Geyimimizlə qarşılanırıq!


Gülnarə Seyidova
Bu yazıya 351 dəfə baxılıb.

Bəli, biz geyimimizlə qarşılanıb, ağlımıza görə yola salınırıq. Yəni insanı ilk ifadə edən, onu tanıdan geyimidir. Evdə fərqli, ziyafətdə fərqli, işgüzar görüşlərdə də fərqli geyinirik. Digər millətlərdən fərqli olaraq biz geyimə xüsusi əhəmiyyət verir. Həm özümüzün, həm də ailə üzvlərimizin gözəl geyinməsinə önəm veririk. Bu həddi aşmadıqca əslində gözəl xüsusiyyətdir. Lakin həddi aşdığımız zaman, əlimizdə olan pulu pal-paltara, bər-bəzəyə xərclədikcə gözəllikdən çıxıb israf etmiş oluruq.

İnsanlar hazırda “marka” yarışındadırlar. Sırf marka olsun deyə bütün maaşını ödəyən, ya da kredit vasitəsilə brend firmanın geyimini alan insanlara təəccüb etməmək mümkün deyil. Təsəvvür edin, kreditə alınan ayaqqabı ya da hər hansı bir geyim xarab olur, atılır amma krediti hələ də ödənir. Necə də gülüncdür. İnsanlar bir-biri ilə bəhs edib var-dövlətlərini xərcləməkdənsə büdcələrinə münasib olanı alaraq həm qənaət edərlər, həm də israfdan çəkinmiş olarlar. Allah Təala Qurani-Kərimdə buyurur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!

Geyinmək ehtiyacı, insanlara məxsus bir xüsusiyyətdir. İlk insanların belə paltar və ayaqqabı geyindiklərini nəzərə alsaq, deyə bilərik ki, geyinmək genetik bir ehtiyacdır. Təəssüf ki, artıq geyim insanların ehtiyaclarından artıq, yaşam məqsədlərinə çevrilmişdir. “Çox qazanım hansısa firmanın çantasını alım, çox işləyim filan ayaqqabını alım” kimi məqsədlər insanları uçuruma sürükləməkdədir.

Əslində geyim mövzusunu o qədər şişirtmək mənasızdır. Hər birimizin dolabında yetərli qədər geyim olduğu halda “görəsən nə geyinim, bütün paltarlarımı artıq hər kəs görüb” düşüncəsi ilə yaşamaq özümüzü bədbəxt hiss etməyə səbəb ola bilər. Belə olan halda geyinməyə heç bir paltarı ya da cəmi bir paltarı olanları xatırlasaq özümüzü daha yaxşı hiss edəcəyimizdən əminəm.

Hər bir insanın özünə yaraşan, bəyəndiyi bir geyim şəkli də vardır. Bu işdə insanlara “kömək” məqsədi ilə bir sıra moda şirkətləri fəaliyyət göstərir. Qadınların həssas xüsusiyyətlərini nəzərə alaraq hər il yeni bir dəb ortaya atmaqla milyardlarla pul qazanırlar. Hazırda mövcud olan moda, qadının maraq dairəsinə xitab edir. Seçilmə və bəyənilmə duyğusu, qadının əsas psixoloji ehtiyaclarından biridir. Moda belə bir daxili məcburiyyətə xitab edir. Yaşadığımız dövrdə mövcud olan moda anlayışı, qadının cinsi kimliyini ön plana çıxarır. Lakin moda artıq öz mövqeyini dəyişərək bir xəstəliyə çevrilmişdir. Belə ki, indiki moda vasitəsi ilə qadının kimliyinə deyil, cinsinə diqqət çəkilir. Cinsini gözönünə çıxardığı zaman, toplumda mövcud olacağını hiss etdirir. Bu da erotizm və qadından mənfəət əldə etməkdir. Bu səbəbdən qadının diqqət çəkməsi, onun cəmiyyətdəki roluna zərər verir.

Günümüzdə modernləşmə ilə erotizm eyniləşdirilir. Moda, demək olar ki, qadının “cinsi obyekt” kimi diqqət çəkməsi mənasını daşıyır. Qadın cazibəsindən pul qazanmaq “modernləşmə” sayıla bilməz. Məsələn, avtomobil reklamlarında nəzərdə tutulan kütlə kişilər olmasına baxmayaraq, təqdimatda qadınlardan istifadə olunur. Qadınlar vasitəsi ilə kişilərin diqqətini çəkməyə çalışırlar. Hazırda demək olar ki, bütün sahələrdə qadının istismarı mövcuddur. Qadının mənəviyyatına zərər verən bu davranışa, qadın hüququnu qoruyan qurumlar icazə verməməlidir.

Antropoloji yöndən dəyərləndirilərsə insandan başqa digər canlılar arasında erkək cinsin nümayəndələri daha gözəl və cəlbedicidir. Tovuz quşu ya da erkək aslanlar kimi. Lakin insanlardakı göstəriş və cəlbetmə, dişidə, yəni qadında toplanmışdır. Qadının sevimli və cəlbedici olması, insan nəslinin davamı üçün lazım olan bir xüsusiyyətdir. Qadının daha gözəl və cəzbedici olması onun ən yaxşı namizədi əldə etməsinə imkan verir. Qadının özünü gözəlləşdirməsi onun təbii xüsusiyyətlərindəndir. Lakin bunun hüdudları da olmalıdır. Bu xüsusiyyətin meydana gətirdiyi ehtiyacı uyğun yerdə və uyğun zamanda və insanla qarşılaması vacibdir.

Geyimlə mədəniyyət arasında çox ciddi bağ vardır. Məsələn, Fransız dilində “kostyum” kəliməsi “adət, ənənə” mənasını ifadə edir. Geyim tərzinin formalaşmasında toplumun tələbi, ehtiyacı çox vacibdir. Məsələn, hazırda dünyanın çox yerində “blue jeans” geyinirlər. Jeans bir mədəniyyətin simvoluna çevrilmişdir və xüsusilə dəstəklənərək, dünyanın tək mədəniyyətə sahib olması üçün yönləndirmə vasitəsi olmuşdur. Bunun qarşılığında mədəni kimliyini qorumaq istəyənlər öz dəyərlərinə daha çox diqqət yetirirlər. Güclü olan mədəniyyət digərlərini özünə bənzətməyə çalışır. Lakin edilməsi vacib olan bir kimsənin mədəniyyətini dövrünün gətirdiyi imkanları istifadə edərək yaşatmasıdır. İnsan və toplum bu bağlılığı saxlaya bildiyi zaman davam gətirə bilər.

Tarix boyu bütün millətlərin özlərinə xas danışıq şəkli olduğu kimi geyim tərzi də mövcud olmuşdur. Bu xüsusiyyətlər hər bir millətin özəlliyini, özünəməxsusluğunun göstəricisi idi. Əlbəttə müasir dünyada hər kəsin milli geyim geyinməsi bəlkə çətin görünə bilər. Amma hələ də dünyada bunları yaşadan xalqlar vardır. Biz dünya, avropa modasını izlədikcə milli-mənəvi xüsusiyyətlərimizdən də uzaqlaşırıq, özəlliyimizi itiririk.

Özümüzə məxsus modamız olsun, özümüzə məxsus geyim tərzimiz olsun. Biz modaya deyil, moda bizə tabe olsun! Olsun ki, bir millət kimi var olduğumuzu, fərqli və iddialı olduğumuzu göstərək. Əks halda var olduqlarımızı itirə-itirə yoxsul bir millətə dönüşməyə məhkumuq.


Gülnarə Seyidova
Bu yazıya 351 dəfə baxılıb.