Ən ideal ailə yuvası


Fatimə Zəhra
Bu yazıya 583 dəfə baxılıb.

Rəbbimizin bütün insanlığa nümunəvi şəxsiyyət olaraq lütf etdiyi Peyğəmbərimizin - sallallahu əleyhi və səlləm - ailə yuvası, hər baxımdan ən ideal və nümunəvi bir yuvadır.

O yuva, dünyanın elə dinclik və gözəllik dolu yuvası idi ki, günlərlə isti bir yemək bişmədiyi halda, hər zaman xoş ətirli səadət qoxusu verərdi. Üstəlik, o müqəddəs yuvada xanımların otağı ancaq başlarını salacaq bir məkandan ibarət idi. Lakin o yuvanın ən ləzzətli ruzisi - rıza, səbir və təslimiyyət idi. Allah Rəsulunun -sallallahu aleyhi və səlləm- ailə həyatında tətbiq etdiyi tərbiyə üsulu, onların ürəklərini sonsuz bir bağlılıq, hörmət və məhəbbətlə doldurmuşdu.

Heç bir qadın həyat yoldaşını, validələrimizin Allah Rəsuluna -sallallahu aleyhi və səlləm- olan sevgiləri dərəcəsində sevə bilməz. Heç bir ər də, xanımını, Allah Rəsulunun mübarək xanımlarına olan məhəbbəti səviyyəsində sevə bilməz. Heç bir övlad, Həzrəti Fatimənin atasını sevdiyi qədər sevə bilməz. Heç bir ata da övladını, Allah Rəsulunun Həzrəti Fatiməni sevdiyi qədər sevə bilməz.

Peyğəmbərimiz -sallallahu əleyhi və səlləm- hər biri möminlərin anaları məqamında olan xanımları arasında ədalətə də çox ciddi riayət etmişdir. Bu barədə əlindən gələn səyi göstərmiş, lakin mütləq ədaləti təmin etməyin çətinliyini da etiraf məqsədi ilə Cənabı Haqqın əfv və mərhəmətinə sığınmışdır.

 

Peyğəmbərimizin birdən çox xanımla evlənməsi

Rəsulullahın -sallallahu əleyhi və səlləm- evlilikləri heç bir zaman nəfsani səbəblərlə olmamışdır. O, iyirmi beş yaşında ikən, özündən on beş yaş böyük olan Həzrəti Xədicənin təklifini qəbul edərək onunla evlənmişdir. Məkkənin bütün böyükləri Həzrəti Xədicə ilə evlənmək arzusunda idi. O isə əxlaq və şəxsiyyətinə heyran olduğu Peyğəmbərimizlə evlənmək istəyirdi. Peyğəmbərimiz də Həzrəti Xədicəni malına və nəfsinə görə deyil, yüksək fəziləti səbəbi ilə qəbul etdi. Çoxevliliyin məşhur olduğu bir cəmiyyətdə əlli yaşlarına qədər tək xanımla evliliyin səadətini təmsil etdi. Ancaq həyatının sonlarına doğru birdən çox evlənməsini vacib etdirən bəzi səbəb və hikmətlər zühur etdi:

a) Rəsulullah bəzi evliliklərini, müxtəlif qəbilələrlə qohum olub səmimi münasibətlər qurmaq, İslamı yaymaq və qüvvətləndirmək üçün etmişdir. Məsələn, Xeybərdəki Yəhudi

liderinin qızı Safiyyə -radiyallahu anha- ilə evliliyi, yəhudilərlə mövcud münasibəti düzəltmək üçündür. Yenə bir qəbilə rəisinin qızı olan Cüveyriyə -radiyallahu anha- ilə izdivacı da minlərlə hərb əsirinin eyni anda azadlığa qovuşmasına və bu vəsilə ilə bütün qəbilələrin hidayətinə səbəb olmuşdur.

b) Allah Rəsulu -sallallahu aleyhi və səlləm- evliliklərinin əksəriyyətini, ev içindəki davranış və sünnətlərinin insanlara çatdırılması və İslamın qadınlar arasında təbliğ və təlim edilməsi üçün etmişdir. Peyğəmbərimizin xanımları, İslami hökmlərin öyrədilib izahında uzun müddət çox mühüm vəzifələr icra etmişlər.

c) Ümmətinin himayəçisi olan Allah Rəsulu -sallallahu aleyhi və səlləm- İslama ilk girən və bu səbəblə müxtəlif çətinliklərə düçar olan fədakar səhabələrini təltif və mühafizə etmək üçün də bəzi evliliklər etmişdir. Məsələn, Əbu Süfyanın qızı Ümmü Həbibə ilə evliliyində, bu cəfakeş qadının təltif edilməsi əsas məsələ idi. Çünki Ümmü Həbibə -radiyallahu anha- əri Həbəşistanda irtidad (din dəyişdirmə) etdiyi və özü çox çətin şərtlər altında qaldığı halda, dinini müdafiə etmiş və o sırada Məkkənin lideri olan atası Əbu Süfyana, iman həssaslığı və təvazökarlıq göstərərək müraciət etməmişdir.

d) Cəmiyyətdəki bəzi səhv inanç və anlayışların yenilənib dəyişdirilməli idi. Peyğəmbərimizin Zeynəb binti Cahş anamız ilə evliliyi də bu səbəblə olmuşdur. Bu və bənzəri hikmətlərə görə Allah Təala, Peyğəmbərimizə birdən çox xanımla evlənməsini əmr etmişdir (Baxın: Əl-Əhzab, 37, 50).

 

Həyat yoldaşını seçmək

 

Allah Təala, bütün varlıqları cüt yaratmış, təklik və təkliyi yalnız özünə xas bir xüsusiyyət etmişdir. Bu səbəbdən digər bütün varlıqlar, bir-birlərinə möhtacdır. Digər tərəfdən Cənabı Haqq, öz məhəbbətinə hazırlayıcı bir vəsilə olaraq kişi və qadın arasına bir məhəbbət və mərhəmət hissi qoymuşdur. Bunların qanuni bir zəmində reallaşdırması üçün də, nikah əhdi ilə ailə yuvası qurmağı əmr etmişdir. Bu baxımdan ailə yuvası, həm Allah məhəbbətinə çatmaq üçün bir pillə, həm də nəsillərin davamı üçün ilahi bir qanundur.

Yəni evlilik, həm bədəni bir ehtiyacdır, həm də mənəvi inkişafın əsaslı bir zəminidir. Evlilik sayəsində, nəfsani arzular idealizə edilərək xeyirli nəsillərin yetişdirilməsinə vəsilə olunur. Cənabı Haqq, bu məsələ ilə əlaqədar olaraq bizlərə bu duanı təlqin etmişdir:

Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! (əl-Furqan, 74)

Hüzurlu bir yuva təsis etmək üçün yoldaş seçərkən İslamın qoyduğu qaydalara həssaslıqla riayət etmək şərtdir. Bu qaydalar bunlardır:

Evlənəcək insanlar, yoldaşlarını; sırf zahiri gözəllik və zənginlik kimi keçici və nəfsə xoş gələn səbəblərə görə seçməməlidirlər. Yalnız əqli və nəfsani arzu və həvəslərlə reallaşan bir evlilik məhəbbət və ülfət meyvəsini hasil etməz. Çünki belə evliliklərdə insanlar, ümumiyyətlə, nəfsani arzularının köləsi olurlar. Bu səbəbdən evlənərkən, iman və əxlaq kimi təməl mənəvi xüsusiyyətlərə üstünlük verərək seçim etmək lazımdır. Bu barədə Rəsulullah -sallallahu əleyhi və səlləm- belə buyurmuşdur:

"Qadın, dörd şeyi, yəni malı, gözəlliyi, soyu və dindəki kamalı üçün nikahlanır. Siz dindar olanını seçin ki, əlləriniz xeyir görsün!" (Buxari, Nikah, VI, 123; Müslim, Rada, 53)

Bu hədisi-şərif eyni zamanda, evləniləcək bir kişidə axtarılmalı olan xüsusu da ehtiva edir. Çünki hər mömin üçün təqvadan sonra ən qiymətli nəsib, evləndiyi kimsənin gözəl əməl sahibi olmasıdır.

Saleh kişi, dinclik sarayının sarsılmaz dirəyi; salehə qadın da, səadət bağçalarının ən qiymətli bəzəyidir.

Bir də ailələr arasındakı bərabərlik mütləq nəzərə alınmalıdır. Bu bərabərlik, zənginlik, ədəb və mədəniyyət birliyi kimi müxtəlif ünsürlərə baxılaraq təyin edilməlidir. Hamımız görürük ki, evlənərkən səhv seçimlərdə olan gənclərimiz, yersiz boşanmalarla özlərini, uşaqlarını və ailələrini pərişan edirlər. Daha dəhşətlisi isə, nə qədər qafillər evliliyə yanaşmayıb bir çox günah və haram girdabında pərişan olurlar.

Nikahdan kənar evliliklər, insanın yaradılış məqsədinə uyğun olmadığı üçün, nəticəsi də tam bir xüsran və çöküşdən ibarətdir. Bu vəziyyətdən həm fərd, həm ailə, həm də millət böyük zərərlər görür.

Cənabı Haqq, qullarını bu təhlükələrdən mühafizə etmək üçün nikahdan kənar evlilikləri böyük günah olaraq elan etmiş və onlar üçün son dərəcə ağır cəzalar qoymuşdur.

Xülasə, nikah, məsul varlıqlar olan insanlar və cinlərə məxsus bir haldır. Digər məxluqat isə bu barədə sərbəstdir. İnsanlıq şərəf və ləyaqətini qoruya bilmək üçün iffətin mühafizəsi zəruridir.


Fatimə Zəhra
Bu yazıya 583 dəfə baxılıb.