Günvurma və isti vurma zamanı ilk tibbi yardım


Vüqarə Məmmədova
Bu yazıya 502 dəfə baxılıb.

Günün çox hissəsini qızmar günəş altında keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Gün və isti vurma halları - insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir.

Bu cür hallara ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.

Gün vurma - başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyinin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması baş verir, bu isə mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır.

Gün vurmanın əsas səbəbləri - başın örtüksüz, bədənin açıq və qorumasız halda günəş şüası qəbul etməsidir. Həmçinin gün vurmaya bürkü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbul edilməsi, həddindən artıq yemək, gün şüası qəbul edən zaman yatmaq səbəb olur.

Gün vurmanın əsas əlamətləri - qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Gün vurma dəri yanması ilə də müşahidə olunur: buna misal olaraq qızartı, suluq və s. göstərmək olar.

İsti vurma - bədən hərarətinin həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Həddindən artıq qızma nəticəsində istilik mübadiləsi prosesinin güclənməsi ilə istilikvermə (istiliyin bir cisimdən başqasına keçməsi) azalır və yaxud çətinləşir, bu da həyat fəaliyyəti funksiyasının pozulmasına gətirib çıxarır.

İnsan bədəninin həddindən artıq qızmasına tər ifrazatının (bədənin müəyyən üzvlərindən çıxan maddələr) pozulması və buxarlanmasına çətinlik yaradan aşağıdakı hallar səbəb olur: yüksək hərarət və rütubətli hava, dəridən tikilmiş, rezinləşmiş və yaxud sintetik paltarda fiziki iş görmək, həddindən artıq yorulma, bədənin susuzlaşması, çox yemək, isti havada uzun müddətli yürüş.

İsti vurma gün vurmadan daha tez baş verir: isti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.

İsti vurmanın əsas əlamətləri - ümumi zəiflik, daim mürgüləmə, baş ağrısı, başgicəllənmədir. Sonra isə sifət qızarması, bəzən bədən hərarətinin artması, dispepsiya (mədə fəaliyyətinin pozulması) pozulması - ishal, qusma baş verir.

Əgər bu vaxta qədər bədən hərarətinin həddindən artıq qızmasının səbəbləri aradan qaldırılmayıbsa, xəsarət alanda hallüsinasiya, sayıqlama, sonra isə xəsarət alanın özündən getməsi,

sifət rənginin solması, dərinin soyuq və hərdən göyərməsi, tər ifrazatının yüksək olması, ürək döyüntüsünün pozulması, nəbzin tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə o, ölə bilər.

 

İlk yardım hər iki vəziyyətdə eynidir. Xəsarət alanı dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq, belə qədər soyundurmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.

Başının üstünə soyuq kompress (müalicə məqsədilə ağrıyan yerə qoyulan yaş sarğı) qoymaq, bədənini yaş mələfəyə bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək lazımdır. Stəkanda suyun üçdə bir hissəsinə 20 damcı valerian verməklə daha yaxşı kömək etmək olar.

Tənəffüs pozulduğu halda azacıq olaraq pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır.

Əgər xəsarət alan insan özündən gedibsə, nəfəsi dayanıbsa, nəbzini əl ilə yoxlayıb tapmaq olmursa - həkimi gözləmək lazım deyil! Durmadan süni nəfəs vermək və örtülü ürək masajı etmək lazımdır.

Gün və isti vurma çox vaxt uşaqlarda, yeniyetmələrdə və qocalarda baş verir, çünki yaş həddinə uyğun olaraq onların orqanizmi müəyyən fizioloji xüsüsiyyətə malikdir və daxili istilik tənzimi sistemi natamamdır. Həmçinin belə təhlükəli insan qrupuna - isti hava şəraitinə adət etməmiş, həddindən artıq köklükdən əziyyət çəkən, ürək-damar, endokrin xəstəliklər və yaxud alkoqoldan sui-istifadə edənlər aid edilirlər.

Profilaktik tədbirləri əvvəlcədən görmək olar: başı örtüksüz və bədəni açıq vəziyyətdə uzun müddət gün şüalarının altında dayanmamaq, papaq və dəsmalla başı örtmək, çimməklə qumda dincəlməyi növbələmək, günün altında yatmamaq, günün isti vaxtında uzun müddətli yürüşlər etməmək və s.

Yaşayış və iş yerlərində isti vurmanın qarşısını almaq üçün normal iş və məişət şəraitinin yaradılması lazımdır: otaqlarda normal temperatur, rütubət və ventilyasiya, mövsümə uyğun geyim isti vurma təhlükəsini müəyyən dərəcədə aşağı salacaq. Ən əsası isə günün ən qızmar vaxtı səhər saat 11:00 -dan 16:00-dək günün altında gəzintiyə çıxmamaq tövsiyə olunur.

 

Dəri yanığı - gün vurma ilə birlikdə adətən dəri yanığı da baş verir. Dəri yanığı onunla fərqlənir ki, dəri qızarır və hərdən qabarıqlar əmələ gəlir. Bu an dəriyə soyuq su tökmək lazımdır. Əlavə olaraq xalq təbabətindən də istifadə etmək olar. Buna misal olaraq: kefiri, qaymağı və qatığı göstərmək olar. Ağır hallarda isə mütləq həkimə müraciət edin.


Vüqarə Məmmədova
Bu yazıya 502 dəfə baxılıb.