Burun qanaxması


Vüqarə Məmmədova
Bu yazıya 569 dəfə baxılıb.

Burnumuz bədənimizin qan damarları (vaskulyar) baxımından zəngin bir hissəsi olub üzümüzdə bir çıxıntı kimi müdafiəsiz bir mövqedə yerləşir. Burun boşluğunda çox qan damarı olduğuna görə burun qanaxması sizin ümumi vəziyyətinizi pisləşdirməkdən əlavə, həm də böyük qan itkisinə səbəb ola bilər. Bu səbəbdən burundan qanaxma yaranan zaman ilk yardımı vaxtında və düzgün göstərmək olduqca əhəmiyyətlidir.

Qanaxmanın səbəbləri

Burun qanaxması çox vaxt ciddi qəbul olunmur, lakin bu məsələyə belə yanaşma sağlamlıq üçün böyük problemlər yarada bilər. Əslində, tamamilə sağlam insan da bu cür hal ilə qarşılana bilər, amma əgər vəziyyət tez-tez təkrarlanırsa bu zaman mütləq həkimə müraciət edib səbəbini aydınlaşdırmaq lazımdır.

Burun qanaxmasının ən yayılmış səbəbi aşağıdakılardır:

mexaniki travmalar (zərbələr, zədələr);

burun boşluğunda müalicə-diaqnostik prosedurların keçirilməsindən sonra selikli qabığın zədələnməsi;

burunda yad bir əşyanın mövcudluğu;

İltihab xəstəlikləri (rinit, sinusit, adenoidit və s.);

burun arakəsməsinin əyilməsi;

burun boşluğunda yaranan şişlər;

yüksək arterial təzyiq;

qanın laxtalanmasının pozulması;

qan damarların zəifliyi;

istilik və ya gün vurma;

hormonal pozulmalar;

barometrik təzyiqin kəskin fərqləri.

Özünüzə müstəqil şəkildə diaqnoz qoymağa çalışmayın, güclü burun qanaxması vaxtı həkim müayinəsindən keçin. Baxmayaraq ki, burun qanaxması tamamilə sağlam insanlarda da yarana bilər, onun səbəblərini araşdırıb və belə vəziyyətin bir daha təkrarlanmasının qarşısını almaq lazımdır.

Bəs ev şəraitində bu problemin qarşısını necə almaq olar?

Ev şəraitində burun qanaxmasını dayandırmağın ən yayılmış üsulu − başın geri atılmasıdır. Lakin mütəxəssislər tənəffüs yoluna qanın təsadüfi düşməsinin qarşısını almaq üçün bunu etməyi məsləhət görmürlər. Burundan qan, qan-damarının zədələndiyinə görə gəldiyi üçün, burun deşiyini barmaqla basıb onu sıxmaq lazımdır. Bu zaman oturmaq, rahatlanmaq, başı irəli əymək və ağızdan nəfəs almaq arzu olunandır. Bəzən belə vəziyyətdə iki dəqiqə belə burun qanaxmasının dayanması üçün kifayət edir.

Güclü qanaxma zamanı burun deşiklərinə hidrogen peroksiddə isladılmış pambıq tamponlarını yerləşdirərək onları sıxmaq lazımdır. Yaxşı qandayandıran effektə, həmçinin damardaraldıcı damcılar  da malikdir. Onları buruna adi zökəm vaxtı olduğu kimi damcılatmaq lazım deyil, yetər ki, onlarla pambıq tamponlarını isladıb burnunuza tutasınız.

Hətta əgər bu zaman qanaxma dayansa belə, pambıq tamponları ən azı 15-20 dəqiqə burunda saxlamaq lazımdır.

Əgər qanaxma əvvəlki kimi dayanmırsa, bu zaman burunun üzərinə soyuq kompres qoymaq lazımdır. Bunun üçün sərin suda isladılmış dəsmala bükülmüş buzu 5 dəqiqə ərzində burunun üzərinə qoymaq olar. Bu vaxt ciddi soyuqdəymənin və iltihabın yaranması üçün çox azdır, amma eyni zamanda qanaxmanı dayandırmaq üçün kifayət edir.

Əgər ev şəraitində istifadə olunmuş vasitələr bir saat ərzində (uşaqlarda isə 30-40 dəqiqə ərzində) kömək etmirsə bu zaman yaxınlıqda olan poliklinikaya və ya xəstəxanaya müraciət etmək lazımdır. Bir qayda olaraq, belə müəssisələrdə burun qanaxmasının kompleks müalicəsi keçirilir.

Burun qanaxmalarının təkrarlanmaması üçün, onun yaranma səbəblərini aradan qaldırmaq lazımdır. Hipertoniklər arterial təzyiqin səviyyəsini izləməli və onun artmasına imkan verməməlidirlər. Burun boşluğunun iltihabı zamanı və ya şiş xəstəlikləri olduğu halda sətəlcəmə qarşı müalicədən keçmək lazımdır. Qanın laxtalanmasının pozulması vaxtı isə hematoloqa müraciət etmək, xəstəliyin səbəbini aydınlaşdırmaq və müalicə almaq lazımdır.

Hamiləlikdə burun qanaması.

.Hamiləlik əsnasında ana və körpənin sağlamlığı üçün damarlarda gəzən qanın miqdarı artır. Bu zaman burun selikli qişası içində olan incə damarlarda,  təzyiq səbəbi ilə çatlar əmələ gələr və bu, burun qanamasına səbəb ola bilər.

Hamiləlikdə meydana gələcək burun qanaması zamanı narahatlığa qapılmamaq, soyuqqanlı şəkildə qanaxmanı dayandıracaq şərtləri yerinə yetirmək kafi olacaq. Ancaq burun qanaması uzun sürsə, yaxud tez-tez təkrarlansa, ana namizədinin həkiminə müraciət etməsi lazımdır.


Vüqarə Məmmədova
Bu yazıya 569 dəfə baxılıb.