"Təmizlik İmanın Yarısıdır!"


Sevinc Vəkilova
Bu yazıya 355 dəfə baxılıb.

İslam dini dedikdə ilk ağıla gələn şeylərdən biri də təmizlikdir. Allah-Təala Qurani-Kərimdə belə buyurmuşdur:

“Şübhəsiz, Allah çoxlu tövbə edənləri və yaxşıca təmizlənənləri sevər” (Bəqərə surəsi, 2/222)

Bu xüsusda Peyğəmbərimiz də, “Təmizlik imanın yarısıdır”,- buyurmuşdur.

Qəlb təmizliyi nə qədər vacibdirsə, bədən təmizliyi də o qədər vacibdir. Peyğəmbərimiz bədən təmizliyinə çox diqqət edərdi və bizim üçün də bir nümunə idi. Bədən təmizliyi dedikdə, saç təmizliyi, ağız və diş təmizliyi, dırnaqların təmizliyi və.s nəzərdə tutulur. Əllərin və dırnaqların təmizliyinə diqqət etmək çox vacibdir. Çünki əllərimizlə bir çox işi yerinə yetiririk. Sağlamlıq baxımından da buna diqqət etmək şərtdir.

İstər qadın olsun, istər kişi dırnaqları uzatmaq hər nə səbəblə olursa olsun, İslamın yaradılışından olan təmizliyi tərk etmək olduğu üçün məkruhdur. Dırnaqları kəsməkdə tənbəllik etmək caiz deyil. Dırnaqlar vaxtlı vaxtında tutulmalıdır.

Dırnaqları həftədə bir kəsmək sünnədir. Dırnağı uzun olanın ruzisi çətinlik ilə, əziyyət ilə hasil olar.

Cümə namazı üçün qüsl almaq, gözəl ətir vurmaq, yeni, təmiz geyinmək, saç, dırnaq kəsmək sünnədir.

Təmizliyə diqqət etmək ətraf mühit və sağlamlıqla yanaşı, bəzi ibadətləri yerinə yetirmək üçün də bədəni cəhətdən təmizlənmək şərtdir. Məsələn, namaz qılmaq üçün dəstəmazın şərt olması kimi.

Dəstəmaz müəyyən əzaları üsuluna uyğun olaraq yumaq və məsh etməkdir. Dəstəmazsız qılınan namaz səhih deyildir. Bunun üçün də dəstəmazın doğru şəkildə qaydalarına uyğun olaraq alınması lazımdır. Dəstəmaz alarkən suyun dəstəmaz üzvlərinə təmas etməsi lazımdır. Əgər dəstəmaz üzvlərində suyun dəyməsinə maneə olacaq nəsə varsa, o zaman dəstəmaz keçərli olmaz. Məsələn, saç boyası, yapışqan, qurumuş xəmir, dırnaq boyası və.s bunlar və buna bənzər şeylər dərinin və ya dırnağın üzərində təbəqə əmələ gətirərək suyun birbaşa təmasına mane olur. Nəticədə dəstəmaz keçərsiz olur.

Bununla yanaşı, mömin xanımların təsəttür qaydalarına diqqət etməsi lazımdır. Təsəttürün məqsədi diqqətçəkici olmamaq və qarşı cinsin baxışlarından qorunmaqdır. Dırnaqlara çəkilən rəngarəng boyalar bizim ibadətlərimizə mane olmaqla yanaşı, əlləri və barmaqları cazibədar göstərir və təsəttürə zidd bir davranışdır.


Sevinc Vəkilova
Bu yazıya 355 dəfə baxılıb.