Peşənin nüfuzlusu, yoxsa xeyirlisi?


Xədicə Şahin
Bu yazıya 353 dəfə baxılıb.

Havalar yavaş-yavaş isinir, universitetə hazırlaşan şagirdləri yaxınlaşan imtahan həyəcanı bürüyür. İmtahan həyəcanını yaşayan, dərslərində müvəffəqiyyətli bir şagirdlə aramızda belə bir dialoq keçdi:

- "Universitetə hazırlaşırsan, bəs hansı peşəni seçmisən?"

- "Tam qərar verə bilmədim, amma belə göstərişli bir peşə istəyirəm".

- “Göstərişli bir peşə necə olur?"

- "Hər kəs biləndə dodağını dişləsin, harada oxuduğumu eşidəndə heyran olsunlar, maaşı çox olsun".

- "Yaxşı, göstəriş yerinə xarakterinə uyğun, insanlığa xidmət edəcəyin xeyirli bir peşə düşünmək istəməzsən?"

Bir az düşündükdən sonra:

- "Yox, yenə də göstərişli bir peşə daha başqa olur". Dialoq belə davam edib getdi. Gəncin fikrini bir neçə sözlə düzəldə bilməyəcəyimi bilirdim. Yenə də bir ümid dedim.

Dücanə Cündioğlunun dediyi kimi zəmanəmiz söz mədəniyyəti deyil, göz mədəniyyəti olduğu üçün peşə seçimində də vizuallığa əhəmiyyət verilir. Nəcib Fazil Sakarya şeirində:

"Borular cütdür, birindən nur axar, birindən çirk", - deyir. Hal-hazırda çirk ilə nur eyni borudan axdığı üçün çirk daşqını gəlir. Fikirləri, könülləri, alınacaq qərarları çirklətməyə bəs edir. Həyatımızın hər hissəsində olduğu kimi, peşə seçimində də ən böyük faktor medianın beyinlərə axıtdığı növ-növ çirkli fikirləri olur. Xüsusilə də vizuallığa əhəmiyyət verən gənclərdə. Media seriallarıyla, reklamlarıyla, təqdim etdiyi rahat, lüks həyatı ilə gəncləri peşə seçimində də pulu bol, göstərişi bol peşələrə yiyələnməyə məcbur edir.

Artıq məlumat almaqdan alverə qədər hər şey bir “tıq” uzaqlığındadır. Hər şeyə bu qədər qısa müddətdə çata bilən gənclik, zəngin ola bilmək üçün də eyni sürəti istəyir. Peşə seçimi haqqında internetdə axtarış etdiyimdə "yataraq qazanılan peşələr, ən çox qazandıran peşələr, ən prestijli peşələr" kimi başlıqlarla qarşılaşdım. Peşə seçimi mərhələsindəki bir gənc necə bir “tıq”la məlumat əldə edə bilirsə, eyni sürətlə nüfuzlu bir peşəyə sahib olub qısa yoldan, yəni yataraq zəngin olmaq istəyir. Hz. Ömər (r.a.) belə deyərdi: "Əsla oturduğunuz yerdən, Allahım, ruzimi ver, deyib durmayın. Göydən nə qızıl yağar, nə də gümüş”. "Həyatda virtual dünyadakı kimi armud biş ağzıma düş qaydası yoxdur. Səy göstərmək quldan, müvəffəqiyyət isə Allahdandır”.

Qısa müddətdə zəngin edən peşələr, ən göstərişli peşələr deyərkən mənlik unudulur. "Dünya axirətin tarlasıdır",- buyuran Peyğəmbərimiz (s.ə.s) bizə həqiqəti öyrədir. Peyğəmbərin (s.ə.s) yolunu təqib etməyə çalışan bir ana ilə övladı arasında axirətin bu dünyada qazanıldığını göstərən belə bir dialoq yaşanır:

- "Anacan, hansı peşəni seçim?"

- "Oğlum, hansı peşədə olursan ol, amma Allaha qul ol".

Tək cümlə ilə məqsəd hasil olmuşdur.

Şair nə gözəl deyir:

Dağ təpəsində bir şam ağacı ola bilməzsənsə,

Dərədə bir kol ol.

Lakin oradakı ən yaxşı kiçik kol sən olmalısan.

 

Kol ola bilməzsənsə, bir ot parçası ol, bir yola sevinc ver.

Bir müşk çiçəyi olmazsan, bir saz ol.

Lakin gölün içindəki ən canlı saz sən olmalısan.

.....................

Ev xanımlığından müəllimliyə, psixoloqdan xadiməyə qədər hansı peşədə olursaq olaq, Allaha qul olmağa çalışaq.

Qeyd: Bu yazını bitirdikdən sonra haqqında danışdığım gəncə oxudum. Əvvəlcə güldü, başı ilə qəbul etdiyini bildirdi. Sonra "peşənin həm xeyirlisi, həm göstərişlisi olsun",- deyərək nöqtəni qoydu. Ona “xeyirlisi” sözünü dedirtməyi bacara bildiksə, buna da şükür…


Xədicə Şahin
Bu yazıya 353 dəfə baxılıb.