Uğursuz müsahibənin hikməti


Gül Nar Quluzadə
Bu yazıya 358 dəfə baxılıb.

“Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız”.

(Ali-imran,3/139.)

 “Mənə acı xatirə olaraq qanlı ayaqqabı tayı ....”

Cümləsini bitirə bilmədi. Alt çənəsi əsirdi. İri dodaqlarını dişlərinin arasında sıxıb, göz yaşları görünməsin deyə başını divara tərəf çevirdi. Danışmaqda çətinlik çəkirdi. Tez-tez nəfəs alıb verməyə və yenidən hadisələri yaşayırmış kimi gözlərini bir nöqtəyə zillədi. Sözünə baxmayan, yanaqlarını yandıraraq axan göz yaşları bəlkə də çarəsizliyinin intiqamı idi. İlk dəfə idi ki, yeniyetməlik yaşına yenicə qədəm qoymuş uşağın üzündə göz yaşlarının bir neçə yerdən özünə necə yol açdığını görürdüm. Bir çayın torpağın üstündə açdığı qolları kimi...

* “Acının nə olduğunu bilirsiniz?”

Bayaqdan bir nöqtəyə zillədiyi bərəlmiş gözlərini gözlərimə dikdi. O gözlərdəki dəhşətdən özümü bir anlıq itirdim. Qulaqlarımda bir uğultu hakim oldu. Və elə o andaca özümü toplayıb:

 “Nə?” -dedim dodağımın altında.

Doğrusu elə yavaş dedim ki, özüm belə eşitmədim. Sualı eşitdiyim halda bir daha nə üçün eşitmək istədiyimi heç özümdə bilmirdim. Bəlkə də bunu o gözlərdəki dəhşətdən qurtulmaq üçün söylədim. Sısqa bədənini bütünlüklə titrədən köks ötürdü:

 “Görünür siz acının nə olduğunu hələdə dərk etməmisiniz. Foto-şəkillər çəkmək, buradakı insanlarla söhbət etmək sizin ancaq ürəyinizi sıxa bilər. O da bir-iki saat. Sonra öz vətəninizə qayıdıb işlərinizlə məşğul olcaqsınız. “Həqiqətən, insan nankordur!”(Əl-İsra, 17/ 67) -dedi.

Sonra yumruqlarını sıxaraq:

 “Mən sizə baş ağrısından danışmıram. Vətən acısından danışıram. Balasını öz əlləri ilə dəfn edən atanın acısından danışıram. Mən sizə... ”

Qəhərlənmiş səslə davam etdi:

 “Körpələrin, günahsız mələk kimi çağaların qəddarcasına öldürülməyindən danışıram. Mən sizə şəraitsizlikdən yaralıları necə müalicə edəcəklərinin çarəsizliyini yaşayan iki həkimin acısından danışıram. Anaların fəryadından, zorlanan qadınların oğurlanmış namusundan danışıram” - deyərək susdu.

Sakitlik çökdü otağa. Üstündən nə qədər keçdi, bilmirəm. Ancaq bu müddət o qədər uzun göründü ki, elə bil o hadisələri yaşamış kimi oldum. O, çəkdiyi hər acını, müharibənin dəhşətini gözlərində ifadə edirdi. Sanki o gözlərin səsi olsa idi, bu dəqiqə yeri-göyü lərzəyə salacaq bir nərə çəkərdi.

 “Bəs siz burda uşaq olmağın nə demək olduğunu bilirsiniz?”

Məndən cavab gözləmədən:

 “Burada uşaq olmaq aciz olmaqdır, məzlum olmaqdır, məhəlləsindən keçən tanklara daş atmaqdır, əsgərlərin silahlarla evinə basqın edib, atasının əllərini bağlayıb, anasına, bacısına təcavüz edərkən əlindən bir şey gəlməməkdir. Burada uşaq olmaq bomba səslərinə, qan iyinə öyrəşməkdir, parçalanmış cəsədlərə hər gün şahid olmaqdır...”

Son cümləsindən sonra qulaqlarımda yenə bir küy hakim oldu. Qarşımdakı yeniyetmə yaşadığı əzabları ağzı köpüklənə-köpüklənə danışır, yumruqlarını sıxıb izah etməyə çalışırdı. Bütün bu dəhşətləri görüb dərk edən insan mənim üçün uşaq deyildi. O uşaq ikən yaşlanmışdı.

Biz yeddinci gün idi ki, jurnalist olaraq bu ərazilərə ezam olunmuşduq. Əsas işimiz gördüklərimiz haqqında fotoreportaj hazırlayıb dünyaya çatdırmaq idi. Mən ərəb dilini yaxşı bildiyim üçün xəstəxanada müalicə alan uşaqların fotolarını çəkib, onlardan müsahibə almaq tapşırığını almışdım. Bu yarı uçuq bina əslində heç xəstəxanaya bənzəmirdi. Sadəcə həkim və yaralılar olduğu üçün buraya “xəstəxana” deyilirdi. Gigiyena cəhətdən olduqca natəmiz olan bu bir mərtəbəli, şüsələri sınıq binanın divarları belə çirkab qoxuyurdu. Şəraitsiz “xəstəxana”mənim ürəyimi ağrıdırdı. Düzdü, burada o qədərdə yaralı yox idi. Amma uşaqların sözlərinə görə, əgər on gün tez gəlsəydik kiçik “məşhər günü”nün şahidi ola bilərdik. Ananın balasından, balanın atasından, bacının qardaşdan ayıran faciə yaşanırmış o gün burada. Hər yer parçalanmış bədənlərlə dolu imiş. Malayziyalı həkim bizə soyuqqanlı şəkildə bir neçə cümlə ilə həmin günü şərh

etdi. Eşitdiklərimdən elə bil damarlarımda qanım da donmuşdu. Rəhbərimiz sonradan bu haqda məlumatı biləndə gecikdiyimiz üçün təəssüflənirdi.

Əslində mən heç kimlə müsahibə aparmaq istəmirdim. Yalnız ürək ağrısı ilə buradakı uşaqların şəkillərini çəkirdim. Çox zamanda fotoaparatı onlara tərəf çevirib şəkillərini çəkərkən, ixtiyarsız əllərini göyə qaldırıb təslim olduqlarını bidirmək istəyi məni dəhşətə gətirirdi. Axı onların günahı nə idi?!

Bu yeniyetmə ilə də təsadüfən görüşdüm. Dar, rütubətli və dəmir çarpayısı olan otaqda tək-tənha oturmuşdu. İlk gördüyümdə elə bildim əlində qanlı bir ayaqqabı tayı ilə söhbət edir. Sonradan öyrəndim ki, bu ayaqqabı tayı partlayış zamanı parçalanmış balaca bacısından qalan acı xatirə imiş. O, hər gün Allaha körpə bacısını cənnətə apardığı üçün şükürlər edirdi. O gündən sonra qısa zamanda bu yeniyetmədən müsahibə almaq qərarına gəldim. Təəssüf ki, bu görüş son günümə təsadüf etdi. İlk dəfə mən ona özümü təqdim edərkən belə dedi:

 “Çox qəribədir. Bir qrup insan, bir qrup insanı acılara qərq edir, digər qrup insan isə bu dəhşətləri başqa qrup insanlara çatdırır. Mən bunları zalım, məzlum, xəbərçi və tamaşaçı deyə qruplara ayırardım. Sonda hamısı insandı. Dünya əhalisidir. Zalım zülmündə, məzlum acısında, ortada fotolarla müsahibələrlə, məqalələrlə kimlərəsə nəsə çatdırmaqla xəbərçilər iş gördüklərini sanırlar. Ancaq onların çağrışındakı fəryada dünya əhalisi hələdə susur. Olan yenə məzluma olur. Amma bircə ürəyim Qurandakı bu ayə ilə rahatlaşır. “Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.” (Əl-Əraf,7/41)-deyib üzündəki təmkinli bir ifadə ilə:

 “Allah onları cəzalandıracaq. O böyük qüdrət sahibidir.” “Güldürən də, ağladan da Odur!” (Ən-Nəcm,53/43)-söylədi.

On üç illik jurnalistika təcrübəmdə belə hadisə ilə ilk dəfə idi qarşılaşırdım. Əslində mənim niyyətim müsahibə almaq idisə, ona heç sual da verməmişdim. Yaşının az olmağına baxmayaraq, təcrübəsi məndən dəfələrlə böyük biri ilə danışırmış kimi onunla söhbətdən çəkinirdim. Diqqətimi toplamağa, sual verməyə belə cəsarətim qalmırdı. Bu yeniyetmə Allahın verdiyi hər günü şükürlə, dualarla qarşılayırdı. Allaha duasında bir an belə gecikmirdi. Onlarda bu ibadətə “Namaz” deyirdilər. O bütün başına gələn müsübətlərdən sonra yenə Allaha şükür edirdi.

Baxmayaraq ki, bu qədər ağrı-acını o balaca ürəyinə sığdıra bilmişdi. Təəccübümü hec cür gizlədə bilmirdim. Artıq işimin uğursuzluğu ilə barışmalı olacam deyə anidən qərar verdim. Daha müsahibimi də incitmək istəmirdim. Ayağa qalxıb stolun üstündəki əşyalarımı könülsüz halda yığışdırmağa başladım. Amma məni elə bil hansı bir qüvvəsə buraya kilidləmişdi. Əşyalarımı topladıqdan sonra anidən bu fikirlərlə onu başdan ayağa süzdüm. “Mən onun yerində olsaydım çoxdan intihar etmişdim”- dedim öz-özlyümdə.

Otaqan çıxmağa hazırlaşırdım ki, mənə səsləndi:

 “Rəbbin üçün səbir et!” (Müdəssir, 74/7)

Və bir daha təkrarladı:

 “Rəbbinin rızasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə səbir et!”

Sanki daxili tərəddüdlərimi və ağlımdan ildırım sürəti ilə keçən bu fikri bilirmiş kimi danışırdı. Diktafonu bağladığım üçün onun dediyi hər kəlməni yazmadan beynimə həkk etməli idim. Gözlənilmədən:

*“Sən xeyirxah insansan? Yeni yaxşı əməl sahibisən?”- soruşdu.

 “Bilmirəm. Bəlkə də hə, bəlkə də yox” - dedim.

 “Bəs bu sualın cavabını bilmək istəyirsən?”

 “Hə, əlbəttə ki”...

 “O zaman dinlə”, - deyə davam etdi: “Mənim üçün bunun cavabı Qurani-Kərimin Bəqərə surəsi 177-ci ayəsindədir. “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır”. Elə deyilmi?”- dedi.

Özümdən ixtiyarsız:

 “Hə” - dedim.

Amma utanaraq... Bu utanmağımın səbəbini çox təəssuf ki, iki ay sonra bildim.

 “Bəs sən bu ayədə keçənlərə əməl etdinmi?”

 “Anlamadım. Mən müsəlman deyiləm axı. Qurani-Kərim sizin müqəddəs kitabınızdı. Və bütün o ayələr sizə nazil olub bildiyimə görə” –deyib, yeni cümləmə başlamaq istəyirdim ki, qəfil və yüksək səslə:

 “Bəs insanlıq harda qaldı? Yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə yardım etmək tək müsəlmanın borcu deyil. İnsan adını daşıyan hər kəsin borcudu. Bilirsən, sıxıntı və xəstəlik üz verdikdə, məşəqqətlərdə bir insan kimi səbir etməyi bilməliyik. Dinindən asılı olmayaraq hər kəs. Bizi Yaradan belə istəyir” - dedi.

Sonra iri gözlərini daha da açıb nə isə fikirləşirmiş kimi:

 “Müəllimim deyirdi ki, Quran bütün insanlığın xilası üçün göndərilib. Hər insanın oxunmamış 6236 məktubu var. Bu məktubların hamısı Qurani-Kərimdə cəm olub. Əgər biz insanlar bunları oxusaq dünyamız gözəlləşər. Sadəcə oxusaq... Hələ cavab verməyi heç demirəm. Hansi ki, Allah bunu ən sevdiyi quluna, Hz. Məhəmmədə (s.ə.s.) göndərərək bütün insanlara sevgisini çatdırmağı tapşırıb. Hər kəs bu məktubları oxumalıdı ki, xilas ola bilsin. Bax, mən hər gün oxuyuram. Bir gün inanıram ki, mən də ailəmin yanına cənnətə gedəcəyəm” - dedi.

O dar, rütübətli otağın qapısının önündə pərişan halda dayanmışdım. Müsahibim isə susmuşdu. Bəlkə də öz aləmində müəlliminin ona dediyi çox şeyi xartırlayırdı. Bayırdan gələn səs-küy otaqdakı sükütü pozdu. Bizimkilər idi. Yola düşmək üçün məni axtarırdılar.

 “Hə, vaxtdır artıq. Mən getməliyəm” – dedim.

Qəribə təbəssümlə:

 “Sizinlə söhbət xoş oldu mənə. Bütün insanları sevirəm. Siz də daxil olmaqla” - deyib sağollaşmaq üçün əl uzatdı.

Uzatdığı əli özümə tərəf çəkib onu qucaqladım. Arıq bədəni qollarımın arasında titrəyirdi. Ona göstərdiyim bu qayğıdan daha da kövrəlib, çəkinə-çəkinə alçaq bir səslə:

 “Mən bilmirəm bu saatdan sonra bizə nə olacaq, amma sən əmin yerlərə gedirsən. Orada çalış, yaxşı əməl sahibi ol. Bu səndən son istəyimdi. Çünki insanlar yaxşı əməl sahibi olsalar, bir-birini sevsələr fikirləşirəm ki, müharibələr olmaz, analar-atalar, bir də müəllimlər ölməz, uşaqlar sağ qalar. Mən hər şeyi itirdim, hətta sağlamlığımı belə, ancaq başqaları üçün bunu arzulamıram” - deyib mənə sarıldı.

Daha göz yaşlarımı saxlaya bilmirdim. Ana balasından ayrılan kimi ayrıldım o yeniyetmədən.

 “Sənə söz verirəm” – ixtiyarsız ağzımdan bu cümlə çıxdı...

Yol boyu gördüklərimin və uğursuz müsahibənin təsirində idim. Dostlarımın dediklərinə görə yuxuda belə “söz verirəm, söz verirəm” deyə öz-özümə sayıqlayırmışam. Onların da təsirləndiyi çox şey var idi.

Artıq yeniyetmənin dediyi əmin yerdə idim. Burada o dəhşətlər yox idi. Heç təsəvvür belə etmirdilər. Bizim gətirdiyimiz fotoşəkillərə isə bir tamaşaçı kimi baxırdılar. Oradan gətirdiyimiz materialları çap edib, dünyaya səs salmağa çalışdıq. Bir müddət gördüklərimin təsirindən uzaqlaşmaq üçün işimdən ezamiyyət götürdüm. Amma daha əvvəlki kimi həyatıma davam edə bilmədim. Bəzi gecələr qulaqlarımda Bəqərə 177-ci ayə, dilimdə isə “söz verirəm” kəlməsi ilə yuxudan qan-tər içində oyanırdım. Bütün bunlar məni İslamı araşdırmağa vadar etdi. Araşdırmacı jurnalist kimi bu həm də mənim işim idi.

Beləliklə, ikinci ay olardı ki, gecə-gündüz Quran ayələrini oxuyur, Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyatını öyrənməyə başlamışdım. Məscidə gedirdim. Otuz beş illik həyatım demək olar ki, dəyişmişdi. Bu səhər isə tam dəyişdi. Qasas surəsinin 56-cı ayəsini göz yaşları ilə oxuduğum andan etibarən, bütün həyatım gözümün önündən keçdi. “(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)”. Demək mən doğru bir yolda idim. İçimdə qəribə bir rahatlıq

vardı. Allahın istəkli bəndəsi olduğumu gec də olsa anlamışdım artıq. Allahın sevgisini bir qulu kimi hər hüceyrəmdə hiss edirdim. Sevincimin həddi-hududu yox idi. Necə hazırlaşdığımı xatırlamıram, qaçaraq məscidə sarı getdiyim yadımdadır. Məscidin imamı məni sakitləşdirməyə çalışırdı. Mən isə göz yaşları içində “LƏ İLƏHƏ İLLƏLLAH” deyirdim...


Gül Nar Quluzadə
Bu yazıya 358 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.