Səkinə xanım Axundzadə


Aygün Dadaşova
Bu yazıya 374 dəfə baxılıb.

Səkinə xanım Axundzadə dramaturgiya sahəsində çalışmış ilk azərbaycanlı qadın və Azərbaycanın ilk qadın müəllimələrindəndir. Səkinə xanım yazıçı Mirzə Heybət Axundzadənin qızıdır.

Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini də elə orada tamamlamışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görmüş, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərmişdir.

Teatra, incəsənətə marağı olan bu tərəqqipərvər qadın 1901-ci ildə H. Z. Tağıyevin ilk rus-müsəlman qız məktəbində şəriət müəllimi adı ilə pedoqoji fəaliyyətə başlamış, müəllim rəfiqələrinin və şagirdlərinin köməyi ilə bu nümunəvi təhsil ocağında dram dərnəyi yaratmış, pyeslər yazmış, bir sıra ədəbi əsərlər səhnələşdirmişdir. Onun “Elmin mənfəəti” adlı ilk pyesi 1904-cü ildə tamaşaya qoyulmuşdur. Tamaşanın müvəffəqiyyətini görən Səkinə xanım biri-birinin ardınca “Haqq söz acı olar”, “Gəlin və qayınana” və s. pyeslərini yazmışdır. Səkinə xanım N. B. Vəzirovun Azərbaycan qadınlarının hüquqsuzluğundan bəhs edən “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını tamaşaya hazırlayarkən teatr tarixində və xatirələrdə yaşayacaq əlamətdar bir iş gördü. Komediyanı oynayan həvəskar artistlərin hər biri üçün gümüş döş nişanı hazırlatdırdı. Nişanın üst tərəfində rolu ifa edən qızın adı, tamaşanın tarixi, arxa tərəfinə “teatr” sözü və rolun adı həkk edildi.

Səkinə xanım Axundzadə Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə tərcümə etmişdir. Namiq Kamal yaradıcılığından hazırladığı "Bəxtsiz bala", "Zülmün səmərəsi" adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulmuşdu. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında "Zülmün səmərəsi" adlı dram əsərini yazmışdı. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanmışdı. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında dram əsəri yazmışdı. Bu əsər "Nicat" truppasında, 1920-ci illərin əvvəllərində Milli Dram Teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulmuşdu.

Səkinə xanım nəsr əsərləri də yazırdı. Onun “Şəhzadə Əbülfəz və Rəna xanım” adlı nağıl-povesti 1918-ci ildə kitab halında nəşr olunmuşdur. Səlis Azərbaycan dilində yazılmış bu əsərdə 260 misradan çox şeir parçaları vardır.

1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunmuşdur.

Səkinə xanımın yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılmışdır. Həmin dövrdə Reyhan xanım Topçubaşova Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi.


Aygün Dadaşova
Bu yazıya 374 dəfə baxılıb.