Həzrəti Sevda (radiyallahu anhə)


Nəzrin Hüseynova
Bu yazıya 405 dəfə baxılıb.

Əxlaqi Keyfiyyətləri

Hz.Sevda Peyğəmbərə (s.ə.s.) qarşı çox itaətkar idi. Ona qarşı ədəb və tərbiyəsində heç qüsur etməz, əmrlərini dəqiqliklə yerinə yetirərdi. Hər yerdə bərabər olmağı və xidmətlə şərəflənməyi canla-başla istəyərdi. Çox zarafatcıl idi. Bir neçə dəfə Peyğəmbərimizi zarafatları ilə güldürmüş və duasını almışdır.

Hz. Sevda Peyğəmbərimizlə (s.ə.s.) birlikdə digər xanımları kimi savaşlarda iştirak edərdi. Uhud savaşına qatılaraq orada bir çox müsəlmanın yarasını sarmış, onlara su daşıyaraq xidmət etmişdir. Peyğəmbərimizlə (s.ə.s.) birlikdə vida həccində olmuş, Rəsulallahın (s.ə.s.) vəfatından sonra həcc və ümrə etməmişdir.

Hz. Sevda Rəsulullahın (s.ə.s.) xaneyi-səadətinə xidmətin ən gözəlini etməyə çalışmışdır. Çox təmiz bir qəlbə sahib olduğu üçün Hz. Xədicənin övladlarına öz anaları kimi baxmış, heç bir xidməti onlardan əsirgəməmişdir. Hz. Fatimə və Ümmü Gülsümə çox mülayim və mehriban davranmışdır. Onun bu səmimi və sevgi dolu qəlbinin gözəlliyi Peyğəmbərimizin (s.ə.s.) çox xoşuna gəlirdi. O Allah Rəsulunun xoşuna gələn heç bir fədakarlıqdan geri qalmırdı.

Hz. Aişə də onu vəfatından sonra daima fədakarlığı ilə yad edərdi və belə deyərdi: “Yerində olmaq istədiyim qadınlardan mənə ən sevimlisi Sevda binti Zemadır. O yaşlandığında belə demişdir: “Ya Rəsululallah, (s.ə.s.) Sizinlə birlikdə olacağım növbəmi Aişəyə bağışlayıram”.

Hz. Aişənin nəql etdiyinə görə bir gün özü Rəsulullah (s.ə.s.) üçün yemək bişirir. Həmin vaxt yanlarında Həzrəti Sevda da olur. Həzrəti Aişə Həzrəti Sevdaya:

“Buyur, sən də ye!” - deyir. Hz. Sevda yeməkdən imtina edir.

Həzrəti Aişə:

“Yeməsən üzünə sürtəcəm”,- deyir.

Hz. Sevda yenə də yemir. Hz. Aişə yeməkdən götürüb onun üzünə sürtür.

Bu mənzərə qarşısında Peyğəmbər əleyhissalam təbəssüm edir və əli ilə Sevda anamızın əlini tutub:

“Nə üçün dayanmısan, sən də onun üzünə sürt”,- buyurur.

Hz. Sevda anamız da eyni şəkildə yeməyi Hz. Aişə anamızın üzünə sürtür. Allah Rəsulu ona təbəssüm edir.

Hz. Sevda iki cahan günəşi Peyğəmbərimizdən (s.ə.s.) eşidərək rəvayət etdiyi hədislərin sayı dörd ya beşdir. Bunlardan biri Buxarinin səhihində keçir. Hz. Sevdadan da Abdullan b. Abbas və Yahya b. Əbdirrəhman hədis rəvayət etmişdir.

Hz. Aişə rəvayət edir ki, bir dəfə Peyğəmbərimizin (s.ə.s.) zövcələri bir araya toplanmış və öz aralarında Rəsulallahın (s.ə.s.) vəfatından sonra ona ilk olaraq hansımız qovuşacaq deyə müzakirə edirdilər. Bunun cavabını isə Peyğəmbərimizin (s.ə.s.) özündən eşitmək istəyirlər. Hamısı bir yerdə Rəsulullahın (s.ə.s.) hüzuruna gələrək:

“Ya Rəsulullah! Bizim içimizdən hansımız sizə birinci qovuşacaq?”- dedilər.

İki cahan günəşi onlara təbəssüm edərək:

“Vəfatımdan sobra mənə ilk qovuşacaq olan qolu uzun olandır”.

Bu sözdən sonra qamışdan çubuq gətirərək qollarını ölçdülər və Sevdanın qolu hamısının qolundan daha uzun oldu. Zeynəb binti Cahş vəfat etdikdən sonra öyrəndik ki, qolu uzun olmaqda məqsəd çox xeyir işləyən deməkmiş. Zeynəb binti Cahş Xədicədən sonra içimizdən Rəsulullaha ən tez qovuşan oldu.

Hz. Sevda anamız sədəqə verməyi çox sevərdi. Bir dəfəsində Hz. Ömər xəlifə olarkən ona bir kisə gümüş dirhəm göndərdi. O heç gözləmədən onların hamısını Allah yolunda xərclədi. Hz. Aişə xaric Hz. Peyğəmbərin digər xanımlarının hər birinə on min dirhəm verilirdi. Hz. Sevda da aldığı pulları sədəqə olaraq paylayırdı.

Hz. Aişə Hz. Sevda anamız haqqında aşağıdakıları nəql edir:

1- Rəsulullah (s.ə.s.) bir səfərə getmək istədiyi zaman xanımları arasında püşk atardı. Püşk qadınlardan hansına çıxarsa, Rəsulullah (s.ə.s.) onu yanına alıb yola çıxardı.

O, xanımlardan hər birinin gününü və gecəsini ayırardı. Ancaq Zemanın qızı Sevda gününü və gecəsini Rəsulullahın (s.ə.s.) xoşnudluğunu qazanmaq üçün Hz. Peyğəmbərin (s.ə.s.) yoldaşı Hz. Aişəyə vermişdi.

2- İbn Cərir Tabəri deyir ki; mənə Əhməd İbn Əbdirrahman Hz. Aişənin belə dediyini nəql etdi:

Hz. Peyğəmbərin (s.ə.s.) xanımları gecə zəruri ehtiyacları üçün çıxdıqlarında Mənasıya (Mədinənin kənarında bir yer) qədər gedərdilər. Ora isə açıq bir yer idi. Hz. Ömər Hz. Peyğəmbərin (s.ə.s.) qadınlarının evdən çıxmalarına razı olmazdı. Hz.Peyğəmbər (s.ə.s.) isə bunu etmirdi. Bir gün Hz.Peyğəmbərin (s.ə.s.) yoldaşı Sevda binti Zema işa namazı vaxtında çölə çıxdı. Sevda ucaboylu bir qadın idi. Hz. Ömər təsəttür əmrinin nazil olmasını çox istəyirdi. Ona: “Ey Sevda, bilmiş ol ki, biz səni tanıdıq!” – deyə qışqırdı. Allah Təala (örtünmə) ayəsini endirdi.

3- İmam Əhməd ibn Hanbəl, Buxari və Müslim Hişam İbn Urvə yolu ilə Hz. Aişədən belə nəql edirdilər: Hz.Peyğəmbərin (s.ə.s.) xanımlarından Hz. Sevda hicab ayəsi nazil olduqdan sonra bir ehtiyac üçün evdən çıxmışdı. Sevda cüssəli bir qadın idi. Buna görə də vaxtıyla onu tanıyanlar tam bir şəkildə örtülü olsa da, onu tanıyardılar. Hz.Ömər b. Xəttab onu görəndə çıxmasına etiraz edərək “Ey Sevda! Allaha and içirəm ki, sən bizə görə tanınmamış deyilsən. Necə evin çölünə çıxırsan”, – dedi. Buna görə də Hz. Sevda evinə qayıtdı.

Vəfatı

Həzrəti Sevda, Həzrəti Ömərin xəlifəliyinin son ilində hicri 22, miladi 643-cü ildə Mədinədə vəfat etmişdir və Baqi qəbiristnalığında dəfn edilmişdir.

Həzrəti Sevda vəfat etdiyində 70 yaşı var idi.

Allah Həzrəti Sevda anamızdan razı olsun! Amin!


Nəzrin Hüseynova
Bu yazıya 405 dəfə baxılıb.