Aişə anamız (radiyallahu anhə)


Nəzrin Hüseynova
Bu yazıya 379 dəfə baxılıb.

Hz. Aişənin ailəsi

 

Hz. Aişə binti Əbu Bəkr Hz. Məhəmmədə (s.ə.s.) ilk iman edən, Onun ən sadiq dostu Hz. Əbu Bəkr əs-Siddiqin qızı və Hz. Peyğəmbərin zövcəsidir. Siddiqə ləqəbi ilə məşhurdur. Ummul-muminin və Ummu Abdullah təxəllüsü ilə də çağırılır. Hicrətdən səkkiz il əvvəl Məkkə-i Mükərrəmədə doğulmuşdur. Anası Kinanə qəbiləsindən Ummu Ruman binti Amir İbn Uveymirdir. “Mən ailəmi tanıyandan bəri onların müsəlman olduğunu gördüm” sözü Hz. Aişənin kiçik yaşlarından müsəlman olduğunu və bisətdən əvvəl doğulduğunu göstərir. Uşaqlığı haqqında çox məlumat yoxdur.

Hz. Peyğəmbərin (s.ə.s.) zövcəsi olaraq “Ummul-muminin” şərəfini qazanan Hz. Aişə istər atası, istərsə də anası tərəfindən nəsil nəcabəti yönündən bir çox üstünlükləri ilə tanınmış bir ailəyə mənsubdur. Atası Əbu Bəkr Bəni Teym qəbiləsindəndir ki, bu qəbilənin kişiləri qadınlarına qarşı yaxşı davranan və haqlarına riayət edən kişilərdəndir. Əbu Bəkr həlim xasiyyətli, insanlarla yaxşı münasibətləri olan və buna görə daima insanların məşvərətinə ehtiyac duyulduğu bir insan idi. Rəsulullahın (s.ə.s.) daima özü ilə məsləhət etdiyi və bu səbəbdən əshabdan bəzilərinin “Rəsulullahın vəziri” adını qazanmış olan Əbu Bəkr ticarətlə məşğul olan və hər zaman insanlara əl tutduğu üçün comərtliyi və səxavəti ilə tanınırdı.

Hz. Aişənin Peyğəmbərlə (s.ə.s.) İzdivacı

Hz. Peyğəmbərin (s.ə.s.) Hz. Aişə ilə nikahı hicrətdən əvvəl Məkkədə qıyılmışdır. Alimlərin bu evliliyin tarixi mövzusunda fərqli fikirləri vardır. Məvdudi, İmam Nəvəvi və Əllamə Qəstalaninin Aişəni hicri tarixlə II ildə ər evinə köçdüyünü qeyd edirlər. Məvdudi də bu görüşə qatılaraq bu məlumatın doğruluğunu Buxaridə keçən Urvə b. Zubeyrdən gələn rəvayətə istinadən təsdiq edir. Belə ki, Urvə b. Zubeyrin nəql etdiyinə görə: Hz. Xədicə hicrətdən üç il əvvəl vəfat edincə Rəsulullah (s.ə.s.) iki il subay qaldıqdan sonra Hz. Aişə ilə nişanlanmışdır. O ərəfədə Aişənin təqribən altı yaşı var idi. (Səhra iqlimi hökm sürən yerlərdə istinin təsirindən qızlar yetkinlik yaşına daha tez çatırdılar. Ərəblərdə qızların yaşı onlar yetkin olduqdan sonra hesablanırdı. Məsələn, altı yaşlı qız uşağı artıq altı ildir ki, yetkinlik yaşına çatmışdı). Nikah qıyıldıqdan üç il sonra da hicri II ildə Rəsulullahla zifafları olmuşdur.

Rəsulullahın (s.ə.s.) Hz. Aişə ilə izdivacının ilahi bir ilhama dayandığından bəhs edilir. Belə ki, Hz. Məhəmmədə (s.ə.s.) bir gün yuxusunda Aişə göstərilmiş və Cəbrailin üç gecə dalbadal onun şəklini ipək bir parçaya sarılmış halda gətirib “bu sənin zövcəndir”- dediyi nəql edilir. İbn İshaq isə: Cəbrailin Aişəni iki dəfə röyada Peyğəmbərə (s.ə.s.) göstərdiyini, birinci röyada ağappaq, xalis ipəyə bürünmüş halda gətirdiyini qeyd edərək belə nəql edir: Rəsulullah (s.ə.s.): “Üzündən örtüyü çəkdiyi zaman onun Aişə olduğu görür və “Əgər bu, Allahdan isə həqiqətə çevirsin” – deyə dua edir. Tirmizidən nəql edilən rəvayətə görə də Hz. Aişə belə demişdir: “Cəbrail mənim şəklimi yaşıl ipək parçada Rəsulullaha (s.ə.s.) gətirmiş və: “Bu sənin dünya və axirətdə zövcəndir” – demişdir. Parçanı açınca Cəbrailə:

* “Kimdir bu qadın?” – deyə Rəsulullah (s.ə.s.) soruşdu. Cəbrail:

* “Bu, Aişədir. Dünyada və axirətdə sənin zövcəndir. Ürəyindəki üzüntünün bir hissəsini o sənə unutduracaqdır. O, Xədicəyə qarşılıqdır.” – cavabını vermişdir.


Nəzrin Hüseynova
Bu yazıya 379 dəfə baxılıb.