"Diqqətli ol, kristallar qırılmasın!"


Fatimə Zəhra
Bu yazıya 706 dəfə baxılıb.

“DİQQƏTLİ OL, KRİSTALLAR QIRILMASIN!”

Cahiliyyə dövründə qadınlar xanımlıq şərəfini təhqir edən, insanlığa sığmayan bir davranışlar sərgiləyirdilər. Gələcəkdə əxlaqsız biri olmasınlar deyə qız uşaqları, mərhəmətsizcə diri-diri torpağa basdırılırdı. Qadın və qızlar, bir əyləncə vasitəsi kimi görülərək təhqir edilirdi.

Məhz Rəsulullah (sallallahu əleyhi və səlləm) belə bir cəmiyyət içində, Cənabı-Haqqın əmr və təlimatları istiqamətində bir "xanımlar hüququ" təsis etdi. Qadın, cəmiyyətdə iffət və fəzilətin bir timsalı oldu. Ana adı, şərəf qazandı.

"Cənnət anaların ayaqları altındadır!" (Nəsai, Cihad, 6; Əhməd, III, 429; Süyuti, I, 125.) hədisi-şərifi ilə də qadın, layiq olduğu dəyərə qovuşdu.

Yenə Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurdu:

"İki zəif kimsənin, yəni yetimlə qadının haqqını zay etməkdən hər kəsi şiddətlə çəkindirirəm" (İbn-i Macə, Ədəb, 6).

"Bir mömin, xanımına nifrət etməsin. Onun bir xasiyyətini bəyənməzsə, bir başqa xasiyyətini bəyənər" (Müslim, Rada, 61).

Çünki həqiqətdə qadın, nifrətə layiq bir tikan deyil, eşq və məhəbbətə layiq bir gülüstandır. Ona dair sevgi də şəxsən Allah tərəfindən bəxş edilmişdir. Necə ki, Rəsulullah (sallallahu əleyhi və səlləm) bu barədə də belə buyurmuşdur:

"Mənə dünyanızdan, (salehə) qadın və gözəl qoxu sevdirildi; namaz da gözümün nuru qılındı" (Nəsai, İşrətün-Nisa, 10; Əhməd, III, 128, 199).

Bu nəbəvi bəyan, salehə qadının Haqq qatındakı ülvi mövqeyini göstərir. Yəni salehə qadını Cənabı-Haqq sevmiş, Rəsuluna da sevdirmişdir. Bu səbəblə qadının Həzrəti Peyğəmbərə sevdirilməsi xüsusu, qəflət gözü ilə dəyərləndirilməməlidir. Çünki Həzrəti Peyğəmbərmizin (sallallahu aleyhi və səlləm) evliliklərinin heç birində nəfsani bir təmayül və düşkünlük görmək mümkün deyil. O heç bir qıza gəncliyində də göz qoymamış və özü ilə evlənmək istəyən 40 yaşında, uşaqlı, dul bir xanım olan Həzrəti Xədicə ilə ailə qurmuş, ömrünün ən gözəl illərini onunla yaşamışdır. Ondan sonrakı evlilikləri, yaşlılıq zamanlarında olub. (54 yaşından sonra.) Bunların heç biri öz arzusuyla deyil, tamamilə ilahi əmrlə reallaşmışdır. Üstəlik bu evliliklərə məzhər olan analarımızın çoxu yaşlı, uşaqlı və çarəsiz kəslərdir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu evlilikləri vəsiləsi ilə bir çox qövm və qəbilə ilə qohumluq əlaqəsi təsis

edilərək İslamın yayılması sürətlənmiş, həmçinin dinin xanımlara daha asan öyrədilməsi təmin edilmişdir.

Bu sevgi, Cənabı-Haqqın fitrətə qoyduğu və ancaq ilahi sevgiyə boyun əymiş bir məhəbbət pilləsidir. Bu, əsla qadına qarşı bayağı bir düşkünlük deyil, əksinə onlara haqq etdikləri ülvi dəyəri verməkdir. İnsanlıq tarixində qadın, belə yüksək bir qiymətə ancaq İslamın uca iqlimində nail ola bilmişdir. İslamdan başqa qadına dəyər verdiyini iddia edən bütün sistemlər, ona yalnız bir vitrin vəsaiti olaraq qiymət verib, arxa planda isə qadını ancaq iqtisadi və nəfsani bir varlıq kimi əzərək, istifadə edirlər. Beləliklə, indiki vaxtda da qadına baxış, İslamın ülvi zəminində ələ alınmalı və gerçək məcrasına oturdulmalıdır.

Qadın və kişi, ilk yaradıldığı andan etibarən bir-birini tamamlayan iki sonsuz aləmdir. Ancaq burada qadına Haqq tərəfindən daha təsirli bir rol verilmişdir. Belə ki, cəmiyyətləri bərbad edən də, abad edən də qadındır. Beləliklə, İslam nəzərində cəmiyyəti abad edən qadını yetişdirmək uca bir ideal olmuş və hədisi-şərifdə belə buyrulmuşdur:

"Hər kim üç qız uşağını və ya bacılarını himayə edib böyüdər, ən gözəl şəkildə tərbiyə edər, evləndirər və onlara lütf və yaxşılıqlarını davam etdirsə, o kimsə cənnətlikdir" (Əbu Davud, Ədəb, 120-121 / 5147; Tirmizi, Birr, 13/1912 ; Əhməd, III, 97).

Bir başqa hədisi-şərifdə də Həzrəti Peyğəmbər:

"Hər kim, iki qız uşağını yetkinlik çağına gələnə qədər böyüdüb tərbiyə edərsə, qiyamət günü o kimsəylə mən, belə yan-yana olacağıq". Buyurmuş və şəhadət barmağı ilə orta barmağını bitişdirmişdir (Müslim, Birr, 149; Tirmizi, Birr, 13/1914).

Sonra da salehə olaraq yetişən bir qadının qiymətini belə vurğulamışdır:

"Dünya, müvəqqəti bir faydadan ibarətdir. Onun fayda təmin edən ən xeyirli varlığı; dindar, salehə bir qadındır" (Müslim, Rada, 64; Nəsai, Nikah, 15; İbn Macə, Nikah, 5).

Qadınlara yaxşı davranmanın əhəmiyyətini vurğulamaq üzrə də belə buyurmuşdur:

"Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən yaxşı olanıdır. Sizin ən xeyirliniz də, qadınlarına qarşı ən xeyirli olanlarınızdır" (Tirmizi, Rada, 11/1162).

Həzrəti Aişə (radıyallahu anhə) anamız:

"Rəsulullah (sallallahu əleyhi və səlləm), xanımları ilə baş-başa qalınca insanların ən yumşağı və ən gülərüzlüsü olardı", demişdir (Əli əl-Müttəqi, Kənz, VII, 222).

Rəsulullah (sallallahu əleyhi və səlləm), möhtərəm anasına, süd anaları Süveybə və Həliməyə, baxıcısı Ümmü Eymənə, süd qardaşı Şeymaya, Əbu Talibin xanımına, öz

xanımlarına, qızlarına, qohumlarına və İslama ilk girən fədakar xanımlara qarşı ömür boyu böyük bir məhəbbət və vəfakarlıq nümunəsi göstərmişdir. Necə ki, qaynaqlarımız bunun ən gözəl misalları ilə doludur.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm), yalnız öz qohumları ilə deyil, bütün qadınlarla ən gözəl şəkildə rəftar etmiş, haqqlarını qorumuş, problemləri ilə maraqlanmış, ümmətinə də belə davranmalarını əmr etmişdir.

Necə ki, bir səyahətdə Encəşə adlı bir xidmətçi, nəğməli şeirlər oxuyaraq dəvələri sürətləndirmişdi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), sürətlənən dəvələrin üstündəki xanımların narahat olma ehtimalını, bu zərif sözü ilə ifadə edir:

"Ey Encəşə! Diqqətli ol, kristallar qırılmasın!" (Buxari, Ədəb, 95; Əhməd, III, 117)

Belə olduğu halda qadını yalnız bir zövq vasitəsi olaraq görmək, onu nəfsani arzu və həvəslərin ünsürü kimi qəbul etmək və onun yalnız cismani xüsusiyyəti ilə əlaqədar olmaq, böyük bir səfalətdir. Allahın qadına verdiyi yüksək xüsusiyyətlərə qarşı korluqdur. İndiki vaxtda qadının bir reklam vasitəsi olaraq istismar edilməsi, onun şərəfi etibarilə nə qədər pis və qürur alçaldıcı bir vəziyyətdir.

Halbuki qadın, cəmiyyətin gerçək memarı olaraq yetişdirilməlidir. O, fatehlər böyüdən bir səmavi qucaq olmalıdır. Bizləri bir müddət bətnində, sonra qollarında, ölənə qədər də ürəklərində daşıyan belə gerçək analara sevgi və hörmət xüsusunda, onlara bərabər olacaq başqa bir varlıq yaradılmamışdır. Özünü ailəsinə həsr edən vəfalı ana, sonsuz bir sevgiyə, böyük bir hörmətə, ömürlük bir təşəkkürə layiqdir.

Fatıma Zehra

 

Bu yazı Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır


Fatimə Zəhra
Bu yazıya 706 dəfə baxılıb.