Mənəvi.yyatыmыza qala quraq


GÜNEL İSMAYİLOVA
Bu yazıya 1172 dəfə baxılıb.

“Vətən sevgisi imandandır” deyiblər. Nədən belədir görəsən? Bunun hikmətini axtarsaq? belə nəticəyə gəlmək olar ki, məhz  imanımıza xas olan dəyərləri yaşayıb həyata keçirmək üçün vətənə ehtiyac var. Böyüklərin dediyi kimi “Din vətəndə yaşanar, bayraq vətəndə dalğalanar və namus vətəndə qorunar”.

Təəssüflər olsun ki, günümüzdə ölkəmizdəki cəmiyyətin yaşlı təbəqəsinə mənsub bəzi insanlar Lenin nəzəriyyəsi ilə yoğrulmuş zehinlərə sahib ikən, gənclərimizin də bir çoxu Avropa mədəniyyətinə rəğbət göstərməkdədir. Belə bir tablo qarşısında milli ruhdan bəhs etmək bir zamanlar ölkəmizin bir çox yerlərini gəzmədən, görmədən mənim üçün çox çətin idi. Artıq mənim üçün vüqarlı ağsaqqallarımız, nur üzlü ağbirçəklərimiz, kəlağayılı gəlin-qızlarımız, bir sözlə bütün mənəvi dəyərləri özündə daşıyan azərbaycanlı obrazı ancaq xəyallarda, nağıllarda, kitablarda qaldığını düşünürdüm. Nə zaman ki, Rəbbim qədərimdəki həyat yolumu Bakının Qala kəndinə saldı, onda hər şey dəyişdi. Bu məkana gəldikdən sonra qəlbimdəki milli ruh boşluğunu burada nisbətən doldura bildim.

Qədim yaşayış məskəni olan Qala kəndinin tarixi eramızdan əvvəlki dövrləri- e.ə. III-II minillikləri-əhatə edir. Onun dar küçələri, hündür hasarları insanı həqiqətən keçmişə aparır. Kiçik bir kənd olmasına baxmayaraq burada 5 məscidin mövcud olması, XII-XIV əsrlərə aid olan hamamları, qəbiristanlığında Quran ayələri yazılmış məzarlar və digər İslam mədəniyyətinə aid olan abidələr vaxtilə burada İslam dinini bütöv bir cəmiyyət halında yaşayan müsəlman əcdadlarımızın həyat tərzini əks etdirir.

Ağsaqqalların rəvayətinə görə yaxın keçmişə qədər məhrəmiyyət mövzusuna çox həssaslıqla riayət olunurmuş. Məsələn, qadınların geyimi tamamilə milli-mənəvi dəyərlərimizə uyğun imiş. Həyətlərin giriş qapılarında tax-taxlar varmış. O döyüləndə gələn adamın naməhrəm olmağı bilinirmiş və evin xanımları dərhal dəhlizə çəkilirlərmiş. Ailə başçısı evə gələndə evin xanımı əlində dəsmal qapıda hazır durarmuş. Kişi evə daxil olan kimi ayaqlar yuyular və hazır süfrəyə dəvət olunarmış. Evin böyüyü “bismillah” deyib süfrəyə əl uzatmadıqca, kiçiklər yeməyə toxunmazdılar. Bax budur bizim mədəniyyətimiz, milli ruhumuz...

Günümüzdə burada yaşayan insanların yaşayış tərzi əsrlərlə qoruyub saxlamağa çalışsalar da, zəngin İslam mədəniyyətinin ateizm süzgəcindən keçən zədələnmiş formasıdır. Amma yenə də nüvəsində İslam nurunu ehtiva edən adət-ənənələrimizə uygun yaşayan Qala əhalisini gördükdə, məsələn, qonaq gedərkən kişi və qadınların ayrı otaqda oturmaları, qadınların yarımçıq da olsa baş örtüyü örtmələri, hətta yaşmaqlanmaları, comərdlikləri, qonaqpərvərlikləri, səmimiyyətləri, çoxövladlığa rəğbətləri, qohumluq əlaqəsinə riayətləri, ibadətə rəğbətəri və s. kimi gözü və könlü oxşayan mənzərələr qarşısında qəlbimin ümid çiçəkləri açılmağa başladı. Və mən artıq əminəm ki, vətənimizin bir çox yerlərində bu ab-havanı görmək mümkündür. Bu milli ab-havanın təməlində dini ünsürlərin də rolu olduğu üçün başqa-başqa mədəniyyətlərin, inancların təsiri altında qalan milli mədəniyyətimizi qorumağın yeganə çarəsi əvvəlcə dinimizi elmi cəhətdən bərpa etməkdir. Alimlərdən biri deyir: “Elmsiz din kor, dinsiz elm şikəstdir”. Vaxtilə mənəvi dəyərlərə bağlı yetişən xalqımız dədə-baba mirasını tərk etdikdə yad ünsürlər onun yerini tutdu. Nəticədə öz-özümüzü unutduq. Deməli, biz milli-mənəvi dəyərlərimizə sahib çıxdıqca “geriqalmışlıq” kimi görünən mədəniyyətimizin əslini bərpa etmiş və milliyyətimizi əsl mənada formalaşdırmış olarıq.

Rəbbimiz hər birimizi din və vətən uğrunda  yetişməyi və yetişdirməyi nəsib etsin...


GÜNEL İSMAYİLOVA
Bu yazıya 1172 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.