İnsanlığı dirildin!


f.f.d. Qəmər Cavadlı
Bu yazıya 571 dəfə baxılıb.

 

Qurani-Kərimdə və Rəsulullahın (s.ə.s.) hədislərində dölün qəsdən öldürülməsi ilə bağlı ayrıca açıqlama yoxdur. Bu isə həmin dövrdə dölün öldürülməsi kimi icraatın olmaması ilə bağlı ola bilər. Hicri tarixi birinci əsrinin axırlarından etibarən dölün qəsdən və ya bilməyərək öldürülməsinə toxunulsa da, dörd əsrdən sonra doğuşun qarşısını almaq üçün ana bətnindəki körpənin müəyyən bir müddət ərzində məhv edilməsinin halal olub-olmaması müzakirələri başlayıb. Uca Allah Qurani-Kərimdə “qız uşaqlarının diri-diri torpağa basdırılaraq öldürülməsi” cinayətinə açıq şəkildə, dölün ana bətnində öldürülməsi hadisəsinə isə ümumi qaydalarla toxunub:

“Diri-diri torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?” - deyə soruşulacağı zaman...” (Təkvir surəsi, 8-9).

Xüsusilə də “haqsız yerə insanın öldürülməsi”ni qadağan edən ayələrə dölün öldürülməsi də daxildir:

“...hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və Yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur...” (əl-Maidə”, 32).

Başqa bir ayədə Allah Peyğəmbərinə (s) qadınlardan beyət alarkən övladlarını öldürməmələri haqqında da söz vermələrini əmr edir:

“Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri ... barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (əl-Mumtəhinə, 12).

Ayədəki “övladlarını öldürməyəcəkləri” əmrinə ana bətnindəki döl də daxildir. Çünki ilk gündən etibarən mayalanmış həmin hüceyrə artıq canlıdır. Hətta İslam dini dölü dünyaya gəlməmişdən əvvəl canlı hesab etdiyi kimi, varis olaraq ona yaxınlarının mirasından da pay ayırır.

Həzrət Peyğəmbərin (s.ə.s.) insanın yaradılışı ilə bağlı müxtəlif hədisləri var. Mənbələrdəki bir hədisə görə, Rəsulullah (s.ə.s.) insanların yaradılışlarını və talelərinin (alın yazıları) yazılmasını açıqlayarkən belə buyurub:

“Hər kəsin yaradılışı ananın bətnində qırx gündə ərsəyə gəlir, sonra orada, eyni müddət ərzində aləqə (qatılaşmış qan və ya asılan nəsnə) olur, yenə eyni qədər vaxtdan sonra “muzğa” (bir çimdik ət) formalaşır. Bundan 120 gün sonra Allah tərəfindən bir mələk göndərilir, ona ruhu üfürülür və dörd şey əmr edilir: ruzisi, əcəli, əməli (edəcəkləri) və əbədi həyatdakı vəziyyəti, Cənnətlik, yoxsa Cəhənnəmlik olacağı yazdırılır...”. (Buxari, “Bədul-xəlq”, 6; Müslim, “Qədər”, 1-5).

Bu hədisin başqa mənbələrdə qeyd olunan yaradılışla bağlı hədislərdən mühüm fərqləri var. Belə ki, ruhun üfürülməsinə qədər keçən müddət sözügedən hədisdə 120 gün olduğu halda, başqa hədislərdə isə üç fərqli gün qeyd edilib: 40, 42, 45. Həmin hədislərin birində də 42 gündən sonra göz, qulaq, dəri, ət və sümüyün yaradıldığı, sonra mələk tərəfindən Allaha “oğlan, yoxsa qız” - deyə soruşulduğu, Allahın hökm etdiyi və mələyin də yazdığı bildirilib. Bu hədislərin qeyd edildiyi mənbələr doğru olduğu üçün sənəd (hədisi bizə nəql edən şəxslər) haqqında mənfi şeylər söyləmək doğru deyil. Ola bilsin ki, hədisi Həzrət Peyğəmbərdən (s.ə.s.) ilk nəql edənlər və ya onlardan eşidənlər bu məsələni səhv başa düşüblər, yaxud eşitdikləri kimi çatdıra bilməyiblər. Əks təqdirdə bu ziddiyyətlər və həqiqətə uyğun olmayan bəyanatlar Rəsulullaha (s.ə.s.) istinad edilər ki, bunun da qəbul edilməsi mümkün deyil. İnsanın ana bətnindəki mərhələləri Quranda və hədislərdə zahiri olaraq, baxan adamın görəcəyi mənzərəyə görə açıqlanıb, bundan insanların ibrət almaları, Uca Allahın varlıq, birlik, iradə və qüdrətini başa düşmələri üçün ifadə olunub.

Ana bətnindəki körpəyə ruhun üfürülməsinin mənası və mahiyyəti, eynilə ruhun özü kimi məchuldur. Həzrət Peyğəmbərin (s.ə.s.) dölə ruhun üfürülməsi ilə əlaqəli açıqlamaları ancaq insanın yaradılışının mərhələlərini və alın yazısı kimi bilinən taleyi başa salmaq məqsədi daşıyır. Bu mərhələlərin heç birində ana bətnindəki körpənin məhv edilməsi ilə bağlı izahat yoxdur.

Qeyd edilən hədislər haqqında belə fikrin yaranması səbəbi aşağıda qeyd olunacaq mühüm ziddiyyətlər və məlum olan həqiqətə tərs açıqlamalardır:

1. Ruhun üfürülməsinə qədər ötən müddət üçün qeyd edilən rəqəmlər 40, 42, 45 və 120 gün olaraq fərqlidir. Ruhun üfürülməsi hadisəsi müəyyən bir müddət sonra olduğuna görə, bu hədislərin hamısı doğru (səhih) olaraq qəbul edilə bilinməz.

2. Ana bətnindəki canlının cinsinin Allah tərəfindən 40-cı gündən sonra müəyyənləşdirilməsi ilə bağlı açıqlama da elmin gəldiyi nəticəyə ziddir. Çünki uşağın cinsi və başqa xüsusiyyətləri hamiləliyin birinci günündən, daha doğrusu mayalanmanın gerçəkləşdiyi andan etibarən məlum olur.

3. Tibb alimlərinin qeydlərinə görə, hamiləliyin üçüncü həftəsinin axırında ürək döyünməyə başlayır, 24-25-ci gündə göz, qulaq, qol və ayaqla bağlı ilk formalar, 30-cu gündə gözdəki lens, 36-42-ci günlərdə əl və ayaqlardakı barmaqları ayıran deşiklər və qulağın forması meydana gəlir.

Müqəddəs dinimizin tarixini, zəngin mənəvi dəyərlərini öyrənən və təbliğ edən görkəmli İslam tətqiqatçısı, akademik Vasim Məmmədəliyev yazır: "İslam şəriətində "isqatul-cənin", müasir ərəb dilində "ishaz" adlanan abort İslamda olduğu kimi, İslamdan əvvəlki dinlərdə də geniş müzakirə obyekti olmuşdur. Məsələnin tarixinə müxtəsər bir nəzər salsaq, görərik ki, qədimdən bəri müxtəlif xalqlarda və müxtəlif dinlərdə uşaqlara münasibət müxtəlif cür olmuşdur. Uşaqların qurban edilməsi (Allah yolunda qurban kəsilməsi) qədim kənanilərdən yunanlara, hindlilərdən çinlilərə qədər bir çox insan toplumlarında bir ənənə halını almasına baxmayaraq (istər səmavi, istərsə də qeyri-səmavi) dinlər abortu (süni yolla uşaq saldırmağı) qadağan etmişlər”.

 


f.f.d. Qəmər Cavadlı
Bu yazıya 571 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • İnsanlığı dirildin!