Ağac yaş ikən əyilər


Fatimə Zəhra
Bu yazıya 643 dəfə baxılıb.

Gələcək üçün fəzilətli bir cəmiyyət inşa etmək istəyiriksə, bu gündən övladlarımızı, xüsusilə də qız uşaqlarımızı mənəvi bir tərbiyə ilə yetişdirməyə diqqət verməliyik.

İnsan, "Ağac yaş ikən əyilər" məsəlinə uyğun, kiçik yaşlarda aldığı tərbiyə ilə yetişir. Çünki bu yaşlarda alınan tərbiyə, sanki daşa yazılan yazı kimi qalıcı və ömürlük olur. Bu yaşlarda göstəriləcək ən kiçik laqeydlik, gələcəkdə böyük peşmanlıqlara çevrilə biləcəyi, əsla unudulmamalıdır.

Uşaqlara və gənclərə göstəriləcək şəfqət və mərhəmət, həyatı yalnız bu dünyadan ibarətmiş kimi göstərərək onların qarınlarını doyurub gözəl paltarlar geydirmək, nəfslərini əyləndirmək, bədən ehtiyaclarını təmin etmək deyil. Əksinə, əsl şəfqət və mərhəmət, onların əbədi gələcəyini qurtaracaq mənəvi dəyərləri, gecikmədən onların şəxsiyyətlərinə aşılamaq və əvvəlcə onların ruhlarını doyurmaqdır. Bunun üçün ciddi əmək sərf etmək və fədakarlıq göstərmək lazımdır.

Əsasən də qız uşaqlarımızın ədəbli yetişdirilməsinə çox önəm verməliyik. Lakin indiki vaxtda görürük ki, bir çox ana, "qızım daha çox kiçikdir, qoy hələ həvəsini alsın!" deyərək bədən cizgilərini bildirən şalvarlar geydirərək onları böyüdürlər.

Lakin kiçikyaşından vərdiş olunan xüsusiyyətlərə alışıldıqdan sonra asanlıqla imtina etmək mümkün olmur. Belə böyüyən qızlar böyüyəndə də verilən öyüdlərə qulaq asmırlar. Bununla da qəlblərindəki təsəttür həssaslığı itir. Rəsulullah (s.ə.s.) peyğəmbərimizin buyurduğu kimi "geyinmiş çılpaqlar" halına gəlirlər. (Baxın. Müslim, Cənnət, 52)

Bu səbəbdən bizə İslam fitrəti ilə təslim edilən övladlarımızı kiçik yaşlardan etibarən təsəttür tərbiyəsiylə böyütməyimiz zəruridir.

Bir ana ürəyi və qucağı, uşaq tərbiyəsi edildiyi möhtəşəm bir dərsxanadır. Çünki kiçik yaşdakı uşağa deyilən hər söz, onun şəxsiyyət binasına qoyulan bir kərpic kimidir. Şəfqətin mənbəyi olan analar da gözəl bir tərbiyə alan balalar, həyatları boyunca daha az səhv edərlər. Müvəffəqiyyətsizlik və fəlakətlərə baxmayaraq, səbir, mətanət və müqavimətlərini sonuna qədər mühafizə edə bilən kəslər də daha çox salehə bir ana tərəfindən yetişdirilən kəslərdir.

Tarixə baxdığımız zaman bütün övliya və Fatehlərin, insanlara və dünyaya yön verən bacarıqlı liderlərin arxasında saleha bir ananın olduğunu görürük. Bu səbəblə də fərasətli saleha analar var olduqca, bu dünya daha hüzurlu və daha yaşanacaq bir hala gələr.

İnsanın mənəvi halının sirayət xüsusiyyəti vardır. Üstəlik bu, sirayət edən halın "müsbət" və ya "mənfi" olmasına da bağlı deyil. Hər vəziyyətdə mümkündür. Rəsulullah (s.ə.s.), bir hədisi şərifində belə buyurmuşdur:

"Yaxşı yoldaşla pis yoldaşın misalı; müşk daşıyanla körük vuran insanlar kimidir. Müşk sahibi ya sənə qoxusundan hədiyyə edər və ya sən ondan satın alırsan.

Körük vuran isə; o, ya sənin paltarını yandırar, yaxud da onun pis qoxusu sənə sirayət edər" (Buxari, Büyu, 38).

Cənabi-Haqq qadına ayrı, kişiyə ayrı xüsusiyyətlər lütf etmişdir. Bu vəsflər, hər ikisinin də cəmiyyətdəki vəzifələrini layiqincə yetirmələrinə görə şəkilləndirilmişdir. Lakin hal-hazırda "qadının kişiləşməsi, kişinin də qadınlaşması" cəmiyyətin əsas mövqeyində olan ailənin sanki erroziyaya uğramasının ən mühüm səbəblərindəndir.

Halbuki Rəsulullah (s.ə.s.), qadınlaşan kişilərə və kişiləşən qadınlara (Baxın. Buxari, Libas, 62), yenə də qadın kimi geyinən kişiyə və kişi kimi geyinən qadına lənət etmişdir (Baxın. Əbu Davud, Libas, 28).

Bu gün təəssüf ki, qadınlar kimi bəzənib düzənən, kişilər kimi geyinən qadınlar, dövrümüzün müasir çirkidir və cəmiyyətin utanc yeridir. Çünki İslam cəmiyyətində qadın, xanımlığını iffət, nəzakət və incəliyini qorumaq; kişi də ona yaraşan xüsusiyyətlərlə, yüksək bir şəxsiyyətə sahib olmaqla mükəlləfdir.

Həzrət Mövlana belə buyurmuşdur:

“Bir insani, öz ziddi ilə bir yerdə qoymaq; bu, onun üçün ölüm əzabına bərabərdir”.

Bu gün axırzaman fitnələri meydana çıxmışdır. Şeytanın mallara və övladlara ortaq olduğu bir zəmanə gəldi. Kredit kartlarının düşünmədən istifadə edilməsi səbəbiylə, bir çox insanın faizə qoşulduğu bir zamandayıq. Yalnız qazanc və ruzi nöqtəsində deyil, qadın-kişi münasibətləri, qarmaqarışıqlıq, göz, qulaq və qəlb münasibətlərində haram-halala diqqətsizlik son həddinə çatıb. Ailədə faciələr artır,

boşanmalar çoxalır. Nəsillər sahibsiz qalıb. Belə bir zamanda halalı axtarmaq və tapmaq çox çətinləşib. Lakin buna diqqət etmək, dünəndən daha çox mühimdir.

İnsan ömrü, həyata təfəkkür dərinliyiylə baxa bilən bir kimsə üçün əslində çox böyük bir ibrətdir. Çünki insan incə bir budaq kimi, uşaq olaraq dünyaya gəlir, get-gedə böyüyüb, gənc bir cavan halına gəlir. Lakin bu proses, orta yaş ilə birlikdə, tərsinə dönər. Sanki bədəndə bahar-yaz bitib, payız-qış başlayır. Ağacların yamyaşıl, həyat dolu yarpaqlarının quruyub saralıb sərt küləklərlə töküldüyü kimi; insanın da saçları yavaş yavaş ağarmağa, dərisi qırışmağa, bədənin taqəti kəsilməyə başlar. Müxtəlif xəstəliklər tapar, get-gedə beli bükülər, dizlərində taqət qalmaz.

Ayəti-kərimədə buyurulur:

"Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?" (Yasin, 68)

Şeyx Sədi buyurur:

"Ey Adəmoğlu! Bəzən nemət içində məğrur və qafil; bəzən yoxsulluq içində ümidsiz və kədərlisən. Sənin şən və kədərli zamanındakı halın budur. Bilmirəm ki, Rəbbinə (həmd, şükür və riza halında) qulluğu nə zaman edəcəksən?!. "


Fatimə Zəhra
Bu yazıya 643 dəfə baxılıb.