Lənətlənən qadınlar və kişilər


Samirə Mahmudova
Bu yazıya 386 dəfə baxılıb.

Allah-Təala insanlığı bir kişi və bir qadından yaratmış, ikisini də fərqli xilqət və təmayüllə zənginləşdirmişdir. Birisi digərinə görə daha güclü və nəslin idarəçisi, digəri isə onun sirdaşı, şəfqətli və mərhəmət sahibi biridir. Hər birini ayrı-ayrı qabiliyyət və xarakter olaraq xəlq etməsi, hər cinsə müxtəlif məsuliyyətləri yükləməsi nəslin davam etməsi üçün zəruri şərtdir. Biri digərinin işindən məsul deyildir. Bir ailə və nəslin, ümumiyyətlə də, cəmiyyətin davam etməsi üçün hər biri öz üzərinə düşən hüquq və davranışlarına diqqət etməlidir.

Rəsulullah (s.ə.s.) kişi və qadına düşən öhdəlikləri incəliklərinə qədər ümmətinə başa salaraq, bunların yerinə yetirildiyi təqdirdə qadınlar və kişilərin Allahın möminlər üçün hazırladığı cənnətə qovuşacaqlarını müjdələmişdir. O, cəmiyyətdə əxlaqi nizamın pozulmaması və fitnə-fəsada uğramaması üçün ümmətini yasaq edilən və Allahın lənətinə səbəb olacaq əməllərdən çəkindirməyə çalışmışdır. Allahın lənətinə səbəb olacaq əməllər kişi və qadının öz cinsinə yaraşmayan hərəkət və davranışları etməsindən, qarşı cinsə bənzəməyə çalışmasından qaynaqlanır. Peyğəmbərimiz (s.ə.s.) lənətlənən kişi və qadınların kimlər olduğunu hədislərində ümmətinə bildirmişdir. Bunlar:

Rəsulullah (s.ə.s.): “Danışıq və hərəkətlərində qadın kimi davranan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etmişdir” ( Buxari, Libas 65; Əbu davud, Libas 27; Tirmizi, Ədəb 34).

Bir başqa hədisində qadın paltarı geyən kişilərə və kişi paltarı geyən qadınlara da lənət etmişdir. İndiki zəmanəmizdə gənclər arasında qarşı cinsin geyiminə qarşı hədsiz dərəcədə istək yarandığı müşahidə edilir. Qızlar kişi şalvarları, şapkaları və ayaqqabılarına dəb olması səbəbilə meyl göstərməyə başlayıblar. Kişilər qadın köynəklərinə bənzər geyimlər, saç uzatma, bilərzik, boyunbağı və qadına aid bəzi aksesuarları istifadə edirlər. Unudulmamalıdır ki, zamanla bu geyim və aksesuarlar qadınları və kişiləri özlərinin də fərqində olmadan qarşı cinsin əda və hərəkətlərini etməyə vadar edir.

Rəsulullah (s.ə.s.): “Dörd qrup insan var ki, dünya və axirətdə lənətlənmiş və mələklər də “Amin” demişlər”, buyurmuşdur:

Allahın kişi olaraq yaratdığı insan ki, özünü qadına bənzətməyə çalışır; Allahın qadın olaraq yaratdığı bir qadın ki, kişiləşmiş və onlara bənzəməyə çalışmışdır; Kor olan bir insanı aldadaraq yolundan azdırmağa çalışan; Və evlənməyə maddi və fiziki cəhətdən imkanı olduğu halda subay gəzən insan.

Allah sadəcə Zəkəriyyanın (ə.s.) oğlu Yəhyanı (ə.s.) bundan istisna etmişdir. Çünki o, dünya arzularına qarşı özünü zəbt edən zahid birisi idi (ət-Tərğib vət- Tərhib, III, səh.105).

Lənətlənmiş kişi və qadınların bir hissəsi də parik taxan, döymə etdirən və özünü bəyənməyərək yaradılışını dəyişdirənlərdir. İbni Ömərdən rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s.) buyurmuşdur:

“Parik taxan və taxdırana, döymə eləyənə və elətdirənə lənət olsun! (Buxari, Libas,83,85; Müslim, libas 115)

Təbii ki, plastik bir sıra əməliyatlar keçirənlər də gözəlləşmək adına Allahın yaratdığı xilqəti dəyişdirənlərdir ki, bu kimi insanlar da bu kateqoriyaya daxildir.

Bu mövzuda bir başqa hədisdə İbn Abbas (r.a.) rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s.) əlinə bir tutam saç götürüb dedi:

“İsrail oğullarının qadınları, başlarına bunu taxardılar. Bu səbəblə lənətləndilər və onlara məbədlərə getmək qadağan olundu”.

İbn Məsud (r.a.) rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s.) bir gün döymə edən və etdirən, qaşını incəldən, gözəllik üçün dişlərinin arasını açdıraraq Allahın yaradılışını dəyişdirən qadınlara lənət etdi. Bir qadın bu mövzuda bir söz söylədi. Bu zaman İbn Abbas (r.a.): Mənə nə olub ki, Peyğəmbərin lənət etdiyinə lənət etməyim?Allah-Təala da Quranda “Rəsul sizə nəyi gətirdi isə onu alın, nəyi qadağan etdi isə ondan uzaq durun”(Həşr, 7) buyurmamışdırmı?( Müslim, Libas, 119)

Bütün bu hədislərə diqqət yetirincə nəticə olaraq Allahın lənətinə düçar olmaq istəməyənlər, əzabdan qurtularaq ilahi əfvə məzhər olmaq istəyənlər onun qadağalarına riayət etmək məcburiyyətindədirlər. Allah cümləmizi elm və hikmət verib salehlər zümrəsinə qatdığı bəndələrindən eyləsin İnşallah!


Samirə Mahmudova
Bu yazıya 386 dəfə baxılıb.