Qurani-Kərim və hədis işığında ana-qadın müqəddəsliyi


Elnurə Babayeva
Bu yazıya 416 dəfə baxılıb.

Ana! Ən müqəddəs varlıq! Ən gözəl insan! Paklığın ən uca zirvəsi! Hər cür məhəbbət, hər cür istək və bağlılıq ana məhəbbəti qarşısında ya zəif, ya da təmannalı məhəbbət kimi görünür. Ana ürəyi elə bir dibi görünməyən dərinlikdir ki, burada həmişə bağlanmağa yer tapılır. Ana əlləri elə bir müqəddəsliyə malikdir ki, tənbeh üçün bizə dəyən silləsi də sığal qədər nəvazişli görünür. Ana qucağı elə bir nəvaziş hopmuş beşikdir ki, bu beşiyin şirinliyini bütün bəşəriyyət dadmış və duymuşdur. Ana dili elə bir həzin zümzümədir ki, bu dilin laylası bütün qanımıza, iliyimizə yerimiş, insanlığın başlanğıcı olmuşdur. Ana südü elə bir ilahi əfsuna malik cövhərdir ki, hər birimizin ətinə, canına hopmuş bizə qadir qüvvət vermişdir. Ana müqəddəsliyi ülvü, ana məhəbbəti bəşəri, ana laylası saflıq, pak duyğular himnidir. Biz onun qarşısında həmişə acizik və bu müqəddəslik bizim səcdagahımız, and yerimizdir. İslamdan əvvəlki cahiliyyə çağının zorbaları, gücsüzlüyünə və zəifliyinə baxmayaraq, qadını öz əsiri zənn etdilər. Onu xor gördülər, döydülər, hətta diri-diri torpağa basdırdılar. Qadını əsirlərdir döyməkdən yorulmayan zalım əlləri islam-havada yaxaladı. Onun narın vücudunu, iffətinin timsalıdır deyə örpəklərə bürüdü. Gözü maldan-mülkdən başqa bir şey görməyən, daima bunun üçün bir-birini yeyib bitirən kişilərin əlindəki

cəvahiratları alıb onlara taxdı. Zalım əllərin tutub sürüklədiyi saçları tüllərə bürüdü. Bundan sonra da kişilərə xitabən: “Qadınlarla gözəlliklə keçinin”buyurdu (Ən - Nisə, 19). İslam onları ucaldaraq kişilər ilə bərabərhüquqlu bir fərdə çevirdi. O elan etdi ki, qadın və kişinin birləşməsindən insanlar meydana gəlir. Qadın və kişi bir-birini o qədər tamamlayır ki, qadının ərindən ayrılması demək, onun cinsinin və bədəninin yarısının ayrılmasının baş verməsi deməkdir. “O Allah kı, sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” ( Ən-Nisə, 1 ) Bütün Adəm övladları üçün isə belə deyir: “Allah sizin üçün öz cinsinizdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr yaratdı” (Nəhl, 72). Quranın qadınlara olan baxışı, kişilərə olan baxışından heç də fərqli deyil. Hər ikisi Xaliqin məxluqatı, yəni yaratdıqlarıdır. Onların hər ikisinin Yer üzərindəki ən uca hədəfi Allaha ibadət, saleh əməli olmaq, şeytan və pisliklərdən çəkinməkdir. Qadını əmtəə növü kimi alıb-satırdılar və qadının mehriyyəsini onun vəlilərinə verirdilər ki, onu öz mülkləri etsinlər. Quran bu töhmətli və təhqir gətirən işi qadına qarşı olan bir cinayət hesab edərək elan etdi ki, mehriyyəni qadına onu özü üçün mülk etmək xatirinə verməzlər. Qadına qarşı olan məhəbbət və sevgi ünvanı ilə və ya kişinin doğruluğunu və sədaqətini sübut edən bir ənam ünvanı ilə verərlər. “Mehriyyəni qadının özünə hədiyyə ünvanı ilə təqdim edin” (Ən-Nisə,4). Dünya millətlərinin heç biri qadın üçün hər hansı bir hüquq tətbiq etmədiyi zamanda Quran bu münasibətlərin əksinə olaraq buyururdu: “Qadınlar cəmiyyətdə nə qədər məsuliyyət daşıyırlarsa, bir o qədər də ictimai hüquqa malikdirlər. Kişilərin qadınların boynunda haqqı,

hüququ olduğu kimi, qadınların da kişilərin boynunda haqqı və hüququ vardır” ( Əl- Bəqərə, 288). Qadınlar yalnız kişilərə xidmət üçün yaranmışdır kimi mövcud puç və mövhum fikirlərin müqabilində Qurani-Kərim belə elan etdi: “Qadınlar sizin üçün libasdır, siz də qadınlar üçün libassınız”. Qadınlara qarşı bütün bu sərt, qaba münasibətlərin ziddinə olaraq Quran buyurub: “Onlar ilə xoş rəftarlı olaraq insaf ilə dolanın” (Ən - Nisə,21). Bütün bunların ardından “Dünya və onda nə varsa qiymətlidir. Lakin dünyada ən qiymətli şey mömin qadındır”; Ey kişilər, sizin boynunuzda qadınlarınızın haqqı vardır. Mən sizə vəsiyyət və sifariş edirəm ki, öz qadınlarınıza yaxşılıq edin. Ona görə ki, onlar sizin əlinizdə olan əmanətdirlər və ancaq ilahi Quranların icazəsi ilə sizə halal olublar”- deyə Peyğəmbərimiz (s.ə.s.) buyurdu. Bir nəfər dedi:

Ya Rəsulullah, mən böyük günah etmişəm, görəsən, tövbə etməyə və əvəzini çıxmağa yol qalıbmı?

Peyğəmbərimiz (s.ə.s.) buyurdu:

- Sənin anan varmı?

- Xeyr .

Həzrəti Məhəmməd (s.ə.s.) buyurdu:

* Xalan varmı?

* Bəli.

Peyğəmbərimiz (s.ə.s.) buyurdu:

* Onda get xalana yaxşılıq et, qoy günahın bağışlansın.

“Qadınlara yaxşılıq, insanı cəhənnəm odundan qoruyan pərdə kimi olacaqdır”;“Bir çox qadınlar ailəmin yanında toplaşır, ərlərindən şikayət edirlər. Arvadları ilə xoşrəftar olmayan və qadını qovan kişilər mənim dəstəmdən deyil!”. Və ən nəhayətində, qadına, anaya böyük dəyər verən İslam Peyğəmbəri onu ən uca zirvəyə qaldırmış, müsəlmanlara vəd olunan Cənnəti onların ayaqları altına salaraq “Behişt , anaların ayaqları altındadır”- demişdir. Müqəddəs kitabımız olan Qurani-Kərim və sevimli Peyğəmbərimizin mübarək ağzından çıxmış hədislər bir daha təsdiqlədi ki, dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvü bir hiss yoxdur. Bəşər nəsil yarandığı ilk gündən bu munis qayğıya möhtac olmuşdur və indi də olmaqdadır. Ana qucağı-behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Ana həyatımızın ən əvəzedilməz varlığı, ən ülvü canlısıdır. Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında biz hamımız baş əyirik. Ana məhəbbəti bir ümmandır. O, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.

Ana! Bax bu sözün mənası nədir?

Ana! Oda aşiq bir pərvanədir.

Dolanır başına daim övladın,

Ana-müqəddəsdir o təmiz qadın!


Elnurə Babayeva
Bu yazıya 416 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.