Mixək


Kəmalə Hüseynova
Bu yazıya 609 dəfə baxılıb.

 

Yayın isti günlərində susuzluğu yatırmaq, yorğunluğu çıxarmaq üçün çay ən yaxşı içkilərdən biri sayılır. Əgər dəmlədiyimiz çaya bir neçə dənə mixək də atsaq, çayımız daha ləzzətli, həm də cana faydalı olar.

Mixək - mixək ağacının qurudulmuş qönçələridir. 10-15 metr hündürlüyündə hamargövdəli həmişəyaşıl ağac möhtəşəm bir ətir saçır. Ağacın hündürlüyü bəzən 10, bəzən də 15 metrə çatır. Yarpaqları tünd yaşıl, meyvələri tünd qırmızıdır. Əsil vətəni Cənubi Asiyadır. Mixək çox qiymətli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyat, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən becərilir.

Çində belə bir adət varmış ki, imperatorun qəbulundə olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəslərindən ətirli iy gəlsin. Mixək bir çox tropik ölkələrdə də becərilir. XVII və XVIII əsrlərdə İngiltərədə qiyməti çox yüksək olduğu üçün mixəyi, hətta qızılla ölçürdülər.

Mixək təsərrüfatda da çox istifadə olunur. Əgər şəkərə qarışqalar daraşıbsa, qabdakı 1 kq şəkərin yanına 8 ədəd mixək qoyun. Qarışqaların yox olduğunu görəcəksiniz. Paltar şkafınızdan gözəl ətir gəlməsini istəyirsinizsə, mixəyi cuna kisəyə yığaraq şkafa qoyun. Əgər dayaz boşqaba bir neçə damcı mixək yağını damcıladıb masanın üzərinə qoysanız, həmin gün ağcaqanad görməyəcəksiniz.

Kulinariyada bu ədviyyatı, əsasən, quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər.

Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və ya çayda mixəkdən istifadə etmək ürəyi, mədəni və daxili orqanları qüvvətləndirib, həzmi gücləndirir. Mixək beyin üçün faydalıdır. O, əhvalı yaxşılaşdırıb, ağızdan gələn pis qoxunun qarşısını alır. Mixək soyuqdəymədən yaranan bəlğəmli xəstəlikləri müalicə edir. Burun axması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır.

Orta yüzilliklərdə mixəklə baş və diş ağrılarını, bədən boşluqlarına su yığılmalarını, karlığı müalicə edirdilər. Mixək yağını vərəm, vəba, göbələk xəstəliklərinə qarşı da istifadə edirdilər. Qədim Çin təbabətində bu yağla dəri xəstəlikləri müalicə olunub. O, güclü antiseptik xüsusiyyətə malikdir, dəridəki səpgiləri yox edir. Mixək, görmə, bronxial astma, ürək döyüntüsü zamanı faydalıdır, pis əhvalı, həyəcanı sakitləşdirir, ruhu gümrahlaşdırır.

Qədimdə başağrısından mixək sirkəsi ilə can qurtarırdılar. Bunun üçün 2 xörək qaşığı tünd sirkəni 1 çay qaşığı mixək qönçəsinə qataraq onu tıxacla bərk bağlanmış flakonda isti yerdə bir həftə saxlamaq lazımdır. Başağrısı zamanı gün ərzində mixəyin iyini bir neçə dəfə ciyərlərə çəkmək lazımdır.

Üzünüzə yara, sızanaq çıxanda mixəyin efir yağının 20 damcısını, 100 ml distillə edilmiş suya qatın, həmin məhlulla hər gün üzünüzü silin.

Bağırsaqlarda qurd olanda möhkəm tündlüyü olan mixək çayı dəmləyin, gündə bir dəfə yeməyə 20 dəqiqə qalmış üstündən su içməklə ondan bir çay qaşığı için.

Soyuqlama və öskürək zamanı limon şirəsini suda həll etmək, ona 3 mixək qönçəsi və bir az da bal qatmaq lazımdır.

Mixəyin sahib olduğu bəzi xüsusiyyətlər başqa heç bir bitki ilə və ya ədviyyatla müqayisə edilə bilməz. Özünüzü yorğun hiss edirsiniz? Zehin yorğunluğunuz var? Başınızda və ya üzərinizdə bir ağırlıq hiss edirsiniz və ya gərginsiniz?

Bu zaman bir stəkan su qaynadın və üzərinə 9-10 ədəd mixək dənələrindən əlavə edin. 5-6 dəqiqə gözlədikdən sonra mixəkləri içərisindən çıxarmadan qurtum-qurtum için. Ən gec on dəqiqə sonra yorğunluğunuzun getdiyini, bədən müqavimətinizin artdığını müşahidə edə bilərsiniz. Bununla yanaşı zehin yorğunluğunuzun da aradan qalxdığını hiss edəcəksiniz.

Təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Mixəklə hazırlanan bitki çayı başqa bitki çayları kimi tez xarab olmur. Buna görə də bu bitki çayını soyuducuya qoya və diş təmizliyində istifadə edə bilərsiniz.


Kəmalə Hüseynova
Bu yazıya 609 dəfə baxılıb.