Sevgi neməti


Mətanət Kərimova
Bu yazıya 409 dəfə baxılıb.

Sevgi böyük bir nemətdir və Allah bir lütf olaraq biz qullarına sevgini hədiyyə etmişdir. Bizə bu böyük neməti verdiyi üçün Allaha hər zaman şükür etməliyik.

Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün insan hər şeydən əvvəl Allahı dərin bir sevgi ilə sevməli və Allahın sevgisinə layiq olan bir əxlaq göstərməlidir. Allah sevdiyi qullarının ürəyində bir sevgi yaradır və başqa insanların ürəyində də onlara qarşı bir sevgi hissi verir. Sevginin əsl qaynağının və əsl sahibinin yalnız Allah olduğunu unutmamaq lazımdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti qazanmaq üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və Allahdan özünə bu neməti verməsini diləməlidir.

Əsl sevginin meydana gəlməsi üçün əvvəlcə eqoizm, mənfəətçilik, səmimiyyətsizlik kimi maneələri aradan qaldırmaq lazımdır. Qürur sevginin meydana gəlməsinə mane olan ən mühüm səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən əhəmiyyətli şərtlərindəndir. Çünki təvazökar olmayan və özünü digər insanlardan üstün görən birinin həyatda ən dəyər verdiyi varlıq öz nəfsidir. O, digər insanları özündən daha dəyərsiz, daha aşağı görür. Ən ağıllı, ən vicdanlı, ən hörmətli insanın özü olduğuna inanır. Sevgi və qürur bir-birinə zidd iki xüsusiyyətdir. Qürurlu insan nə başqaları tərəfindən sevilə bilər, nə də özü insanlara qarşı dərin sevgi duya bilər.

Təvazökar insan ona verilən tövsiyələri dinləyir, heç bir mövzuda "ən yaxşını mən bilərəm" iddiasında olmur, qürur etmədən dərhal ən gözəl olan münasibəti göstərir. İnsanların problemlərinə qarşı həssas davranır və incə düşüncəli olur. Heç bir mövzuda üstünlük iddiası olmadığı üçün "əvvəl o sevgi göstərsin, əvvəl o salam versin, əvvəl o mənimlə danışsın" kimi qürurdan qaynaqlanan hesablar içinə girmir. Qarşısındakı insan qürurlu olsa belə təvazökar davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəli ilə cavab verir, hər kəsə qarşı sevgi və hörmətlə yanaşır. Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:

"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər". (Furqan Surəsi, 63)

Əbu Hüreyrə (r.a) deyir: "Rəsulullah (s.ə.s.) buyurdu ki: "İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə iman etmiş olmazsınız! Bir-birinizi sevəcəyiniz şeyi xəbər verimmi? Aranızda salamı yayın!" (Müslim, İman 93, 54; Əbu Davud, Ədəb 142, 5193; Tirmizi, İstizan 1, 2589)

Bir kimsə sevdiyi insana qarşı çox səbirli və bağışlayıcı olmalı, dostunun qüsurlarına qarşı səbir və anlayış göstərməli, onun əskiklərini düzəltməyə çalışmalıdır. Çünki sevmək və sevilmək səbirli olmağı, fədakarlıq etməyi tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstəriləcək səbir, insanlar arasında sevgi və xoş münasibətin inkişafını təmin edir. Möminlər əsasən bir-birlərinə güvəndikləri, müsəlman olduqları və bir-birlərinə hörmət etdikləri üçün bir-birlərinin səhvlərini xoş münasibət göstərərək qarşılayırlar.

 

Peyğəmbərimiz də, möminlərə qardaşlarının qüsurlarını örtmələrini, onlara dəstək olmalarını buyurur:

“Kim bir müsəlmanın ayıbını örtsə, Allah da onun dünyada və axirətdə ayıbını örtər. Kim də müsibətə uğrayan bir kimsənin müsibətini aradan qaldırsa, Allah da qiyamətdə onun müsibətlərindən birini dəf edər. Kim də qardaşının ehtiyacını ödəsə, Allah da onun ehtiyacını ödəyər”. (Müslim, İbni Muhalləd, Ramuz əl-Əhadis, s. 423.8)

İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Dünya hər insanın müvəqqəti və yalnız sınanmaq üçün olduğu bir yerdir. Bu həqiqətin şüurunda olan möminlər bir-birlərinə olan sevgilərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər. Özləri Allahın razılığına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. Bir-birlərində gördükləri yanlış, ya da qüsurlu cəhətləri heç vaxt keçirmədən dərhal düzəltməyə və bir-birlərini Allahın ən çox razı olacağı əxlaqa yiyələndirməyə çalışarlar. Bir-birlərini daim yaxşı və gözəl olana dəvət edər, pisliklərdən çəkindirməyə cəhd göstərərlər.

Mərhəmət sevginin bir hissəsidir. Bu səbəblə həqiqi sevginin yaşana bilməsi üçün mərhəmətin də tam olaraq başa düşülməsi lazımdır. Peyğəmbərimizin (s.ə.s.) mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir nümunədir. Allah Quranda Hz. Məhəmmədin (s.ə.s.) bu üstün əxlaqından belə bəhs edir:

"(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" (Tövbə Surəsi, 128).

Sevginin qaynağı Allahdır. Hələ körpə dünyaya gəlmədən, Allah onun sevgisini ananın ürəyinə qoyur. Uşaq dünyaya gəlib böyüdükcə anaların sevgisi də böyüyür. Ürəyi sevgi ilə dolan ana, balasını hər cür təhlükədən qorumaq üçün öz həyatını belə təhlükəyə ata bilir. Əgər Allah bu sevgini anaların ürəyinə qoymasaydı, canlılar nəsillərini davam etdirə bilməz, həyat beləcə yox olub gedərdi.

Bir gün Peyğəmbərimizin yanına bir neçə nəfər adam gəlir. Bunların arasında bir qadın da olur. Qadın uşağını itirir. Uşağını tapan kimi onu bağrına basır, qucaqlayır. Bu sevgi və şəfqəti görən Peyğəmbərimiz:

"-Bu qadın uşağının bir zərər görməsini istərmi?"- deyə soruşur. Oradakılar:

"Xeyr, qətiyyən istəməz", - deyir. Bunun üzərinə Peyğəmbərimiz:

"-Baxın, Allah, qullarına bu qadının balasına duyduğu sevgi və şəfqətdən daha çox mərhəmət və şəfqət duyur",- buyurdu.

Allah hər birimizi Allahın sevgisinə layiq olan və Allahın razı olduğu qullarından etsin, Amin!


Mətanət Kərimova
Bu yazıya 409 dəfə baxılıb.