Həzrəti Sevda (radiyallahu anhə)


Nəzrin Hüseynova
Bu yazıya 663 dəfə baxılıb.

İkinci hicrəti.

Peyğəmbərimiz (s.ə.s) Həzrəti Əbu Bəkirlə birlikdə hicrət etdikdən sonra, Məkkədə qalan iki qızı (Hz.Fatimə və Ümmü Gülsüm) və ailəsini (Hz.Sevda) Mədinəyə gətirməyi Zeyd bin Harisə ilə Əbu Rafinə tapşırdı. Onlara iki dəvə və 500 dirhəm verərək Məkkəyə göndərdi. Beləliklə, Həzrəti Sevda da Mədinəyə hicrət etdi.

Həzrəti Sevda və analıq.

Nikahdan vəfatına qədər Peyğəmbərimizlə (s.ə.s.) 13 il yaşayan və Ona əlindən gəldiyi qədər xidmət və can yoldaşlığı etmiş Həzrəti Sevdanın Peyğəmbərimizdən (s.ə.s.) heç uşağı olmamışdır. Lakin o, Peyğəmbər (s.ə.s.) uşaqlarına öz övladları kimi baxmışdır.

Həzrəti Aişə gələnə qədər Allah Rəsulunun (s.ə.s.) evini tək idarə edən bu mübarək anamız, Həzrəti Aişədən sonra isə bütün gücünü bu gənc gəlinin rahat olması üçün sərf etdi. Hz.Sevda həm Peyğəmbərin (s.ə.s.) xüsüsi sevgisini qazanmasına, həm də yaşca çox kiçik olmasına görə Hz.Aişəni qızı kimi sevərdi. Hz.Aişənin də ona qarşı sevgisi bir başqa idi.

Həm Peyğəmbərimizin (s.ə.s.) ailə həyatını əks etdirmək, həm də Hz.Aişə ilə Hz.Sevda arasındakı məhəbbəti göstərmək baxımından bu gözəl xatirəyə diqqəti cəlb etmək istəyirəm:

Həzrəti Aişənin nəql etdiyinə görə, bir gün Rəsulullah (s.ə.s.) üçün bulamac bişirirdi. Hz.Sevda da onun yanındaydı. Hz.Aişə Hz.Sevdaya:

“Buyur, sən də ye!” deyir. Hz.Sevda yeməkdən imtina etdikdə isə:

“Yeməsən üzünə sürtəcəyəm”, deyərək zarafatla təhdid edir.

Hz.Sevda yenə də yemədikdə, Hz.Aişə bulamacdan götürərək onun üzünə sürtür. Bu mənzərə qarşısında Peyğəmbər əleyhissalam təbəssüm edir və əli ilə Sevda anamızın əlini tutub:

“Nə dayanmısan, sən də onun üzünə sürt”, buyurur.

Hz.Sevda da eyni şəkildə yeməyi Hz.Aişənin üzünə sürtür. Allah Rəsulu (s.ə.s) onun da bu halına təbəssüm edir.

Bu evliliyin fərqliliyi

Əvvəl də qismən ifadə edildiyi kimi, bu evlilik tam olaraq könül evliliyi deyildi. Hz.Sevda da bunu bilirdi. Çünki Hz.Muhamməd (s.ə.s.) bir peyğəmbər də olsa, insan idi. Onun da qəlbinin arzuladığı və ya arzulamadığı bəzi işlər var idi. Hz.Sevda da yaşının verdiyi təcrübələrə əsasən bunu anlamışdı. Çünki illər keçdikcə, özü ilə müqayisədə Allah Rəsulunun (s.ə.s.) daha gənc və daha gözəl xanımlara sahib olduğunun fərqində idi. Onlarla rəqabət edəcək vəziyyətdə deyildi, onsuz da özü də belə bir şey düşünmürdü. Onun istədiyi bir şey var idi: Təki, adı “umməhatul-mumin”in (möminlərin anaları) arasında yer alsın və ona həm dünyada, həm də axirətdə Peyğəmbər xanımı” deyilsin, “Səkran”ın dul xanımı deyilməsin.

Peyğəmbərimiz (s.ə.s.) maddi imkanlar baxımından xanımları arasında heç bir fərq qoymadığı halda, ürəyinə söz keçirə bilmədiyini və sırf bu səbəblə Hz.Sevdaya yetərincə diqqət və sevgi göstərə bilmədiyini düşünürdü. Onun qəlbini qırıb incitməkdən qorxduğu üçün açıq-açıq danışmağa qərar verdi. Əgər istəsə onu, xoşbəxt olmadığını düşündüyü belə bir evlilik bağından azad edə biləcəyini və daha sərbəst hiss etməsi üçün boşaya biləcəyini söylədi.

Lakin, belə bir düşüncəni əvvəldən hiss edən Sevda anamız Peyğəmbərimizin (s.ə.s) ağzından “boşanma” kəliməsini eşitdikdə, çox kədərləndi, sanki ətrafındakı bütün divarlar üzərinə yıxılmışdı. Qəlbi daraldı, üzü saraldı. Onun bu vəziyyətinin fərqinə varan Peyğəmbərimiz (s.ə.s.) onu daha çox üzdüyünü anladı və könlünü alacaq sözlər söyləyərək təsəlli etməyə çalışdı.

Hz.Sevda özünü topladı və: “Ey Allahın Rəsulu! Mənim tək məqsədim qiyamət günü Sənin zövcələrin arasında yer ala bilməkdir!” - deyərək qərarını açıqladı.

Sevda anamız öz gününü də Peyğəmbərimizin (s.ə.s.) xüsusi məhəbbətinə nail olmuş Hz.Aişəyə həvalə etdiyini Allah Rəsuluna (s.ə.s.) bəyan etmişdir.

Hz.Sevda belə bir nəcib, axirət üçün narahat olan, Peyğəmbərimizin (s.ə.s.) sevinməsi ilə sevinən, Onun hüznü ilə kədərlənən bir xanım idi. Peyğəmbərimiz (s.ə.s.) hər zaman Sevda anamızın könlünü xoş tutmuş, ədalət üçün bütün xanımlarına göstərdiyi diqqət və imkanı ondan da əskik etməmişdir.

Hz.Sevdanın ömrünün sonlarına doğru qulaqlarının ağır eşitməyə başladığı bildirilir. Onun bu vəziyyətini bilən Hz.Peyğəmbərin (s.ə.s.) digər xanımları onunla zarafatlaşardı. O da onların zarafatlarına qarşılıq verərdi.


Nəzrin Hüseynova
Bu yazıya 663 dəfə baxılıb.