Uğurlu təhsilin şərtləri


Əlif Güldar
Bu yazıya 418 dəfə baxılıb.

Təhsil metodları, insanın davranışlarında müsbət istiqamətdə, planlı və proqramlı şəkildə dəyişiklik meydana gətirir. Bu dəyişiklik insanın zehnində, hisslərində və hərəkətlərində meydana gəlir. Bu halda təhsil, başa, ürəyə və bədənə birlikdə nüfuz edir.

 

Təhsil fəaliyyətləri, insandakı dəyişikliyin keyfiyyəti və təsiri baxımından dəyər qazanır. Təhsil vasitəsilə reallaşdırılan dəyişiklik, hədəfləri müəyyən edə bildiyi təqdirdə müvəffəqiyyətlidir. Təhsildə keyfiyyətə nail olmaq və hədəfə çata bilmək üçün təsirli olan bir sıra faktordan bəhs etmək mümkündür. Lakin bu məqamda təhsil verəcək təlimatçının qabiliyyət və səyi çox önəmlidir. Bəlkə ən az onun qədər əhəmiyyətli olan bir başqa mövzu da, təlim-təhsil fəaliyyətlərində istifadə edilən metod və qanunlardır. Bu mövzuda Peyğəmbərimizin təhsil metodu bizim üçün nümunə olmalıdır.

 

Rəfi ibn Əmrin (r.a.) rəvayətinə nəzər salaq.

 

Rəfi ibn Əmr (r.a.), hələ uşaq ikən bir gün Mədinədə ənsardan birinin bağçasındakı xurma ağaclarını daşlamış, daha sonra bağça sahibi onu Rəsulullahın hüzuruna gətirmişdi. Allah Elçisi (s.ə.s.): "Balam! Xurmanı nə üçün daşlayırdın?" deyə soruşdu. Uşaq da, "Çox ac idim, yemək üçün daşladım",- cavabını verdi. Bundan sonra Peyğəmbərimiz (s.ə.s.): "Bir daha xurmaları daşlama, dibinə tökülənlərdən ye!"- buyurdu. Sonra uşağın başına sığal çəkib, belə dua etdi: "Allahım! Onu doyur!" (Tirmizi, Büyu, 54; İbn Macə, Ticarət, 67)

 

Bu kiçik rəvayətdə, təlim-tərbiyədə və təhsildə diqqət olunması vacib olan məqamlar çatdırılır.

 

1. Sevgi ilə və şəfqətlə yaxınlaşma

 

Təhsilin mayası sevgi və şəfqətdir. Təhsil sevgini öyrətməli və sevgi ilə edilməlidir. Xüsusilə uşaqlar üçün sevgi çox əhəmiyyətlidir. Uşaqların sevgiyə daha çox ehtiyacı vardır. Onlar sevgi ilə böyüyər və sevgi ilə öyrədilərlər. Uşaq sevgi gördüyü adama bağlanar, onu dinləyər, onun kimi yaşamağa çalışar. Sevgi uşaqdakı meyli inkişaf etdirilməsini təmin edən qaynaq vəziyyətindədir. Buna görə təhsilin ana hədəflərindən biri də sevgini öyrətmək olmalıdır.

 

2. Uşaqları dinləyərək onların dünyalarına daxil olmaq

Uşaqları anlaya bilmək üçün onları dinləmək və dünyalarına daxil olmaq lazımdır. Onların tamam ayrı dünyaları vardır. Olduqları yaşa görə, sahib olduqları bir sıra duyğular və xüsusiyyətlər vardır. Onların zehni hələ hər şeyi tam mənası ilə dərk edə bilməz. Bu halda onları çox yaxşı tanıyıb, düşüncə və duyğularını nəzərə almaq lazımdır. Bir çox ana-ata uşağın davranışlarını anlaya bilmədiklərini söyləyirlər, amma anlamaq üçün onları heç dinləmirlər.

Peyğəmbərimiz (s.ə.s.), Rəfi ibn Əmrə (r.a.) heç bir şey söyləmədən əvvəl niyə etdiyini soruşur və onu danışdırır. Uşaq yemək üçün daşladığını söyləyir. Ac olan bir uşağın, yemək üçün belə bir şey etməsini təbii qarşılamaq lazımdır. Uşaq etdiyi səhvi dərk etməyə bilər. Belə bir vəziyyətdə uşağın niyyətini və düşüncələrini anlamaq çox əhəmiyyətlidir. Uşaqlar nə edir etsin, dərhal qərarımızı vermədən əvvəl onları dinləməliyik. Onun dünyasına daxil olub onu anlamağa çalışmalıyıq.

3. Alternativ yol göstərmək

Ana və ataların etdikləri səhvlərdən biri də daim qadağalar qoyaraq uşağın hərəkət sahəsini kiçiltməkdir. Əlbəttə, etdiyi səhvlərə görə uşaq xəbərdar edilməli, uyğun bir üslubla etdiyi yanlış izah edilməlidir. Uşağın səhvləri qarşısında səssiz qalmaq da doğru deyil. Lakin burada diqqət yetirilməsi lazım olan məqam, qadağalara qarşı alternativlər gətirmək olmalıdır. Alternativ olmasa, uşaq etdiyi səhvə davam edə bilər. Çünki bu mövzuda başqa yolu tapmaqda çətinlik çəkə bilər. Bu alternativlər, qadağalara maraq duyan uşaqlara fərqli yolları təqdim etməlidir.

 

4. Dua etmə

 

Dua etmə, uşağa hər mövzuda Allaha yönəlmək, hər şeyi Ondan istəməli olduğu mesajını verər. İnsan, ehtiyacı olan hər şeyi Allahdan istəməli, Ona yönəlməlidir. Bir adam üzərinə düşən vəzifələri etdikdən sonra işini Allaha həvalə etməli, o işin olması üçün Allahdan kömək diləməlidir. Uşağın din təhsilində böyüklər uşağa nə vaxt və necə dua edilməsi lazım olduğunu zamanı gəldikcə göstərməlidir.

 

Eyni zamanda pedaqoqlar və ana-atalar, uşağı gözəl şəkildə tərbiyə etmək üçün Allaha dua etməlidir. Sözlərin təsirli olmasını və nəticəyə çatmağı Allahdan gözləməlidir. Xüsusilə ana və atanın uşağına dua etməsi çox əhəmiyyətlidir. Çünki ana və atanın uşağına etdiyi dua məqbuldur. Bir ana-ata uşağına səmimi və ürəkdən dua etsə, bu dua daha məqbul olar. Yuxarıdakı hadisədə Peyğəmbərimiz (s.ə.s.), dua edərək bu mesajı verir, dua etmənin əhəmiyyətini hərəkətləri ilə göstərir.

 

5. Toxunmaq.

Allah Rəsulunun (s.ə.s), yuxarıda bəhs edilən hadisədə, Rəfi ibn Əmrin başını oxşaması çox şey ifadə edir. Günahkar olaraq qarşısına gətirilən uşaq, qorxu içərisindədir və bəlkə də özünə veriləcək cəzanı gözləyir. Belə bir vəziyyətdə uşağın başını oxşama, ona sevgisini ifadə etmənin yanında, "Qorxma! Mən sənin yanındayam, səni qoruyacağam" - mesajı da verə bilər. Beləliklə, uşaq, qorxularından əmin olacaq və özünü güvəndə hiss edəcək. Eyni zamanda belə bir mesaj və belə bir yaxınlaşma günahlardan çəkinmə baxımından da əhəmiyyətlidir. Çünki şəfqət və qayğı göstərilən uşaq, bunu qarşılıqsız buraxmayacaq və özünə yaxınlıq göstərən insanları utandırmamağa çalışacaq.

Peyğəmbərimizin (s.ə.s.) insanlara təsir edərək, onlarda müsbət yöndə dəyişikliklərin baş verməsinin səbəblərindən biri də, təhsilə dair metod və qanunların çox gözəl tətbiqidir. Onun istifadə etdiyi metod və qanunlar, yalnız yuxarıda bəhs etdiyimiz bir neçə xüsusla məhdud deyil. Allah Elçisinin (s.ə.s) həyatına baxdığımız zaman, uşaqların təhsilinə dair çox zəngin bir qaynaq olduğunu görə bilərik. Təhsil proqramlarına nümunə olması üçün, Peyğəmbərimizin (s.ə.s.) həyatı diqqətlə araşdırılmalı və günümüzə işıq tuta biləcək prinsiplər öyrənilməlidir.


Əlif Güldar
Bu yazıya 418 dəfə baxılıb.