Cənnətin yolu və qız uşaqları


Fatimə Zəhra
Bu yazıya 721 dəfə baxılıb.

Cənabı-Haqq, aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimizi (səllallahu əleyhi və səlləm) biz möminlərə "üsvəyi-həsənə", yəni "ən gözəl və bənzərsiz nümunəvi şəxsiyyət" etmişdir. Bu səbəbdən qız uşaqlarımızın təhsilində də nümunə alacağımız ən böyük rəhbərimiz, Peyğəmbərimizdir (səllallahu əleyhi və səlləm).

İlk olaraq Peyğəmbərimizin (səllallahu əleyhi və səlləm), Fatimə anamızı necə yetişdirdiyini yaxşı öyrənib, anlamalıyıq. Ailə fərdləri içində qızı Fatiməyə fərqli bir məhəbbət duymasına və ona xüsusi dəyər verməsinə baxmayaraq, onu dünya nemətlərini minimum səviyyədə və bir qənaətlə istifadəni tövsiyə etməsi, daima təqva həyatına sövq edərək üxrəvi səadətini düşünməsi bizim üçün çox mühüm örnəkdir.

Bu nəbəvi təhsilin bərəkətinə görə, cənnət seyyidəsi Fatimə anamız, Əhli-Beytin və Qızıl Silsilənin anası olmuşdur.

Yenə Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm), qızların təhsil və tərbiyəsi xüsusunda belə buyurmuşdur:

"Hər kim üç qız uşağını və ya bacılarını himayə edib böyüdər, gözəl şəkildə tərbiyə edər, evləndirər və onlara yaxşılıqlar etməyə davam edərsə, o kimsə Cənnətlikdir" (Əbu Davud, Ədəb, 120-121 / 5147; Tirmizi, Birr, 13/1912 ).

 

"Hər kim iki qız uşağını həddi-büluğ çağına gələnə qədər böyüdüb tərbiyə edərsə, qiyamət günü o kimsəylə mən belə(iki barmağı ilə işarə edərək) yan-yana olacağıq" - buyurmuş və barmaqlarını bitişdirmişdir (Müslim, Birr, 149).

"Hər kim qız uşaqlarını tərbiyə edəndə bir çətinliyə uğrasa da, onlara yaxşı baxarsa, bu uşaqlar onları cəhənnəm atəşindən qoruyan bir sipər olar" (Buxari, Zəkat 10, Ədəb 18; Müslim, Birr 147).

Bu hədisi-şəriflərdə açıq şəkildə "qız övladı" nın vurğulanması, həm o dövrün cahiliyyə ənənə və adətlərinə görə qızlara qarşı göstərilən çirkin rəftarı aradan qaldırmaq üçündür, həm də qız övladının yetişdirilməsinin cəmiyyətin kamalı üçün çox əhəmiyyətli olmasındandır. Çünki qız övladı, tək bir fərd deyil. O, yeni nəslin yuvası, məktəbi və müəllimidir. Gələcək nəsillər, yetkin və yetişmiş salehə qızların şəfqət və mərhəmət dolu ürəklərində cücərər. Əgər ana-atalar,

qızlarının mənəvi qabiliyyətləri və həssaslıqlarını inkişaf etdirməz və onları küçələrin insafına buraxaraq hədər etsələr, onlarla birlikdə öz aqibətlərini də məhv etmiş olurlar.

***

Cinsiyyət fərqi səbəbiylə övladlar arasında ayrı-seçkilik etmək, Allah-Təalanın təqdirinə hörmətsizlikdir, riza və təslimiyyət zəifliyidir.

Sırf cinsiyyəti üzündən qız uşaqlarının, bir çox hüquqlarından məhrum buraxılaraq zülmə məruz qaldıqları, bilinən bir gerçəkdir. Allah-Təala, yeganə üstünlük ölçüsünün "təqva" olduğunu bəyan edərkən, "cinsiyyət" kimi bir məsələni üstünlük səbəbi kimi görmək, ilahi həqiqətlərə haqsızlıqdır, zülmdür.

Səhabənin biri, Peyğəmbərimizin (səllallahu əleyhi və səlləm) yanında oturarkən, yanına kiçik oğlu gəldi. Dərhal onu qucaqlayıb öpdü və dizinə oturtdu. Az sonra da kiçik qızı gəldi. Adam onu dizinə deyil, yanına oturtdu. Bunu görən Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm):

"- Uşaqlar arasında ədalətli olmaq lazım deyildimi?" - buyurdu.

Beləcə qız ilə oğlan uşağına sırf cinsiyyəti səbəbi ilə fərqli davranıb və birini digərindən üstün tutmağın ədalətli olmadığını bildirdi (Tahavi, Şərhi Məanil-Asar, Beyrut 1987, IV, 89; Beyhəqi, Şuab, VII, 468; Heysəmi, VIII, 156.).

Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm), qızı Fatimənin (radiyallahu anhə) evində qaldığı bir gün, Həzrəti Həsən və Həzrəti Hüseyn, Ondan su istədi. Allah Rəsulu əvvəl Həzrəti Həsənə su verdi. Həzrəti Fatimə, Peyğəmbərmizin Həzrəti Həsəni daha çox sevdiyi qənaətinə vardı, Peyğəmbərimiz isə:

"Xeyr, ilk əvvəl Həsən su istədi"- buyurdu. Sonra da:

"-İkram və ehsanlarınızda uşaqlarınıza bərabər rəftar edin. Əgər mən birini üstün tutacaq olsaydım, qızları üstün tutardım" - buyurdu. (Heysəmi, IV, 153; LBN-i Həcər, əl-Metâlibü'l-əliyə, IV, 69)

Bu yazı Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır.


Fatimə Zəhra
Bu yazıya 721 dəfə baxılıb.