Təbiətin möcüzəsi - Kəklikotu


Kəmalə Hüseynova
Bu yazıya 592 dəfə baxılıb.

Hər dəfə yaz ayları dağlar yaşıl rəngə boyayanda yamaclarına göz oxşayan mənzərə ilə yanaşı, xoş ətirlər də gəlir. Bu ətirlərin içərisində hər birimiz üçün doğma olan bir ətir var- Kəklikotu ətri...

Tarixi çox qədim olan bitkinin dərman kimi istifadəsi hələ IV-V əsrlərə gedib çıxır. O zaman yerli sakinlər bilirdilər ki, bu bitkinin soyuqdəymə, bağırsaq xəstəliklərində faydası çoxdur. Müasir elmə kəklikotunun 400-ə qədər növü məlumdur. Azərbaycanda bu bitkinin bir nеçə növü yayılmışdır. Naxçıvanda bu növlərin 17-si mövcuddur. Maraqlı burasıdır ki, Naxçıvanda bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli ədvalar kimi Naxçıvan mətbəxində özünəməxsus yer tutur. Hətta ən yaxın dosta, qohuma hədiyyə kimi də ətirli kəklikotu bağışlamaq onun üçün ən yaxşı sovqat sayılır. Qızılgül, limon dadı verən kəklikotu demək olar ki, ancaq Naxçıvan ərazisində yayılıb və əhali tərəfindən çayını dəmləməklə istifadə edilir. Naxçıvanda kəklikotunun müalicə məqsədilə çiçəklərindən mürəbbəsini hazırlayırlar. Bu mürəbbəyə demək olar ki, ölkənin digər bölgələrində rast gəlmək mümkün deyil.

XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani bu bitkinin müalicəvi əhəmiyyəti haqda yazırdı: “Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağ ciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları (spazmanı) götürür, qurdları çıxarır, həzmə kömək edir. Kəklikotu və baldan hazırlanan məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üzərinə qoyurlar. Əncirlə qarışdırılmış həlimi astma və öskürəkdə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasına ləkə düşərsə, ora kəklikotu şirəsini damcılatmaq lazımdır. Yarpağı bal ilə ovxalanaraq məlhəmi bərk şişlərin üzərinə sürtüldükdə şişləri sorur, oturaq sinirinin iltihabında xeyrilidir”.

Bu faktlar hələ orta əsrlərdə yerli əhaliyə yaxşı məlum idi. Bundan başqa, müasir dövrdə kəklikotunun hipertoniya xəstəliklərində geniş istifadəsi də məlumdur. Kəklikotunu çеynəməklə diş ağrısını yox еtmək və damaqları möhkəmlətmək mümkündür. Həlimini bəlğəmgətirici və öskürəyə qarşı vasitə kimi içmək olar.

Tibet həkimləri isə ovxalanmış kəklikotu yarpaqlarından hazırlanmış məlhəmdən yarasağaldan vasitə kimi istifadə еtməyi məsləhət görürlər. Bu məlhəmi hazırlamaq üçün 5 çay qaşığı ovxalanmış kəklilotuna 1 stəkan qaynar su tökürlər. Bu kiçik qurtumlarla içilən gündəlik dozadır. Müasir tibb elmində kəklikotu – spazmolitikdir, o mərkəzi əsəb sistеmini sakitləşdirir, qan təzyiqini aşağı salır.

 

 

 

Yazda, may, iyin aylarında toplanan kəklikotu qurudularaq qışa saxlanır. Soyuqdəymə üçün faydalı olduğundan qışda çay şəklində istifadə edilir.

Kəklikotu çiçəyinin 9 qr-nın sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər. Kəklikotu həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir, qusma və kolitə qarşı xеyirlidir. Şirəsi kеşniş şirəsi ilə sidik kisəsində daş olduqda və sidik tutulmasında çox xеyirlidir.

Həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadəni məqsədəuyğun saymır.

Kəklikotu çayı - 1/2 çay qaşığı quru kəklikotu 1 fincan qaynar suda dəmlənilir. Gün ərzində bu çaydan 1-2 fincan içmək olar. Çaya zövqə görə bal, limon, bir az darçın, zəncəfil əlavə etmək olar. Kəklikotunu adi qara çayla birlikdə dəmləmək olar. Bu halda 1 çay qaşığı qara çay 1 çay qaşığı kəklikotu ilə qarışdırılır və qaynar su ilə dəmlənilir (Göstərilən dozaları artırmayın, çox miqdarda kəklikotunun qəbulu zəhərlənməyə səbəb ola bilər).

Kəklikotu maskası

Kəklikotu – 2 ç.q

Yaşıl çay – 2 ç.q

Yulaf yarması – 2 ç.q

Bal

Qatıq

Bütün inqridiyentləri dərin bir qabda blenderdən keçirin və cildinizə çəkib 20 dəqiqə saxladıqdan sonra mineral su ilə yuyun.

Kəklikotu ilə saç üçün masqa

Kəkotunun bioloji aktiv maddələri müxtəlif növdə saçları еffеktli surətdə möhkəmləndirir. Əvvəlcə saçları yuyurlar, sonra saçın dibinə kəklikotu dəmini sürtüb yеdirdirlər və başı dəsmalla yarım saatlıq bürüyürlər. Bu dəmi hazırlamaq üçün yarım stəkan kəklikotu lazımdır. Onun üzərinə iki stəkan qaynar minеral su töküb yarım saat saxlayın və sonra saçınızı yuyun.


Kəmalə Hüseynova
Bu yazıya 592 dəfə baxılıb.