Ailədə namaz


Neslihan Güneş
Bu yazıya 673 dəfə baxılıb.

Bismillahir Rəhmanir Rəhim

Allaha həmd, Onun Peyğəmbərinə salat və salam olsun.

“İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (Bəqərə surəsi, 2/277)

Qurani-Kərimdə iman və saleh əməl bir çox yerdə birlikdə keçir. Saleh əməlin başında da namaz var. Aləmlərin Rəbbinin imandan sonra bizdən istədiyi ilk şey namazdır. Bu səbəbdən namaz mövzusuna diqqət etməli və haqqıyla yerinə yetirməyə səy göstərməliyik. Bu ayəyə baxaq: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!” (Ənkəbut surəsi, 29/45). Namazın bu xüsusiyyətinin bizim üzərimizdə təsirli ola bilməsi üçün də iki əsasa diqqət etmək lazımdır:

“O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (Muminun surəsi, 23/2);

“Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);” (Muminun surəsi, 23/9).

Mömin, namazını qorumalı və namazında davamlı olmalıdır. Bunu unutmamaq lazımdır ki, bir müsəlmandan iman etdikdən sonra istənilən ibadət namaz olduğu kimi, məsul olduğu ilk ibadət də namazdır. Namaz mövzusunda Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:

"Namaz qılmayanın dini sağlam deyil. Dində namazın yeri, bədəndə başın yeri kimidir" (Təbərani, əl-Mucəmus-Sağir, 107).

"Qul ilə küfr arasında namazın tərki vardır" (Əbu Davud, Sünnə, 14; Tirmizi, İman 9).

Ağlı başında olan, Allaha və axirət gününə iman edən bir müsəlman üçün namazın yeri məlumdur. Amma çox əfsuslar olsun ki, namaz qılan bir çox valideynlərin uşaqları namaz qılmır. Ana-ata namazlı, amma övlad namaz qılmır. Bu gün bir çox valideynlərin, bəlkə də ən böyük çətinliklərindən biri budur. Bu vəziyyətdə bizim yanaşmamız necə olmalıdır? Yalnız öz namazımızdanmı məsuluq? Yoxsa ev əhlinə, xüsusilə də övladlarımıza qarşı məsuliyyət daşıyırıq?

Bunu bilmək lazımdır ki, bir adam, özü Allaha qarşı məsul olduğu kimi ailə fərdlərindən də məsuldur. Quranda buyurulur ki:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)” (Tahrim surəsi, 66/6).

Bu ayə müdhiş bir xəbərdarlıqdır. Yanacağı insanlar və daşlar olan bir atəş!

Demək ki, ailə fərdlərinin namaz qılmamasına laqeyd yanaşmaq olmaz. Yəni mən namazımı qılım, yoldaşım, uşaqlarım, anam, atam, qardaşlarım, qardaş oğullarım nə edirsə etsin, deyə bilmərik. Xüsusilə evin rəisi olan kişi, həyat yoldaşı və uşaqlarının namazı mövzusunda məsuldur. Ana, uşaqları mövzusunda məsuldur. Evdə kişi, yoldaşının yemək edib etmədiyindən və ya ev işlərindən əvvəl, xanımın namazını əhəmiyyətli görməli, bir axsaqlıq görsə ilk iş onun namazını nizama salmalıdır. Valideynlər uşaqların məktəbdə əldə etdiyi müvəffəqiyyətə əhəmiyyət verdikləri qədər, təəssüf ki, namaz mövzusuna vermirlər. Halbuki ailə, namazın öyrənildiyi ilk məktəbdir. Uşağın bütün əxlaqi təhsilinin ilk təməli evimiz olduğu kimi, namaz vərdişi da evdə verilməlidir.

Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)! (Taha surəsi, 20/132).

Ailəmizə namazı öyrətməklə əmr olunduq. İslam yuvasında hər fərdin namaz əhli olması üçün böyüklər maksimum dərəcədə səy göstərməlidir. Yoxsa heç fərqinə varmadan uşaq böyüyər və namazsız olaraq qarşımıza çıxar. Evimizdə namaz şüuru olmalı, evimiz namazgahımız olmalı və uşaq da bu mühitdə böyüməlidir.

Quran bizə cənnət əhli ilə cəhənnəm əhlinin bir dialoqundan bəhs edir:

“Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)” (Müddəssir surəsi, 74/39-47).

Maraqlıdır ki, ayədə "Səqərə" olaraq adlandırılan bu əzaba düşənlərin ilk xüsusiyyəti namaz qılmamış olmalarıdır. Əlimizlə böyütdüyümüz uşaqlarımızamı bu sualı verəcəyik yoxsa? Bunu düşününcə insan dəhşətə gəlir. Özü namaz qılan, amma uşaqları namaz qılmayan ana-atalar Müddəssir surəsinin bu ayəsini bir dəfə daha düşünsünlər.


Neslihan Güneş
Bu yazıya 673 dəfə baxılıb.