Azərbaycansayağı cehiz


Gülnarə Seyidova
Bu yazıya 400 dəfə baxılıb.

Müasir zəmanəmizdə öz mahiyyətindən uzaqlaşan bir sıra adətlər kimi cehiz vermə adəti də həddən artıq şişirdilmişdir. Valideynlər bir-biri ilə bəhs edərək, borc-xərc demədən “ən çox cehiz verən” adını almaq üçün əllərindən gələni edirlər. Əlbəttə, valideynlər öz övladlarını çox sevdikləri üçün, onların yeni evlərində rahat yaşaması üçün hər bir əziyyətə, borca qatlanırlar. Hətta bəzən kreditlə, faizlə borclanıb “yetər ki, qızımın getdiyi yerdə başı uca olsun, dili qısa olmasın” şüuru ilə istəmədən də özlərini və övladlarını çətinliyə salırlar. Bu yaxınlarda öz qızının cehizi üçün faizli borc götürən, sonra da ödəyə bilməyib intahar edən ananın xəbərini eşitdiyim zaman, anlada bilməyəcəyim sarsıntı keçirdim. Sizcə, o qız, anasının ölümünə səbəb olan cehiz əşyaları ilə xoşbəxt ola biləcəkmi? Bu mümkün deyil, ömür boyu vicdan əzabı onu rahat qoymayacaqdır. Faizlə cehiz alan bütün valideynlər bir anlıq düşünməlidirlər. Biz övladımızın xoşbəxtliyini düşündüyümüz halda ona haram yollarla hədiyyələr, cehizlər alırıqsa, qızımız bundan xeyir görərmi? Bir ailənin təməlində borc, sıxıntı, haram varsa o ailə xoşbəxt ola bilərmi?

Sözsüz ki, bu mövzuda yalnız valideynləri də günahlandırmaq olmaz. Problemin əsasında qayınana, qayınata faktoru da mövcuddur. “Qayınanası qızımın cehizini bəyənməyib, başına qaxınc etməsin”,- deyə analar bütün çətinlikləri göz önünə alırlar. Əslində qayınanalar gəncliklərini, özlərinin cehizlərini xatırlasalar, heç vaxt cehiz üçün gəlinlərinin qəlbini qırmazlar. Həm də nə bilmək olar, Allah Təala bəlkə onlar üçün daha xeyirli bir var-dövlət ehsan edəcəkdir. Maddi əşyalar üçün ailə üzvlərinin bir-birini incitməsi çox acınacaqlı bir haldır.

Hər kəsin imkanı daxilində qızına cehiz verməsi, əslində, çox gözəl bir adətdir. Qızlarımızı çox sevdiyimizin bir göstəricisidir. Bu onlara mərhəmətimizdən irəli gəlir. Lakin imkanımız yoxdursa, əmin olun qızlarımız da bizə anlayış göstərər, bizim üçün mümkünsüz olan tələblər etməz. Allah Təala da onlara bərəkətini yetirər, ehtiyacları olan hər bir əşyaya da zamanla sahib olarlar.

 Cehizin mahiyyətini daha yaxşı anlamaq üçün xalqımızın tarixi adət-ənənələrinə nəzər salaq.

Keçən əsrin sonlarına qədər evlənən qıza ata evindən gündəlik yaşayış, ev-eşik üçün ən vacib sayılan əşyalar verilirdi. Bütün bu əşyalar da oğlan evindən alınan başlığın hesabına əldə edilirdi. Kasıb ailələrdə cehiz anasından qızına bir miras kimi ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları və çatmayanları yenidən alaraq əlavə edir, ayrıca bir sandığa yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayır, xalı, corab toxuyur, saatqabı və s. tikirdi. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayardılar.

Cehizin yığılması, əsasən, nişantaxdı mərasimindən sonra toy gününə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşuda olan qadınların köməyi ilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək hazırlanır, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.

Həmçinin ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi hədiyyələr qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayarmışlar. Adətə görə, qıza verilən bütün əşyalar onun şəxsi malı hesab edilirdi.

Sevgili Peyğəmbərimiz Məhəmməd Mustafa (s.ə.s.) ən çox sevdiyi qızı Fatimə üçün Hz. Əlinin verdiyi 400 dirhəm mehrin bir qismi, yəni 63 dirhəmi ilə 18 əşyadan ibarət olan cehiz almışdı. Cehiz olaraq alınanlar isə bunlar idi: 3 ədəd döşək, 1 ədəd səccadə, 1 ədəd xurma lifi ilə doldurulmuş yastıq, 2 ədəd əl dəyirmanı, 1 ədəd su tuluğu, 1 ədəd su testi, 1 ədəd su bardağı, 1 ədəd ələk, 1 ədəd dəsmal, 1 ədəd kilim, 1 ədəd sədr (divan), 2 ədəd paltar, 1 ədəd yorğan, 1 ədəd qoç dərisi. Onların toyuna gələn qonaqlara isə qatıq çörək və xurma paylamışdır... 

Cehizlər gətirildiyi zaman Rəsulullah yaşlı gözlərlə belə dua etdi: "Ya Rəbbim! Sənin sevmədiyin israfdan çəkinənlərə bu əşyaları xeyirli et!"

Bütün maddi hədiyyələrlə yanaşı, qız övladlarına mənəvi cehiz verilməyibsə, yeni qurulan ailə bir sıra çətinliklər yaşamağa məhkum olur. Bir qız övladının mənəvi cehizi körpə yaşlarından yığılmağa başlayır. Anasının sərgilədiyi bütün davranışları təkrarlayan qızlar böyüdükcə xasiyyətləri formalaşır. Ailəsindən götürdüyü bütün xüsusiyyətləri özünün gələcək yuvasında da sərgiləməyə başlayır. Anası atasına, övladlarına necə davranırsa, qız da öz ailəsində ilk olaraq bu cür hərəkət edir. Bu xüsusiyyətlərdə çatışmazlıqlar varsa, ailədə sarsıntılar dərhal hiss olunmağa başlayır.

Bütün bu səbəblərdən bütün analar min bir əziyyətə qatlanıb maddi cehizləri hazırlamaqdansa,  mənəviyyatlarını zənginləşdirib qızlarına örnək olsalar övladları daha xoşbəxt olar.

 


Gülnarə Seyidova
Bu yazıya 400 dəfə baxılıb.