bıçaq kimidir. Əgər təqvalı bir qəlbdə yaşıllaşsa, qulu Allaha yaxınlaşdırar, əks halda adamı zülmə sövq edər və beləcə sahibini cəhənnəm yolçusu edər.

Həzrət Əli (r.a) buyurur:

"Dörd şey davam etdiyi müddətdə din və dünyada hüzur və salamatlıq olacaq:

1. Zənginlər, özlərinə verilən mal ilə xəsislik etmədikcə.

2. Alimlər, öyrəndikləri və bildikləri elmlə əməl etdikcə.

4. Kasıblar, axirətlərini dünyaları üçün satmadıqları müddətdə".

Sədi Şirazi buyurur:

"İki adam boş yerə zəhmət çəkir. Birincisi qazanıb xərcləməyən, ikincisi də elm öyrənən, ancaq onunla əməl etməyən".

Əbu Hüreyrə (r.a.) belə buyurur:

"Darda qalan bir adam Peyğəmbərin yanına gəlir. Fəxri Kainat, əshabı-kiramı o şəxsə kömək etmələri üçün təşviq edir. Səhabədən biri:

«Mənim yanımda bu qədər mal var!» dedi və gətirib verdi. Camaatdan o adama kömək etməyən kimsə qalmadı, hər kəs az və ya çox da olsa yardım etdi. Bundan sonra Peyğəmbərimiz belə buyurdu:

«Kim bir xeyiri başladar və başqaları da onu davam etdirsə, o kimsə etdiyi xeyirin savabını əskiksiz alar və o xeyiri izləyənlərin savabının bir misli də özünə verilər. Lakin onların əcrlərindən heç bir şey azalmaz.

Kim də pis bir cığır açar və bu cığırdan başqaları da gedərsə, bu adama, o pis işin günahı əskiksiz verilər; həmçinin başlatdığı pis yoldan gedənlərin günahının bir misli də yazılar. Lakin onların günahlarından da heç bir şey azalmaz» (İbni Macə, Müqəddimə, 14).

Şeyx Sədi nə gözəl buyurmuşdur:

"Cənab Haqq əvvəl qulunun könlünə istək və sevgi verər, sonra da o qul, başını Allahın yoluna qoyaraq ibadətə başlayar. Uca Allah yaxşılıq etmək xüsusunda quluna müvəffəqiyyət ehsan etməsə, o qul heç kimə bir yaxşılıq edə bilməz.

 

Dil danışır və Allahı təsdiq edir. Lakin sən dilə baxma, ona bu qüdrəti verənə bax. Gözlərin, yerə və göyə açılmış mərifət qapılarıdır. Allah lütf edib üzünə bu qapıları açmasaydı, enişi-yoxuşu haradan biləcəkdin?

Cənab Haqq qulunu yoxdan var etdi. Ürəyinə comərdlik, başına da səcdə qabiliyyəti verdi. Əks təqdirdə nə ürək comərdlik, nə baş səcdə edə bilərdi.

Çox xeyir işlədim deyə öyünmə. Yaxşı bax! Hansı xeyirə müvəffəq oldunsa uğur ilahi ilədir. Bağbanın padşaha təqdim etdiyi meyvə, elə padşahın bağçasındandır".

Bir möminin ən xeyirli günü, dünənindən üstün olandır. O halda hər gün əvvəlki günə görə daha

çox axirət azuqəsi əldə etmək üçün günlərimizi bərəkətləndirməliyik. Bizdən əvvəlkilər keçdi, getdi; bizlər də bir müddət sonra onların karvanına qovuşacağıq. Yatar kimi öləcək, oyanar kimi diriləcəyik.

Ayəyi-kərimədə belə buyurulur:

"Kitabı (Tövratı) oxuduğunuz halda, özünüzü unudub insanlara yaxşılığımı əmr edirsiniz? (Etdiyiniz işin pisliyini) düşünmürsünüz?" (əl-Bəqərə, 44)

Rəsulullah (s.ə.s.) də, bu barədə belə buyurur:

"Qiyamət günü bir adam gətirilərək, cəhənnəmə atılar. (Atəşin hərarətiylə) qarnında olan bütün möhtəviyat (bağırsaqlar, böyrəklər və s.) çölə çıxar. Bu adam eşşəyin dəyirman ətrafında döndüyü kimi dönməyə başlayar. Cəhənnəm əhli toplanaraq:

«Ey filan, sənə nə olur? Sən bizə yaxşılıqları əmr edib pisliklərdən uzaq olmağımızı demirdin?» deyərlər.

Adam belə cavab verər:

«Bəli, mən sizə yaxşılığı əmr edərdim, lakin özüm etməzdim. Sizi pisliklərdən çəkindirərdim, ancaq onları özüm edərdim» (Müslim, Zühd, 51/2989).

Yenə Şeyx Sədi belə buyurur:

"Pislik etdinsə, yaxşılıq axtarma. Hər ağacdan üzüm gözləmə. Payızda arpa əkən kimsə məhsul biçmə zamanı buğda əldə edə bilməz. Zəqqum ağacını canınla bəsləsən ondan meyvə ala bilməzsən. Əbu Cahil qarpızı xurma verməz. Nə əksən onun meyvəsini gözlə".

"Yaxşılıq toxumunu əkən məhsul zamanı xırmanını muradı ilə qarşılayar. Pis isə, belə bir adamın yaxşılıqla qarşılaşdığını mən ömrüm boyunca heç eşitmədim".

Cənab Haqq, yaşadığımız hikmətlər məktəbindən lazımlı dərsləri ala bilməyi və götürdüyümüz dərsləri hal və davranışlarımıza əks etdirməyi cümləmizə nəsib və nail etsin!


Osman Nuri Topbaş
Bu yazıya 374 dəfə baxılıb.