İslamda Qadın


Gözəl Həsənsoy
Bu yazıya 383 dəfə baxılıb.

Qadın gözəlliyi, qadın iffəti, qadın isməti, qız-gəlin həyası bu və buna bənzər, qadının adi deyil, aliliyini göstərən məhfumlar. Bəşəriyyətin, yaradılışın ən dəyərli varlığı, insanlığın anası.

İstərdim ki, tarixə kiçik bir yolçuluq edək. Qadının yardılışı, islamdan öncə və islamdan sonra qadına verilən dəyər nədən ibarətdir bir nəzər yetirək.

İslamın təməl əsası-uca kitabımız Qurani-Kərimdə buyrulur: “Ey insanlar, biz sizi bir kişi və bir qadından yaratdıq” (Hucurat-13).

İlk qadın-anamız Hz. Həvva Hz.Adəmin qabırğasından yaradıldı. Bu formada yaradılışın böyük hikməti vardır. Bu hikmətə ən gözəl şəkildə belə anlam vermək olar. Qadın kişinin qabırğasından yaradıldı, ayaqlarından deyil! Elə olsa idi əzilərdi! Üstün olsun deyə başından da yaradılmadı. Amma qabırğasından yaradıldı, bərabəri olsun deyə. Qolun bir az altında, qorunsun deyə! Qəlb hissəsinə yaxin sevilsin deyə!

Amma nə yazıq ki, ilkin yaradılışın bu qədər dəyər verdiyi qadın sonradan dəyər bilməyən insanların arasında öz dəyərini itirdi. İslamdan öncə Avropa xalqları, eləcə də ərəblərin özləri qadına yalnız fiziki və digər tələbləri yerinə yetirən varlıq kimi, bir əşya kimi baxırdılar. Qadınlar alçaldılır, təhqır olunur, sanki lazımsız bir əşya kimi istifadə edilib atılırdı. Qadın öz haqqını tələb edə bilməz, buna cəhd edərsə, ən ağır işkəncələrə məruz qalardı.

Dünyaya gəlməsi bir suç, istifadə olunması gözəl, haqqını tələb etməsi isə daha böyük bir suç.

Qadın özünün dünya üçün, qız övladının ata üçün üzqaralığı gətirdiyi, körpə qızların diri-diri torpağa basdırıldığı zaman, bütün dünyaya qarşı çıxa bilməyəcəyini anlayıb, özünü lazımsız əşyaya kimi bildiyi bir dövrdə İslam gəldi. Bütün həyatı boyu kimsəsizlərin, əzilənlərin dayağı olan, aləmlərə rəhmət olaraq göndərilən Hz.Məhəmməd (s.a.v) gəldi. “Bir kişi qadınına pis davranar, onu döyərsə, qiyamət günü onun şikayətçisi mən olararam”, deyərək gəldi. Həmin gəliş azğınlaşmış, qız uşaqlarını diri-diri basdıran ərəb toplumuna və eləcə də qadına qarşı istər davranışında, istərsə də düşüncəsində yaxşı fikirdə olmayanlara bir “Dayan!” əmri idi.

Ümumiyyətlə, islamın qadına verdiyi dəyəri nə heç bir din, nə də heç bir konstitutsiya verməmişdir. Bu həmin dəyərdir ki, doğulduğunda atasına cənnətin qapılarını açır, evləndiyində yoldaşının imanının yarsını tamamlayır, ana olduğunda isə cənnət ayaqlarının altına sərilir. Həmin cənnət ki, axirətdə insana veriləcək ən böyük mükafatdır.

Odur ki, İslam qadını elmi, təhsili, mədəniyyəti, əxlaqı, namusu ilə fərqlənməlidir. Qız övladlarımızın təhsilinə tərbiyəsinə daha çox diqqət yetirməli, onların savadlanmasına yardımçı olmalıyıq. Övladını tam təhsil almağa qoymayıb buna milli dəyərləri, İslamı səbəb olaraq göstərənlər, sizin işiniz qızım oxumasın deyib yoldaşını, qızını həkim yanına apararkən mütləq qadın həkim tələb edənlərə, yaxud qız övladı üçün qadın müəllim tələb edənlərə bənzəyir.

Öz xeyirxah əməli ilə tarixin, insanlığın yaddaşına keçən H.Z.Tağıyev demişdir: “Bir oğlan uşağının təhsil alması, təhsilli bir övlad əldə etmək, bir qız uşağının təhsil alması isə təhsilli bir nəsil deməkdir”.


Gözəl Həsənsoy
Bu yazıya 383 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.