Nigar Şıxlinskaya


Bu yazıya 434 dəfə baxılıb.

Nigar Şıxlinskaya ilk azərbaycanlı tibb bacısı, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri olub. Nigar xanım olduqca mehriban, nəcib, əsl ziyalı xanım idi. O, insanları çox sevir, qəlbindəki şəfqət və mərhəmət duyğularını hamı ilə bölüşməyə çalışırdı. Buna görə də yardım etdiyi xəstələr bu kübar qadını öz doğmaları bilirdilər.

Nigar xanımın atası Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbzadə, Əliağanın anası Şahyəmən xanımla (Şair Molla Vəli Vidadinin nəvəsi) əmioğlu-əmiqızı idilər. Əliağa bəy 1865-ci il aprelin 23-də Qazax qəzasının Qazaxlı kəndində doğulmuşdu. Nigar xanım ondan 6 yaş kiçik idi. O, 1871-ci il oktyabrın 10-da Tiflisdə ziyalı ailəsində dünyaya göz açmışdı. Anası Səadət xanım da Tiflisdəki Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri idi. Nigar xanım ilk təhsilini evdə almışdı, sonra 1889-cu ildə Tiflis Nəcib Qızlar İnstitutunu qızıl medalla bitirmişdi. O, fransız və rus dillərində sərbəst danışırdı, ərəb və fars dillərini də əla bilirdi. Atası - məşhur din xadimi idi və qızının həyatında xüsusi rolu olmuşdu. Onun zəngin kitabxanası sayəsində Nigar xanım İran klassiklərini, Azərbaycan şairlərini oxumuş, ərəb dili və ərəb ədəbiyyatını, fars dili və fars ədəbiyyatını dərindən öyrənmişdi. Fransız dilini mükəmməl bilirdi.

Əliağa Şıxlınski də ilk vaxtlar Nigar xanımın atasından təhsil almışdı. Əliağanın atası 1876-cı ildə -11 yaşında Əliağanı götürüb Tiflisə, qohumu Hüseyn Əfəndigilə gəlir. O vaxtdan Əliağa "tamamilə Mirzə Hüseyn Əfəndinin himayəsinə” keçir. Özü sonralar belə yazır: "Mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyətə borcluyam”. Əvvəl Tiflis Hərbi Gimnaziyasında oxuyur, sonra Sankt-Peterburqda Mixaylovski Artilleriya Məktəbinə daxil olur, məşhur artilleriyaçılardan dərs alır. Məktəbi bitirəndən sonra da böyük uğurlara imza atır, artilleriya bilicisi kimi tanınır. Bu artıq o zaman idi ki, Port-Artur döyüşünə hələ 4 il qalırdı..Hansı ki,bu döyüş onu dünyaya tanıdacaqdı

İlk Şəfqət bacısı Nigar xanım

Nigar xanım ağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin, doğrudan da, həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora "Şıxlinski xəstəxanası” deyirlərmiş. O, həmçinin1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

1918-ci ildən Ə.Şıxlinski Qafqaza qayıdır. Bakıya qayıtdıqdan sonra Nigar xanım "Yeni fikir” qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. "Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”,- deyə yazılmış məqalələri çapdan çıxır.

1931-ci il avqustun 15-də generala ağır itki üz verir - Nigar xanım vəfat edir... Qeyd edək ki, Nigar xanımın anası Səadət xanım qızından bir il öncə dünyasını dəyişmişdi. Həm anasının ölümü, həm də bircə oğlunun Türkiyədə itkin düşməsi Nigar xanımı sarsıtmaya bilməzdi.

"Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi”. Ə.Şıxlinski "Xatirələrində” belə yazır:

"Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi”. "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın” - bütün bunlar generalın dediyi sözlərdir. 1931-ci il Şıxlınski üçün ağır il kimi yadda qalır. O, həm həyat yoldaşını, həm də 47 illik dostu, silahdaşı Səməd bəy Mehmandarovu itirir. Bu iki əziz insanın ölümü Şıxlınskiyə çox pis təsir göstərir. Şıxlınski özü isə Nigar xanımdan 11 il sonra vəfat edir. Bu 11 il ərzində isə hər cümə axşamı günündə Nigar xanımın qəbrini ziyarət edir. Generalın 4 vəsiyyəti var və bu 4 vəsiyyətin dördündə də qeyd edir ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz. Əliağa Şıxlınskinin Nigar xanıma həsr etdiyi "Ey Sevdiyim Dilruba”, "Ana və onun əziz Nigarına” adlı şeiri var. Şeirlər o qədər incə ruhla yazılıb ki,istər istəməz bir hərbiçinin qələmindən çıxmasına inanmaq çətindir. Amma bu həqiqətən də belə idi. Şair qəlbli general və onun zəngin dünyagörüşə malik xanımına yazdığı bu şeirlər o qədər gözəldir ki, hətta Üzeyir Hacıbəyov "Ey sevdiyim,ey dilruba” şeirinin 2 bəndinə romans bəstələmişdir. Əliağa Şıxlınski də elə Nigar xanımın vəfat etdiyi ayda 1942-ci ilin avqust ayında vəfat edir və Nigar xanımla yanaşı dəfn olunur.



Bu yazıya 434 dəfə baxılıb.