Tələbə qayğıları


Gülnarə Seyidova
Bu yazıya 491 dəfə baxılıb.

 

Uşaq bağçasından başlayaraq Elmlər Akademiyasına qədər bütün təhsil pillələrində təhsil almış bir insan kimi universitet illərinin bunların içində xüsusi yeri olduğunu qeyd etməliyəm. Bu il tələbə adını qazanan gəncləri öncəliklə təbrik edirəm. Hər birinizə bol uğurlar, mənalı tələbəlik arzulayıram.

Tələbəlik illərində keçirilən hər gün bir-birindən çox fərqlənir. Bəzən çox maraqlı, bəzən problemlərdən dolayı çox sıxıcı, bəzən sakit, bəzən də səs-küylü olur tələbəlik illəri. Tələbəliyin gözəl yönlərinin çox olması hər kəsə məlumdur, gəlin bir az qarşılaşa biləcəyiniz problemlərdən danışaq.

Bir tələbə universitetdə təhsil aldığı müddətdə hansı problemlərlə qarşılaşa bilər? Bu və buna bənzər suallar ətrafında bir az düşünək, çıxış yolları axtaraq. Ümid edirəm ki, gənc tələbələrimiz onları gözləyən problemlərin öhdəsindən rahatlıqla gələcəklər.

İlk olaraq onu qeyd etməliyəm ki, universitetə yeni daxil olmuş tələbə akademik fəaliyyətlərlə yanaşı, yeni ortama alışarkən ya da yeni dostluqlar qurarkən stress yaşaya bilər. Yaşanılan stress her zaman zərərlı deyil, bundan təşvişə düşməyə gərək yoxdur. Hətta bir az stress sizi aktivləşdirən, enerji verən və özünüzü inkişaf etdirmək üçün təkan verə bilər. Ancaq stress səviyyəniz yüksək olarsa bu sizə mənfi təsir göstərər, sizin geriləmənizə səbəb olar, həyatdan aldığınız zövq azalar və çevrənizlə olan münasibətlərinizdə problemlər yaranar.

Aşağıda tələbəlik illərində qarşılaşa biləcəyiniz bəzi məqamları qeyd edəcəyəm, onları bilərək əvvəlcədən özünüzü hazırlasanız daha az stress yaşayarsınız.

• Həyatın axarına uyğunlaşın: bir neçə il çox əziyyətlərin nəticəsində üniversitetə daxil olduqdan sonra arxayınlıq hissinə qapılmadan, eyni əzmlə amma daha da məsuliyyətli şəkildə həyata davam etməlisiniz. Çünki bu anda sizdə arxayınlıq yaransa dərslərinizdə axsamalara səbəb olacaq. Bu da sizin gələcəyinizə bir başa təsir göstərə bilər.

• Yeni çevrənizə uyğunlaşın: Üniversitetə yeni başlayanlar yeni ortama, dostlara və tələblərə uyğunlaşmaqda çətinlik çəkirlər. Özünüz kimi olun və yeni çevrəyə alışmağa çalışın.

• Ev və ailə üçün darıxmaq: Xüsusilə universitetin ilk ilində ailəsindən uzaqda olan tələbələr həsrət çəkirlər. Alışdıqları yaşam tərzindən təmamilə uzaqlaşdıqları üçün çətinlik yaşayırlar. Hətta valideynləri üçün ağlayan tələbələr də olur. Bu çox təbii haldır. Ancaq bu hissləri idarə etmək gərəkdir ki, sizin təhsilinizə mane olmasın.

• Laqeydlik: Hələ vaxt var düşüncəsi ilə dərsləri axsatmaq və geriləmək olmaz. İmtahanların və tapşırıqların yaxınlaşması ilə artan stress sizi yersiz problemlərə sürükləyə bilər.

• Vaxtı qiymətləndirmə: Akademik, sosial və şəxsi həyatına ayıracağınız zamanı düzgün qiymətləndirərək bütün işlərinizin qaydasında olmasını təmin edə bilərsiniz.

• Akademik təzyiq: Çoxalan akademik yük və artan tələbləri çatdırmamaq təlaşı bəzi tələbələrin təhsildən təmamilə uzaqlaşmasına səbəb olur.

• Mükəmməllik iddiası: “Ən yaxşı” olmağa ya da “ən yaxşını” etməyə məcbur deyilsiniz. Özündən çox şey gözləyib bunu bacarmadığınız təqdirdə məyus olub stressə qapıla bilərsiniz. Unutmayın hər kəs ömrü boyu uğur qazana bilməz. Təbii ki, uğursuzluqlar da yaşaya bilərsiniz. Əsas odur ki, hər cür çətinliyin öhdəsindən əzmlə gələsiniz.

• Pis vərdişlər: Bəzən maraq, bəzən çevrə, bəzən özünü daha yaxşı hiss etmək ya da problemləri unutmaq üçün siqaret, spirtli içki, narkotik kimi maddələri dadma ya da istifadə tələbələrin etdikləri yanlış hərəkətlərdir.

• Tələbəlik illərində gənclərin təhsilinə mane olan səbəblərdən biri də qız-oğlan münasibətləridir. Yanlış seçimlər onların bütün həyatlarını alt-üst edə bilər. Bu məqamda çox diqqətli olmaq lazımdır. Xüsusi ilə gənc qızlar həssas olduqları üçün aldadılır ya tərk edilirlər. Bunun nəticəsində də ciddi stress, psixoloji pozuqluqlar yaşayırlar. Bu məqamda ilk olaraq qızlar çox diqqətli olmalı ətrafdakı təhlükəni sezib onlara olan hər təklifi qəbul etməməlidirlər. Həmçinin valideynlər də qız uşaqlarına çox yaxın olub, onların hər dərdlərini, sıxıntılarını yaxından izləməlidirlər.

• Maddi sıxıntı: Ailənin yardımının, tələbənin öz qazancının azlığı, məsrəfləri və ehtiyacları qarşılama dərdi tələbəlik illərinin ən aktual problemlərindəndir.

• Oxuyaraq işləmək: Maddi sıxıntıları aradan qaldırmaq üçün işləməyə başlayan tələbələr bu dəfə də təhsildə geriləməyə başlayırlar. Hətta imtahanlardan keçə bilməyib ciddi problemlər yaşayan tələbələr də çoxdur. Bu səbəbdən də tələbələr daha səbrli olub əllərində mövcud olan imkanlara uyğun yaşamağa çalışmalıdırlar. Bütün bu problemlər adətən maddi imkanı daha yaxşı olan tələbə yoldaşlarını özlərinə nümunə götürərkən baş verir. Unutmayın ki, ən dəyərli insan özü kimi olmağı bacaran insandır.

• Məzuniyyət təlaşı: Buraxılış ilində tələbələrin beynində yaranan sualların stressi (Mən nə üçün təhsil aldım? Bundan sonra nə edəcəm? Görəsən buranı oxumaqla səhvmi etdim? Təhsilimi davam etdirməliyəmmi? Harada işləsəm daha yaxşı olar? Və s.). Üniversitetdə qazanılan dostlardan, alışdığın ortamdan ayrılmaq da stressə səbəb ola bilir. Yeni ya da “gerçək” həyata başlamaq qorxusu və həyəcanının bir-birinə qarışması tez-tez görülən hallardandır.

• İş panikası / Gələcəyə dair qayğılar: Məzuniyyəti yaxınlaşanlar üçün iş tapma təlaşı; tərcümeyi-halın hazırlanması tələbəni həyəcanlandıran məqamlardandır.

Bəs, stressdən necə uzaqlaşmaq olar?

İlk olaraq stressin həyatınızın hansı məqamından qaynaqlandığını və o vəziyyətdə bizi əsasən nəyin narahat etdiyini, hansı duyğuları yaşadığımızı və bu duyğularımızla necə davrandığımıza diqqət etməliyik. Daha sonra isə yaşadığınız bu halı dəyişdirmək üçün nələr edə biləcəyinizi düşünmək problemin həllində önəmli bir adım olacaq.

Bir sıra stress növlərini dəyişdirmək, yox etmək, ya da azaltmaq mümkündür. Stressden qurtulmaq üçün bunları edə bilərsiniz:

• Özünüzə dəyər verərək və müsbət yönlərinizə, müvəffəqiyyətlərinizə fokuslanmaq vacibdir, "Bu problemin öhdəsindən gələ bilərəm", "Əlimdən gələnin ən yaxşısını edəcəyəm" kimi düşüncələr sizə çox kömək edəcək.

• İndiki anı yaşamağın, zamanın dəyərli olduğunu unutmayın. Daim keçmişi ya da gələcəyi düşünmək içində olduğunuz anı yaşamağınıza və həyatınızı mənalı keçirməyinizə mane olacaq.

• Dəyərlərimiz verdiyimiz qərarlarda əhəmiyyətli rol oynayır və onlara zidd bir davranış zamanı stress qaçınılmazdır. Öz dəyərlərinizi nəzərdən keçirərək həyatda sizin üçün nələrin əhəmiyyətli olduğunu (müvəffəqiyyət, sağlamlıq, ailə, yoldaşlıq, özünə hörmət, dini azadlığınız və s.) düşünə bilərsiniz.

• Çoxumuz problemsiz bir həyat arzuladığımız, mükəmməl bir ədalət axtardığımız üçün çətinliklər qarşısında özümüzü bədbəxt hiss edirik. "Bu nə üçün mənim başıma gəldi?" deyə düşünürük. Halbuki qəbul etməli olduğumuz bəzi gerçəklər vardır. Məsələn, hər kəsi məmnun etmək ya da hər kəsin bizi sevməsi və anlamasını gözləmək vacib deyil.

• Hər zaman daha yaxşı və daha pisinin olduğunu xatırlayın. Davamlı inkişafa çalışmaqla bərabər hüdudlarınızı bilin və onları qəbul edin, hər kəsin tək və fərqli olduğunu unutmayın. Özünüz üçün həqiqi hədəflər müəyyən edin. Müvəffəqiyyətinizi öz fərdi inkişafınız içində ələ alın, haqsız və gərəksiz rəqabətdən çəkinin.

• Özünüz üçün hobbi seçin, rahatlayın və dincəlin, yalnız sizə aid olan bir zaman ayırın. Stress keçirdiyiniz anlarda sizi sıxan mühitdən bir müddətə uzaqlaşın və bir neçə dəqiqə dərin nəfəs alaraq rahatlamağa çalışın.

• Sağlam həyat yaşayıb, bədəninizə yaxşı baxın: Sevdiyiniz bir idmanı nizamlı olaraq edin, yetərli qədər yuxunuzu alın, qədərində və keyfiyyətli qidalarla qidalanın, siqaret, spirtli içki və asılılıq yaradan digər maddələrdən uzaq durun.

• Yoldaşlarınızla ya da güvəndiyiniz biri ilə qayğı və problemlərinizi paylaşın.

• İşləriniz çətinləşərsə, gücünüz çatdığı qədər yüklənmək yerinə yaxınlarınızdan və bir mütəxəssisdən kömək istəyin.

Sizə bəxş olunan bu həyatı gözəl və mənalı yaşamaq üçün əlinizdən gələni edin!


Gülnarə Seyidova
Bu yazıya 491 dəfə baxılıb.