Qəmər Cavadlı: Ölkəmizdə hər kəs dini inancını sərbəst yaşayır


Bizim AİLƏ
Bu yazıya 427 dəfə baxılıb.

Son zamanlar dünyada baş verən ciddi problemlər, o cümlədən müharibələr, dini, milli ayrı-seçkilik çox ciddi fəsadlarla nəticələnir. İnsanlar sanki bir-birinin qanına susamışcasına qırğınlar törədirlər. Təəssüf ki, bu problemlər də təsadüfən deyil, planlı şəkildə meydana atılır. Nəticədə isə insanlar məhv olur, dövlətlər viranə qalır. Bütün bunların qarşısını almaq üçün hər bir dövlət, eləcə də biz öz tədbirimizi alıb belə yanlış təbliğatlara uymamalı, daim birlikdə, dövlətə, millətə dayaq olmalıyıq. Bu kimi problemlər bizi də çox narahat etdiyi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlının bu mövzudakı fikirləri çox önəmlidir. Maraqlı keçən müsahibəni sizə təqdim edirik.

 

B. Ailə: Qəmər xanım, ümumiyyətlə, Azərbaycanda müasir dövrdə dini vəziyyət necədir?

 

Q. Cavadlı: Müasir dönəmdə ölkəmizdəki dini vəziyyəti təhlil etməmişdən öncə, yadımıza keçdiyimiz tarixi yolu salmalıyıq. Bildiyiniz kimi, Azərbaycan tarixən müxtəlif dinlərin və məzhəblərin ortaq məkanı olmuş, eyni zamanda İslam xilafətinin ayrılmaz parçası sayılmışdır. Biz islami mənsubiyyətimizi, təfəkkürümüzü, mədəniyyətimizi bu günə qədər qoruyub saxlamağı bacarmış, digər dinlərə olan tolerant münasibətimizlə fərqlənmişik. 70 illik sovet ateist rejimi belə, xalqımızın qəlbindəki dini-mənəvi dəyərləri yox edə bilməmişdir. Lakin tariximizin və dini mühitimizin ən uğurlu, səmərəli inkişafı üçün açılan məqam – dövlət müstəqilliyimizin bərpası ilə əlaqədardır. Məhz son 25 il ərzində din-dövlət münasibətləri düzgün məcraya yönəlmiş, dövlətin dəstəyi ilə ölkədə dini mühitin inkişafı üçün hər cür şərait yaradılmış, dindarların dini etiqad azadlığı bərpa olunmuşdur. Sovet dövründə cəmi 17 məscidi olan Azərbaycanda, bu gün minlərlə məsciddə müsəlmanlar sərbəst ibadət edirlər. Eləcə də ölkəmizdə ənənəvi kökləri və tarixi konfessiyaları olan xristian və yəhudi icmaları da bu tolerantlıq mühitindən bəhrələnirlər. Allaha şükürlər olsun ki, bizdə nə dini, nə də məzhəbi zəmində qarşıdurma halları qeydə alınmamışdır. Mən mübaliğəsiz deyərdim ki, dini mühitin müsbət inkişafına görə Azərbaycan nadir və unikal dövlətlər sırasında birincidir.

 

B. Ailə: Dünyada baş verən problemlərın səbəblərı əsasən radikal qruplaşmalardan irəli gəlir. Beynəlxalq aləmdə baş verən hadisələrin bizə təsiri ola bilərmi? Azərbaycanda radikalizm təhlükəsi varmı?

 

Q. Cavadlı: Radikalizm də, ekstremizm də, terrorizm də cəhalətin fəsadıdır – mən bunu belə qəbul edirəm. Doğrudur, dünyada baş verən və təəssüf ki, bizə geopolitik cəhətdən yaxın olan ərazilərdə tüğyan edən qanlı savaşlar, kütləvi insan tələfatı, İŞİD deyilən kabusun dəhşətli cinayətləri hər bir müsəlman kimi bizi də narahat edir. Bu da heç kim üçün sirr deyil ki, beynəlxalq terrorizmin bazasında böyük dövlətlərin iqtisadi və siyasi maraqları durur. Əziyyət çəkən isə günahsız insanlar, ələlxüsus qadınlar və uşaqlardır; əslində dünyada müsəlman ümmətinə qarşı böyük bir qətliam gedir və ən dəhşətlisi odur ki, bu qətliamda müsəlmanlar təkfirçilərin felinə uyaraq öz din qardaşlarına qılınc qaldırırlar. Halbuki dinimiz bizə dünyada sülh və vəhdət yaratmağı əmr etmişdir! Və mən bəzən belə radikal qruplaşmalara qoşulan həmyerlilərimiz haqqında nəsə eşidəndə çox məyus oluram – çünki o öz cəhalətinin qurbanı olaraq neçə ailəni dağıtmağa, neçə qadını bədbəxt, neçə uşağı yetim qoymağa gedən bir cəlladdır.

 

B. Ailə: Qəmər xanım, son dövrlər gənclərimiz arasında bəzi dini sektalar təbliğatlar aparırlar. Bunlara qarşı tədbirlər görülürmü?

 

Q. Cavadlı: Dini sektaların fəaliyyətinə nəzarət edən dövlət qurumlarıdır və onların təbliğatını məhdudlaşdıran bir sıra qanun və qərarlar mövcuddur. Gənclərin dini sektalara yönəlməsinin səbəbinə gəldikdə isə deməliyəm ki, milli ideologiyada dini konsepsiyanın olmaması və təhsildə dini biliklərin tədrisinə yer verilməməsi ənənəvi dinlərin təbliği üçün maneə yaratdığından, qeyri-ənənəvi sektalara meyl artmaqda davam edəcəkdir. Gənclər hər parıldayan şüşəni almaz zənn edirlər – belə yanlışlıqlar onları Haqq və Hidayətdən uzaqlaşdırmasın!

 

B. Ailə: Ölkəmizdə aparıcı dini təhsil müəssisələri hansılardır?

 

Q. Cavadlı: Dini təhsil ocaqlarının yaranması və inkişafı da müstəqillik dönəminn nailiyyətlərindən sayılmalıdır. 1989-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin səyləri ilə uzun illərdən bəri qapalı olan Bakı İslam Mədrəsəsi təsis edildi və 1991-ci ildə həmin mədrəsənin bazasında Bakı İslam Universiteti yaradıldı. Bu gün Bakı İslam Universiteti Qafqazın tanınmış və mütərəqqi dini təhsil ocaqlarından biridir.

Həmin dövrdə Bakı Dövlət Universitetində İlahiyyat fakültəsinin təsis edilməsi də, Azərbaycanda yerli ilahiyyatçı kadrların, ali təhsilli din xadimlərinin yetişməsi üçün müstəsna dəyər kəsb etmişdir. Ali dini təhsil ocaqlarımız, əsasən bu iki tədris müəssisəsidir, yalnız qeyd etməliyəm ki, Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Şəki hafizlik məktəbi, Zaqatala Əliabad mədrəsəsi və Bakı “Şəbnəm” qızlar mədrəsəsi dini təhsil sahəsində əvəzsiz xidmətlərə sahibdirlər.

Mən düşünürəm ki, dini təhsil ocaqlarının yaranması, həmçinin dövlət təhsil sistemində dini biliklərin tədrisi radikal təmayüllərlə mübarizədə çox səmərəli rol oynaya bilər. Bu gün bu məsələ olduqca aktualdır və özünün müsbət həllini gözləyir.

 

B. Ailə: Qafqaz Müsəlmanları İdarəsi olaraq dövlətimizdə mövcud olan dini qurumlarla əməkdaşlıq edirsinizmi?

Q. Cavadlı: Ölkəmizdə mövcud olan Pravoslav yeparxiyası, Katolik kilsəsi, Alban-udi kilsəsi, Avropa və dağ yəhudiləri dini icmaları ilə əməkdaşlıq Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet kəsb edir. Biz dövlət tədbirlərində, dini bayram və mərasimlərdə konfessiya rəhbərləri və nümayəndələri ilə birgə iştirak edirik. Bilirsiniz ki, Azərbaycan unikal tolerantlıq məkanıdır, multikultural münasibətlər dövlətimiz tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. 2016-cı il Azərbaycanda Multikulturalizm ili elan olunmuşdur. Biz yerli dini icmalarla, eləcə də beynəlxalq miqyaslı dini qurumlarla münasibətlərin tənzimlənməsinə xüsusi diqqətlə yanaşırıq. Bu məsələ təkcə dinlərarası münasibətlərə şamil edilmir, tolerantlıq və multikulturalizm Azərbaycan dövlətçiliyinə, ölkəmizin beynəlxalq imicinə xidmət edən mühüm amillərdən biridir.

 

B. Ailə: Qəmər xanım, daim dəyərli məsləhətlərinizlə, maraqlı fikirlərinizlə bizə dəstək olduğunuz üçün, həmçinin maraqlı müsahibədən dolayı sizə öz təşəkkürümüzü bildiririk.


Bizim AİLƏ
Bu yazıya 427 dəfə baxılıb.