Salehə bir xanım


Osman Nuri Topbaş
Bu yazıya 357 dəfə baxılıb.

Salehə bir xanım, cəmiyyətin gerçək memarıdır. Çünki o, nəslin qorunması və xeyirli övlad tərbiyəsi kimi ülvi bir məsuliyyəti ürəyində daşıyır. Ona görə də:

"Bir oğlan övladını tərbiyə etsəniz, bir insan yetişdirmiş olarsınız. Bir xanımı tərbiyə etsəniz, bir ailəni, hətta cəmiyyətin böyük bir hissəsini yetişdirmiş olarsınız", - deyilmişdir.

Uşağın təhsil aldığı ilk sinif, ana ürəyidir. "Ana bir məktəbdir" sözü də bu həqiqətin bir ifadəsidir. Ananın ağzından çıxan hər bir söz, uşağın şəxsiyyətinin inşasında istifadə olunan bir kərpic kimidir.

Salehə bir xanım;

Ailənin hüzurunu təmin edən və könülləri işıqlandıran büllur bir çilçıraqdır.

Ailəsinə cənnət səadəti bəxş edən xoş qoxulu bir çiçək, səadət bağçalarının ən qiymətli bəzəyidir.

Şəfqət, mərhəmət, iffət, ədəb, həya, təvazö, comərdlik, təfəkkür və hissiyat ilə zirvələşən fəzilət abidəsidir.

Evinin işlərini, yoldaşının və uşaqlarının xidmətini əda edərkən belə Qurani-Kərim ilə ünsiyyətini ehmal etməyən salehə xanımdır.

Ətrafındakı insanlarla çox lətif bir dillə, nəzakət və dözüm ilə rəftar edən bir zəriflik nümunəsidir.

Onun ürəyi öz balası ilə yanaşı, yer üzündəki bütün aciz, möhtac uşaqları qucaqlayan bir rəhmət dərgahıdır.

Salehə xanım, möminin təqvadan sonra sahib ola biləcəyi ən xeyirli nemətdir.

Necə ki, Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində:

“Mənə dünyanızdan, qadın və gözəl qoxu sevdirildi, namaz da gözümün nuru qılındı”,- buyurmuşdur. Yəni salehə bir xanımı Cənabı-Haqq sevmiş və Həbibinə də sevdirmişdir.

Ayəyi-kərimədə: "Ey Rəbbimiz! Bizə gözümüzü işıqlandıracaq zövcələr və övladlar ehsan buyur ..." - buyrulması da salehə xanım yetişdirmənin əhəmiyyətinə diqqət çəkir. Bu xüsusiyyətləri daşıyan salehə xanımlar üçün Peyğəmbər (s.ə.s.):

"Cənnət anaların ayaqları altındadır!" (Nəsai, Cihad, 6; Əhməd, III, 429; Süyuti, II, 125) - buyurmuşdur

Peyğəmbərimiz (s.ə.s.) salehə bir xanımı belə vəsf etmişdir:

"Mömin, Allaha təqvadan sonra ən çox salehə bir yoldaşdan xeyir görər. Belə bir qadına əmr etsə itaət edər. Ona baxsa sevinc duyar. Bir şeyi edib etməməsi barəsində and içsə, qadın bunu yerinə yetirərək onu anddan qurtarar. Zövcəsindən ayrılıb uzaq bir yerə getsə, qadın həm öz namusunu qoruyar, həm də ərinin malı barəsində xeyirli və dürüst olar" (İbni Macə, Nikah, 16/17).

Salehə bir xanım, ilahi qüdrətin insanoğluna lütf etdiyi bir şəfqət qucağıdır. Ailə ocağındakı fərdlərin əsəbini, xüsusilə uşaqların dəcəlliklərini əridəcək fəzilət cövhəri, ana ürəyidir. O, bir tərəfdən ailənin mənəvi sevinc günəşi, bir tərəfdən də günah bataqlığı və əxlaqsızlığa qarşı ailənin qoruyucu zirehidir.

Salehə bir xanımın təqva və istiqaməti, ərini, uşaqlarını, qohumlarını və hətta qonşularını xeyirli və gözəl işlərə təşviq edəcək mahiyyətdə olar.

Şübhəsiz ki, ailə həyatında bir xanımın ən mühim vəzifə və məsuliyyəti, ərinə qarşı olanlardır. Bu mənada salehə bir xanım:

Ərini heç bir zaman laqeyd yanaşmaz, ailə fərdləri arasında onu ikinci sıraya salmaz.

Əri evinə gəldiyində onu qapıda, gülər üzlə qarşılayar, evindən çıxarkən də gözəl sözlər və dualarla yola salar.

Üst-başını və evini təmiz, səliqəli və gözəl saxlamağa diqqət edər. Ərinin nifrətinə səbəb olacaq pis görünüş, xoşagəlməz qoxu və s. mənfiliklərdən qaçınar.

Ev işlərində və uşaqlara xidmət edərkən çox yorulmuş olsa belə, bunu müəyyən etməz, ərinin yanında üzünün ifadəsini dəyişməz. Onun problemlərini paylaşar, şirin dili ilə təsəlli qaynağı olar, yorğunluğunu atmasına yardım edər.

Salehə bir xanım, ərini məmnun edə bilmək üçün onun hisslərini, ideallarını, maraq sahələrini, zövqlərini yaxşı anlamağa səy göstərər. Məsələn, ərinin yemək yeməyi, istirahət etdiyi vaxtları yaxşı təqib edər. Yəni bunları hansı vaxtda etməyi vərdiş halına gətirmişsə, o vaxtları nəzərə alıb hazırlığını vaxtında edər.

Salehə bir xanım, ərinə xeyirli hər işində dəstək olar.

Ailə sirlərini kimsəyə ifşa etməz.

Salehə bir xanım, ərinin sevinciylə sevinər, kədəriylə kədərlənər. Sanki iki bədəndə tək bir ürək olar.

Həyat sürprizlərlə doludur. Səadət mövsümləri kimi, fəlakət zamanları da olur. Belə vəziyyətlərdə salehə bir xanım, əlindən gələn heç bir fədakarlığı əsirgəməz. Ərinin yükünü yüngülləşdirməyə cəhd edər. Əri evinə nə gətirsə, buna həmd edər, şükür edər, şikayəti unudar, rıza halında olar.

Salehə bir xanım, ancaq ərini sevib saymaqla qalmaz, onun qohum və dostlarına da hörmətlə yanaşar. Hətta bir seçim qarşısında qalsa, fədakarlıq göstərib ərinin ailəsinə daha çox yaxınlıq göstərər. Çünki bu davranışın, ərini məmnun edəcəyini bilər.

Salehə bir xanım, Allahın təyin etdiyi məhrəmiyyət sərhədlərinə dəqiqliklə riayət edər. Məsələn, tək olduqda, nikah düşən birini, qohumdan belə olsa evinə dəvət edə bilməz. Heç bir zaman saf və gözəl niyyət gözlüyünü taxıb məhrəmiyyət divarlarını yıxmaz. Dümağ bir paltar kimi olan namus, iffət və heysiyyətinə ən kiçik bir ləkə belə düşməsinə fürsət verməz.

Salehə bir xanım, ərinin davranışlarına çox diqqət edər. Əgər ərinin hər hansı bir məsələ barəsində əsəbləşdiyini fərq etsə, məsələni münaqişə dərəcəsinə çatdırmadam, səbirli, sükunət və mülayimliklə yoluna qoymağa çalışar.

Salehə bir xanım, əri nə qədər əsəbləşsə də, özünə yaraşan ədəb və tərbiyə dairəsinin xaricinə çıxmaz. Hirsli halda edilən münaqişələrin heç bir xeyir gətirməyəcəyini, əksinə, aradakı məhəbbət və hörməti zədələyib ailə yuvasını təhlükəyə atacağını daim göz qarşısında saxlayar. Ərinin xətasını anlayıb düzəldəcəyi zamanı səbirlə gözləyər ...

Bax, bu və bənzəri fəzilətlərlə özünü ailəsinə həsr edən salehə bir xanım, sonsuz bir sevgiyə, dərin bir hörmətə və ömürlük bir təşəkkürə layiqdir .

Rəsulullah (s.ə.s.) da belə salehə bir xanımın axirət mükafatını:

"Əri özündən razı olduğu halda ölən (təqva sahibi bir) qadın Cənnətə girər" (Tirmizi, Rada, 18/19; İbni Macə, Nikah, 20) bəyanı ilə müjdələmişdir.

Cənabı-Haqq bu müjdəyə nail ola bilməyi bütün xanımlarımıza lütf və kərəmiylə ehsan buyursun. Amin.


Osman Nuri Topbaş
Bu yazıya 357 dəfə baxılıb.