Könül İqlimindən İncilər


Osman Nuri Topbaş
Bu yazıya 558 dəfə baxılıb.

Mömin, dinin zahiri və batini hökmlərinə riayət edərsə kamala çatar. Necə ki, dinin, dəstəmaz, namaz, oruc, zəkat kimi zahiri fərzləri varsa, gözəl əxlaq, təmiz vicdana sahib olmaq, mərhəmət, şəfqət, fədakarlıq, ixlas və təqva kimi batini fərzləri da vardır. Eyni şəkildə, necə ki, dində içki, zina, qumar, faiz kimi zahiri haramlar varsa, qürur, riya, ucub, pintilik, həsəd, kin kimi batini haramlar da var. Allah-Təala belə buyurur:

Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar! (əl-Ənam, 120)

. . . 

Salman Farisi belə buyurmuşdur: “Allah-Təalaya qarşı gizli-gizli günah işləmisənsə, gizli-gizli itaət və istiğfar et! Açıq şəkildə günah işləmisənsə, açıq-açıq itaət və istiğfar et ki, bir-birlərini silsinlər”.

. . . 

Günahlar, Allahdan qafil qalındığı zaman işlənir. Necə ki, ayəyi-kərimədə: "Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!" (əl-Həşr, 19) buyurulur. Həqiqətən, heç kim bəsmələ çəkərək bir qardaşına badalaq gələ bilməz. Ürəyi "Allah" deyən biri, ürəklərə tikan batırmaz, bilə-bilə qul haqqına girə bilməz, haramlara dalmaz.

. . . 

Rəsulullah (s.ə.s.) belə buyurur: "Yaxşı bilin ki, mən sizdən əvvəl gedəcək və sizi gözləyəcəyəm! Diqqət edin (sabah axirətdə) sizinlə görüşmə yerimiz Kövsər Hovuzunun başıdır. Sabah mənimlə görüşmək istəyən, əlini və dilini günahdan çəksin! .. "(Buxari, Salat, 80; İbni Sad, II, 227)

. . . 

Oxuyub öyrənməyə başladığımız gündən etibarən topladığımız məlumatlar, bu gün bizi saleh əməllərə sövq edib günahlarla aramızda maneə ola biləcək gücdə deyilsə, bilməliyik ki, o öyrəndiklərimiz yalnız zehnə yığılmış, ürəkdə "irfan" halına gəlməmiş deməkdir. İmam Qəzalinin (q.s.) bu xəbərdarlığı necə də mənalıdır: "Ey oğul! Elmsiz əməl ola bilməyəcəyi kimi, əməlsiz elm də bir cinnətdir. Bilmiş ol ki, bu gün səni günahlardan uzaqlaşdırmayan, ibadətə yaxınlaşdırmayan elm, sabah da cəhənnəm atəşindən uzaqlaşdırmayacaqdır.

. . . 

Məqbul bir qulluq həyatı üçün "iman"dan "ehsan"a yolçuluq zəruridir. "Ehsan" isə zaman və məkandan münəzzəh olan Allah-Təalanın hər zaman və məkanda hazır və nazir olduğu, bu səbəbdən də bizi hər an və hər yerdə görüb nəzər etdiyi şüuruna çatmaqdır. Beləcə bir an belə Haqdan qafil qalmayıb gözlər qarşısında edə bilməyəcəyimiz qüsurlardan, nəfsimizin günahlarla baş-başa qaldığı zaman və məkanlarda da çəkinə biləcək bir iradə və zəkanı qazanmaqdır.

. . . 

Düşünmək lazımdır ki, Rəbbimiz Səttar adı hörmətinə, biz qullarının necə günahlarını örtmüş və onları ürəkdə gizli qara nöqtələr etmişdir. Bu da Onun sonsuz mərhəmət və lütfündəndir. Çünki işlənən günahların əsəri ürəkdə deyil, alında qara bir ləkə surətində zahir olsaydı, şübhəsiz ki, heç kimin bir başqasına baxacaq üzü olmazdı.

. . . 

Yaxşılığı tövsiyə edib pisliklərdən çəkindirmək, möminlərin ən mühüm vəzifələrindən biridir. Çünki cəmiyyətdəki günah və əxlaqsızlıqlara qarşı duyğusuz və biganə qalmaq mənən məhv səbəbidir. Necə ki, Zeynəb binti Cahş (r.anhə) deyir ki, Peyğəmbərimizə (s.ə.s.):

"Ey Allahın Rəsulu! İçimizdə salehlər olduğu halda biz həlak edilə bilərik? - deyə soruşdum. Rəsulullah (s.ə.s.) belə buyurdu: "Fısq və fücur (günahlar) çoxaldığı vaxt, bəli!" (Buxari, Ənbiya, 7)

. . . 

Haqqa vüslət yolunda qulu ən çox geridə buraxan günahların ağır yüküdür. Bu yüklər altında əzilmiş bir ruhla mənən məsafə alına bilməz.

. . . 

Bilal bin Sad buyurur: "Günahın kiçikliyinə baxma! Lakin kimə üsyan etdiyinə, kimə qarşı günah işlədiyini bax!"

. . . 

Heç bir günahı xəfif görməmək lazımdır. Çünki qəzəbi-ilahi, bəzən böyük, bəzən orta, bəzənsə kiçik bir günahda təcəlli edə bilər. Hasbəl-bəşər - insanlıq gərəyi özümüzü qoruya bilmədiyimız günah çirklərini də, dərhal peşmanlıq göz yaşları ilə yuyub, tövbə və istiğfar ilə təmizləməyimiz zəruridir. Çünki günah kiri ilə qəlbi palçığa batmış kəslərdə tövbə suyu ilə peşmanlıq günəşi bir araya gələrsə, Cənabı-Haqq o könülləri göylərə qaldırar.

. . . 

Həzrəti Aişəyə (r.anhə.) bir dəfə belə sual verirlər:

" - İnsan özünün yaxşılardan olduğunu necə anlaya bilər?"

O, belə cavab verir:

" - Nə zaman özünü pislərdən bilərsə, o zaman".

" - Yaxşı, pis adam olduğunu nə zaman anlar?"

" - Nə vaxt yaxşılardan biri olduğunu düşünməyə başlayarsa, o zaman pislərdən olduğu aydın olar!"

. . . 

İbadətləri tərk edən və ya pis yola düşən bir kimsənin; "Nə edim, taleyim belə imiş!" -deməsi, nəfsani və şeytani bir qəflət ifadəsidir. Cənabı-Haqq, məsələn, namaz qılmaq istəyən bir kimsəyə qılma səbəblərini ehsan edər, etmək istəməyənlərə də mane olacaq səbəblər verərək qıldırtmama təcəllisini göstərər. Beləliklə, özümüzü, işlədiyimiz günahlar barəsində üzrlü göstərmək, "qədərə böhtan" etmək olar ki, bu da Haqqa qarşı böyük bir ədəbsizlik və axmaqlıqdır. Şeytanın yolunu azmasının da səbəbi bu barədə göstərdiyi ədəbsizlikdən başqası deyil.

. . . 

Tabein nəslindən hədis və fiqh alimi Mutarrif min Abdullah buyurur ki:

"Günahkarlara qarşı içində bir mərhəmət hissi duymayan kimsə, heç olmazsa onlar üçün tövbə və istiğfar ilə dua etsin. Çünki yer üzündəkilərə Allah-Təaladan bağışlanma diləmək, mələklərin əxlaqındandır".

Həzrəti Əbu Bəkir (r.a.) belə buyurmuşdur:

"Dörd insan Allahın saleh qullarındandır:

1. Tövbə edən adamı gördüyü zaman sevinən,

2. Günahkarların əfvi üçün Rəbbinə yalvaran,

3. Din qardaşına dua edən,

4. Möhtac olan adama kömək və xidmətdə olan".

. . . 

Zaman zaman meydana gələn böyük fəlakətləri gördükdə qorxuya qapılırıq. Bir zəlzələ olur qorxuruq, bir sel olur qorxuruq. Bəli, bunlardan da bəşər olaraq qorxmağımız təbiidir. Lakin əsas qorxulacaq olan, günahlarımızdır

Günahlarımızdan qorxmalıyıq, dilimizdən çıxan səhv kəlamlardan qorxmalıyıq. Mərhəmət və şəfqət kasıbı olmaqdan qorxmalıyıq. İslam şəxsiyyət və xarakterini inşa edə bilməməkdən qorxmalıyıq. İslamın gülər üzünü göstərməməkdən qorxmalıyıq. Bütün bunlardan qorxmalıyıq ki, son nəfəsdə mələklərin müjdələdiyi "qorxu və hüzndən əmin olan" bəxtiyar qullardan ola bilək.

...

Yahya bin Muaz (r.a.) buyurur: "O insana təəccüb edilər ki, xəstəlik qorxusuyla yeməkdən pəhriz edər, cəhənnəm qorxusuyla günahdan pəhriz etməz".

k k k

Mövlana Xalidi Bağdadi belə buyurmuşdur: "Şəriət alimləri və müşahidə əhli arif şəxslər bu həqiqət üzərində ittifaq etmişlər ki, bir kimsənin öz nəfsini bəyənməsi, başqalarını xor

görməsi və digər insanlardan daha təqva sahibi olduğuna inanması, böyük günahların ən böyüklərindəndir".

...

Zamanımızda insanların əksəriyyəti dindən uzaqlaşmanın və ağır günahlar, rüşvətxorluq etmənin ruhi böhranı içindədirlər. Belələrinə bir islah və qurtuluş imkanı təqdim etmək, onlara qəzəblənib hirslənmək yerinə, əfv, dözüm, mərhəmət və şəfqət yolunun daha asan olduğu aşkardır. Çünki nəfsin hakimiyyətində böhrana düşən ruhlara, İslamı, ilahi bir təsəlli, bərpa və müalicə halında təqdim etmək, onlara bir xilasedici şar ata bilmək üçün, günaha duyulan nifrəti günahkara daşımamaq, əksinə, günahkarı, qanadı qırıq bir quş kimi fərz edib onu şəfqət və mərhəmətlə müalicə etmək, faydalı bir irşad metodudur.

...

Həzrəti Mövlananın Cənabı-Haqqa olan bu müraciəti nə gözəldir: "İlahi, əlimizdən tut, bizi bizim əlimizdən al, bizi qurtar! Könlümüzdəki qəflət pərdəsini qaldır, könül gözümüzü aç! Lakin günahlarımızın pərdəsini yırtma və bizi rüsvay etmə!" Amin.


Osman Nuri Topbaş
Bu yazıya 558 dəfə baxılıb.