NUR


Mətanət Kərimova
Bu yazıya 852 dəfə baxılıb.

Dəniz mənzərəsi ilə möhtəşəm bir alış-veriş mərkəzi... İşlər əla gedir, kassalar pulla dolu, qapının önündə son model maşınlar... Gözəl mənzərəyə baxan iş otağı... Ən sadiq adamı başının üstündə dayanıb əmir gözləyir. Çox çəkisi olduğu üçün kresloya sığmasa da, onu dəyişdirmək niyyətində deyil. Çünki bu kreslonun uğurlu olduğuna inanır. Sağ ayağı sol ayağının üstündə, kənardakı stolda bir az əvvəl yediyi yeməyin artıqları, stəkanında ən bahalı şərab... Yeməyin üstündən şərab yaxşı gedir düşünən – bankların ən seçilən müştərisi Ayxan bəy. Hər şey qaydasında olsa da, Ayxan bəy son zamanlar çox fikirli görünürdü. Ayağa qalxdı və otağın içində bir az gəzişdi. Pəncərədən dənizi seyr etdi. Gözləri körpüyə ilişdi. Sonra sahildəki tək minarəli məscidə, sanki onu ilk dəfə görürmüşcəsinə diqqətlə baxdı. Bir müddət eləcə qaldı. Qarşıda bir-biri ilə yarış edirmiş kimi yüksələn binalar... Dəniz bir az dalğalı, yollar hər zamankı kimi... Qayıdıb kreslosunda oturdu. Ən sadiq işçisi Emin, müdirinin ağzından çıxacaq kəlmələri səbirsizliklə gözləyirdi. Xəfif bir səs tonu ilə “Emin!” – dedi Ayxan bəy. Sonra bir müddət susdu. Yerindən yenə qalxdı. Pəncərənin önünə getdi. Qolunu pəncərəyə dayayıb alnını da qoluna yasladı. Düşüncələrə daldı. Hələ də dünən gecə gördüyü yuxunun təsirində idi. Tək başına çıxdığı sirli bir yolçuluq... Ağaclar arasından uzanan uzun, dar bir yol... Yolun başında bütün mal varlığı... Çəkə- çəkə arxası ilə aparmağa çalışır... Yoldaşı, uşaqları bir kənarlar... Qohumları və işçiləri də digər tərəfdə... Hər kəs onun mal varlığında bir şey qoparmağa çalışır. Yolun sonuna yaxınlaşanda geri dönüb baxır, geridə heç bir şey yoxdur. Qan-tər içində qalır. Qarşıda bir bulaq var. Bulağın başında ağ saqqallı, nürani bir qoca... “Xoş gəlmisən, oğul! Bura dünyalıq naminə yolun sonu, sonrası yoxdur, gələrkən nə gətirdin?” – deyir. Ayxan bəy çətinliklə bulağın başında oturur. Titrəyən əlləri ilə bir az su içir. Özünə gəldikdə, “Bütün mal varlığım, yoldaşım, uşaqlarım, işçilərim bir az əvvələ qədər arxamdan gəlirdilər. Yolun sonuna gələndə birdən hamısı yox oldular. Bu işdən heç nə anlaya bilmədim!” “Oğul! Bundan sonra doğulanda yanında olmayan, ölüncə də yanında olmayacaq şeylərin heç bir hökmü yoxdur!” – deyir, qoca. “O zaman nə gətirməli idim? – deyə Ayxan bəy mırıldanır. Ağsaqqalı qoca ard-arda suallar verir, Ayxan bəy cavablayır. “Namaz?” “İşdən, gücdən vaxt tapıb qıla bilmədim, təqaüdə çıxdıqdan sonra qılacam”. “Oruc?” “İşin çoxluğundan aclığa dayana bilmirəm, lakin günü gələndə tutaram”. “Zəkat?” “Onu heç soruşma. Yeni bir layihəm var. Borcum çoxdur...” “Həcc?” “İş-gücü qoyub o qədər vaxt hara gedə bilərəm. Amma ağlımdadı mütləq gedəcəyəm”. Qoca bundan başqa bir çox sual verir Ayxan bəyə. Aldığı cavablardan məmnun qalmamış və ümidsiz şəkildə “Barı bunu söyləsin!” – “Kəlmeyi-Şəhadət” deyə səslənir. “Bax o asandır, bu dəqiqə söyləyərəm!” – deyə önə gəlir. Lakin “Əşhədü...” deyir davamını gətirə bilmir. Dili heç cürə dönmür. Bir –iki dəfə yenə cəhd göstərir, ancaq yenə söyləyə

bilmir. Çarəsizcə başını önə əyir. Başını qaldırdığında ağsaqqallı qocanı görmür. Sağına, soluna baxır, amma boş yerə. Nurani qoca ortalıqdan səssiz-sədasız yox olur. Ayxan bəy çox çətinliklə ayağa qalxır. Birdən –birə gözləri bulağın qarşısında olan yola ilişir. İkiyə ayrılan yol... Biri sağa, digəri sola gedir. Sağa gedən yolun önündə yüksək bir sədd... Oranı keçmək heç mümkün deyil. Sola gedən yol isə bir fəlakət. Gözünü atdığı hər yer ilanlar, çiyanlarla doludur. İrəlidə böyük bir alov... Göy üzü zil qaranlıq... Qorxudan Ayxan bəyin gözləri bərəlir. İnsanmı, heyvanmı olduğu bəlli olmayan varlıqlar iki qoluna girərək zorla onu sol tərəfə sürüyürlər. Onu oddan bir çuxurun kənarına gətirirlər. Ayxan bəy “Xeyr! Xeyr!” – deyə-deyə, bağıraraq yuxudan oyanır. Sahildəki məsciddən yüksələn azan səsi ilə diksinən Ayxan bəy özünə gəldi. Pəncərənin önündən ayrılıb stolun yanında gözləyən Eminə yaxınlaşdı. “Hər şey sənə əmanət, Emin!” – dedikdən sonra sürətlə otaqdan çıxdı. Kəlmeyi-Şəhadət gətirə-gətirə binadan çıxıb gözdən itdi. Sonrakı günlərdə Ayxan bəy iş yerinin yolunu unutdu. Məscid camaatına qarışıb özünü tamamən ibadətə verdi. Qısa zamanda həccə getdi. Zəkatlarını artıqlaması ilə ödədi. Oruc üstünə oruc tutdu. Bir də dərnək qurub başına keçdi. Xeyirli işlərlə məşğul oldu. Allah nə verdi isə fağır-füqəra ilə paylaşdı. Ayxan bəyi bu şəkildə görənlər gözlərinə inana bilmədi. Hətta “Ayxan bəyin başı xarab olub” – deyənlər oldu. Ayxan bəy bunların heç birini vecinə almadı, çünki halından olduqca məmnun idi. Bu vəziyyətə ən çox yoldaşı Xalidə xanım sevinmişdi. Çünki illərdir əri üçün dua edirdi. Allah dua edənlərin duasını tez ya da gec qəbul edəndi. Yetər ki, dua edilsin... Bu arada Emin işləri daha da irəlilətdi. Ayxan bəy Emini özünə ortaq etdi. Beləcə işləri düşünməkdən qurtuldu. Qızını Emin ilə evləndirdi. Çox şükür belə bir kürəkən tapmış, daha nə istəsin Uca Allahdan... Ayxan bəy uzandıqca uzanan söhbətin ardından gec vaxtlarda evə gəlmişdi. Gecənin irəliləyən saatlarına qədər ibadət etmiş, başında təkkə, əlində təsbeh olduğu halda oturduğu yerdə eləcə yatmışdı. Ayxan bəy yenə eyni əsrarəngiz yuxunu görür. Eyni bulaq, eyni ağsaqqallı qoca... Qoca bu səfər onu təbbəssümlü çöhrə ilə qarşılayır. Sağ və sol cinaha gedən iki fərqli yol... Sola gedən yolun önündə böyük bir sədd... Sağa gedən yol isə mümkün olduğu qədər açıq... Hər tərəfdə quşlar, rəngarəng çiçəklər, şırıl-şırıl axan sular, bağlar, bağçalar, ağaclar... Sonsuz yaşıllıq, fövqaladə xoş bir hava... Və nəhayət, göy üzündə sonsuz bir nur...

Qeyd: İbrahim Kayanın yazısından istifadə olunmuşdur.


Mətanət Kərimova
Bu yazıya 852 dəfə baxılıb.