Təşəkkür


Gül Nar Quluzadə
Bu yazıya 358 dəfə baxılıb.

Qış günəşi də son oyununu oynayıb səmanı tərk etdi. Buludlar sanki teatr pərdəsi kimi göyün üzünü örtdü. Qışın sükünəti nəinki səmanı, yeri də ağuşuna aldı. Bütün bunlar qarmaqarışıq fikirlər, dumanlı xatirələr, səssizlik içərisində intihar barəsində tam qəti qərarımı verdiyim an oldu. Bəlkə də təbiət qərarıma belə etiraz edirdi. Nə edim? Başqa çarəm yox idi. Getmək... Üstəlik dünyanı əbədi tərk edib getmək indiyə kimi verdiyim qərarların ən düzgünü idi. Axı aldadırdım hamını… saxta münasibətimlə, yalancı gülüşlərimlə, maskalanmış üzümlə. Yorulmuşdum artıq hamıdan – dostdan, tanışdan. Hər şeydən bezmişdim. Sabaha belə ümid yox idi. Bircə dəniz məni bağrına bassın, son nəfəsimi verim ləpələrində...

Dərin fikirlərə dalmışdım ki, hiss etdim biri mənə səslənir:

* İcazə olar burada əyləşim? –dedi.

Səksəkəli halda:

* Buyurun- deyib sıxılaraq oturacağın kənarına çəkildim.

Mən gözlərimi dənizə zilləyəndə qadın nəzakətlə əyləşdi. İxtiyarsız onun üzünə baxdım. Qəribə həyəcan duydum o an. Elə bil baxışlarımız bir-birinə salam verdi. Həsrətində olduğum duyğu bütün hüceyrələrimə çökdü. Adını bilmədiyim bir hiss məni rahatlaşdırdı. Hansı ki, o hissin adını indi çox gözəl bilirəm. Yenə fikirlərim barədə düşünməyə başladım. Amma bu məndə alınmadı. Qadın həzin və alçaq səslə :

* Bilirsən insanın istədi-istəmədi bir daxili ehtiyacı var. Onu yoxdan var edən Allahı xatırlama ehtiyacı. Bu zəruriyyəti hər gün müəyyən əzaları ilə ya dili ilə ya gözü ilə və s. təmin etməlidir. Uzun müddət bu ehtiyac ödənilməsə insan mənən xəstələnir və psixoloji yardıma üz tutur. Ya da mənəvi boşluğa düşüb özünə qəsd etməkdə çıxış yolunu görür. Necə ki, səhhətimizə baxmadıqda, nəfsimizin hər istədiyini yeyib xəstələniriksə bu hal da eyni ilə o şəkildədir.

* Əzaları ilə? Göz və ayaqla Allahı necə xatırlamaq olar ki? - Düşünmədən bir az sərt və əsəbi şəkildə dedim. Çünki yanımda əyləşəndən bəri fikirlərim alt-üst olmuşdu.

Qadın isə üzündə qəribə təbəssümlə davam etdi:

* Məsələn, insan Allahın ona bəxş etdiyi bütün nemətləri ağlıyla dərk edib ürəyi ilə xatırlamalı, ya dili ilə yaxınlarına, sevdiklərinə dua etməlidir. Gözü

ilə Onun görmək istədiyi bir şeyi görməlidir. Ya əli ilə sədəqə verib bir məzlumu sevindirməli, ya da yetim bir uşağın başına sığal çəkməlidir. Bütün bunları etmək imkanı olmasa da ayağı ilə qohumları ziyarət etməlidir və s. Bilirsən bütün bunlar mənəvi ehtiyacları ödəyir. İnsan mənən yüksəlir. Artıq dərk edir ki, o kimin üçünsə yaxşı bir iş görüb və Allah belə bəndələrindən razı qalır.

Qadın bütün bu dediklərini dənizə baxıb söyləyirdi. Məni fikirlərimdən ayıran, qəfil gələn qonağın nəzakət və səmimiliyi özünə maqnit kimi çəkirdi. Əslində bir az yorğun, bir az da qurtulmuş kimiydim. Azadlığa çıxmışdım elə bil. Söhbətin davam etməyini səbirsizliklə gözləyirdim. Qadın da bunu hiss etmişdi sadəcə, təsdiq etməyimi gözləyirdi.

* Yormuram səni? – yenə həzin səsi ilə dedi.

* Buyurun, xoşdur . – söylədim.

* Quranda Fusilət surəsinin 49-cu ayəsində deyilir: “İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər.”

Ayəni dedikdən sonra vahiməyə düşdüm. Bayaqdan heyranlıqla baxdığım qadına indi qorxa-qorxa baxırdım. Ürəyimdə “necə ola bilər? Axı bu vaxta qədər itirdiyim ümidləri, bir saat əvvəl öz-özlüyümdə verdiyim qərarı bu qadın hardan bilir ki?” Bədəninimdən üşütmə keçdi. O isə başqa bir surədən ayəni əzbərdən deyirdi.

* “Hər kəs ölümü dadacaqdır.” (Ənkəbut, 29/57) Ölmək üçün tələsmə. Bir bilsən yaşamaq necə gözəldir. Özünə qəsd etmək çıxış yolu deyil. Yəni intihar hər şeyi və heç nəyi həll etmir. Təsəvvür et ki, dəvətsiz qonaq kimi o dünyaya gedirsən. Adicə dəvət olunmadığın yerə getmirsən. Çünki nə ilə qarşılacağını bilmirsən. Amma bir canı Allaha qarşı gəlib məhv edirsən. Bəs axirətini düşünmürsən? “...Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir”(Loğman,31/17).

Sanki dilimi udmuşdum, sualına cavab verməyə söz tapa bilmirdim. Təəccüblə qadına baxırdım. İlk dəfə gördüyüm insan bu söylədikləri ilə mənə mədəni şəkildə sillə vurmuşdu. Üstəlik qərarımdan xəbərsiz. İçimdə elə bir qiyam qopmuşdu ki, özümə yer tapmırdım. Bu necə ola bilərdi? Ürəyimdə verdiyim suala qadın :

* “ ...Halbuki Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Allah hər şeyi biləndir! ” (Hucurat, 49/16) – cavabını verdi.

* Axı siz kimsiniz? Mənim nə düşündüyümü hardan bilirsiniz? İxtiyarsız və caşqın halda dedim.

O diqqətlə mənə baxırdı. Onun nəm və məyus baxışları içimi sızlatdı. Onu incitmişdim deyəsən. Amma o :

* Ölümə gedənlər məhz burdan keçir.- istehza ilə dedi.

* Necə? -gözlərim təəccübdən az qala yerindən çıxacaqdı.

* Bir vaxtlar mənimdə qızım bu oturacaqda oturub və həyatının son qərarını verib.

Bayaqdan təmkinlə dayanmış qadın övlad harayı ilə göz yaşları yanağında sel olan ana imiş. Bəlkə də Qadının bala həsrəti ilə hələ də möhkəm durması onun inancından irəli gəlirdi. Bütün vücudum əsirdi. Anam gözümün önündən getmədi. Nə qədər yanlış iş tutduğumun fərqinə vardım. Utandım. Yanaqlarıma qızartı gəldi. İslandığımın fərqinə vardım. Yağış başlamışdı. Hava soyuduğu kimi hisslərim də soyudu. Başımı göyə qaldırdım. Üzümü yağış damlaları islatdı. Artıq həyata başqa cür baxırdım. Sanki yenidən doğulmuşdum. Nə qədər vaxt keçdi bilmədim. Qadına təşəkkür üçün çevrildiyimdə oturacaq boş idi. Bəlkə də qızını yaşatmaq üçün yenə neçə belə həyat qutaracaqdı.” – deyib susdum.

Yanında əyləşdiyim xanımın mənə zillənən baxışlarında şaşqınlıq var idi. Sanki o günki məni gördüm gözlərində. Çox tanış sima idi. Həmin təəccüb, həmin çaşqınlıq. Qadının heç vaxt unutmadığım sözlərindən birini xatırladım: “Ölümə gedənlər məhz burdan keçir.” Necə də haqlı idi. Bədənimdə tüklərim biz-biz oldu. O gündən bəri hər gün oxuduğum Qurandan bir ayəni ixtiyarsız beynimdən keçirdim. “... Allah yaxşılıq edənləri sevər.” (Əli-İmran, 3/134). Belə düşüncələr arasında fikrim xanımın səssizliyində idi. Ayağa qalxıb mənə səmimi və bir az da mehribanlıqla təşəkkür etdi. Mənim bir vaxtlar etmək istəyib də edə bilmədiyim təşəkkürü.

* Bəlkə də siz mənə inanmayacaqsınız amma bu gün həyat qazandınız. Biz şanslı insanlardan olduq həyata bağlandıq. Bəs bu oturacaqdan ömürlük gedənlərə nə olacaq?

Bu sualı gözləyirmiş kimi ayə ilə cavab verdim:

* “... Həqiqətən, insan çox zalım, çox nankordur.” (İbrahim, 14/34)

Xanımla sağollaşdıqdan sonra mənəvi rahatlığın xoş anlarını yaşayırdım. Üzümdə təbəssüm, qəlbimdə hüzur. O qadına dildə edə bilmədiyim təşəkkürü əməlimlə etmişdim artıq.


Gül Nar Quluzadə
Bu yazıya 358 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Təşəkkür
  • Allahın verdiyi ruzi
  • Dua