Hz.Aişə (radiyallahu anhə)


Nəzrin Hüseynova
Bu yazıya 360 dəfə baxılıb.

Bilindiyi kimi Hz. Xədicənin vəfat ilinə “Hüzn İli” adı verilmişdir. Hz. Xədicənin vəfatından sonra ev işlərinin daha kiçik yaşda olan Hz. Fatimənin boynuna düşməsi Rəsulullahı çox narahat edirdi. Onun bu kədərli halını hiss edənlərdən biri Osman bin Mazunun xanımı Havlə binti Hakim olmuşdur.

Havlə qadın səhabələr arasında təqvası ilə tanınan zahidə bir xanım idi. Rəsulullahın (s.ə.s.) hər cür xidmətini etməyi özü üçün böyük bir şərəf və ülvi bir vəzifə olaraq görərdi.

Bir gün Rəsulullahın (s.ə.s.) evinə gəlib:

-Ey Allahın Rəsulu, evə girəndə Xədicənin əskikliyi hiss olunur, - dedi.

Rəsulullah (s.ə.s.):

- Bəli, Xədicə həm uşaqlarımın anası, həm də evimin gözətçisi idi, - dedi.

- Sizə çətin günlərinizdə dayaq olacaq və ev işlərində yardım edəcək xanıma ehtiyac vardır.İstəyirsinizsə, sizin evlənməyinizə vasitəçi olum?- deyə, Havlə soruşdu. Allah Rəsulu (s.ə.s.) ona:

- Kiminlə? – dedi.

- Qız istəsən qızla, dul istəsən dulla, –cavabını verdi. Rəsulullah (s.ə.s.):

- Qız kimdir? – deyə soruşdu. Havlə binti Hakim:

- Allahın bəndələrindən sənə ən layiq olan qız Əbu Bəkrin qızı Aişədir, – dedi.

- Bəs dul kimdir? – deyə Rəsulullah soruşanda Havlə:

- Sevda binti Zemadır. Sənə iman etmiş və dinində sənə tabe olmuşdur, – dedi.

Bu fikri uyğun görən Rəsulullah (s.ə.s.) Havləni Hz. Əbu Bəkrin evinə göndərdi. Havlə Aişənin anası Ümmü Rumanın yanına gələrək dedi:

- Ey Ümmü Ruman! Allahın xeyir və bərəkət olaraq sizi nəyə qərq etdiyini bilirsənmi?

- Nədir o elə?- deyə Ümmü Ruman soruşdu. Havlə:

- Rəsulullah (s.ə.s.) Aişəni istəmək üçün məni sizin yanınıza göndərdi,- deyincə, Ümmü Ruman:

- Əbu Bəkrin gəlməyini gözlə, - dedi.

Bir az keçmiş Əbu Bəkr evə gəldi. Havlə binti Hakim:

- Ey Əbu Bəkr! Allahın xeyir və bərəkət olaraq sizi nəyə qərq etdiyindən xəbəriniz varmı? – dedi. Əbu Bəkr:

- Nədir o? – deyə soruşdu. Havlə binti Hakim:

- Rəsulullah (s.ə.s.) Aişəni istəmək üçün məni sizə göndərdi. Əbu Bəkr:

- Bu uyğundur ki? Axı Aişə qardaşının qızı sayılır, – dedi.

Havlə Rəsulullahın yanına gələrək Əbu Bəkrin sözünü ona çatdırdı. Rəsulullah (s.ə.s.):

* Get Əbu Bəkrin yanına de ki: “O, İslamda mənim qardaşımdır”,- dedi.

Havlə binti Hakim deyilənləri Əbu Bəkrə xəbər verəndə o, düşünmək üçün zaman istədi. Təbii ki, bunda Əbu Bəkrin tutarlı səbəbləri var idi. Belə ki, Mutim İbn Adiyy Aişəni oğlu Cübeyr ibn Mütim üçün istəmiş, Əbu Bəkr də razılıq verərək söz kəsmişdir.

Amma Əbu Bəkrin bu sözə könlü razı deyildi. Qəlbindəki nigarançılığa son vermək üçün Mutim bin Adiyyin evinə getdi. Mutim bin Adiyyin evində zövcəsi Ümmü Cübeyr birlikdə oturmuşdular. Əbu Bəkr sözü açdı:

* Aişənin evlənməsi haqqında nə düşünürsünüz?

Mutim bin Adiyy xanımına dönüb:

- Xanım nə deyirsən? – dedi. Mutumin xanımı:

- Hərhalda oğlumuzu sənin qızınla evləndirsək, onu da yəqin dinimizdən çıxarıb öz dininə salarsan, – dedi. Əbu Bəkr Mutim bin Adiyyə dönüb:

- Sən də belə düşünürsən? – soruşduqda, Mütim bin Adiyy:

- O, eşitdiyin (mənim də eyni fikirdə olduğum) sözləri deyir, – cavabını verdi.

Bunu eşidən Əbu Bəkr verdiyi sözdən özü dönmədiyi üçün Allaha həmd edir. Könül rahatlığı ilə evinə qayıdıb Havləni çağırtdıraraq Rəsulullahın (s.ə.s.) gəlməsini istəyir və Hz. Aişəni altı və ya yeddi yaşında ikən Şəvval ayında Rəsulullaha (s.ə.s.) nikahlayır.

Rəsulullahın (s.ə.s.) şəvval ayında nikah qıydırmasının hikməti vardır. Bu izdivac üçün şəvval ayının seçilməsi boşuna deyildi. Çünki o dövrdə belə bir yanlış adət var idi ki, guya şəvval ayında qurulan ailələr uğursuz olur, ər-arvad bir-biri ilə yola getmir.

Salih Suruc şəvval ayında nikah qıyılmasının uğursuzluğa səbəb olmamasını belə izah edir: “Bayram cümə gününə rast gələrsə, bayram namazı ilə cümə namazı arasında nikahın qıyılması münasib deyil. Çünki bayram gününün təlaşı çoxdur. Nikahı da bu iki bayramın arasına sıxışdırmaq yaxşı deyil. Ancaq bunu etdiyi təqdirdə hər hansı bir haram iş də görülmüş sayılmır”.

İki əziz və vəfakar dost arasında qohumluq əlaqəsinin qurulmasına dair xəbərlərin çıxışı məkkəliləri təəccübləndirmədi. O dövrdə qızların evlənərkən yaşının az olması normal və təbii bir hadisə sayıldığından İslam düşmənləri buna bir söz tapa bilmədilər.

Rəsulullaha (s.ə.s.) Mədinədə otaqlar inşa edilmiş və ailəsi oraya köçürülmüşdür. Amma Hz. Aişə ilə Məkkədə söz kəsilməsinə baxmayaraq, Rəsulullah (s.ə.s.) evlilik məsələsini uzadırdı.

Bir gün Əbu Bəkr Rəsulullahdan (s.ə.s.) soruşur:

- Ya Rəsulullah! Ailəni yanına gətirməkdə sənə mane olan nədir? Rəsulullah:

- Mehirdir, – cavabını verir.

Bunun üzərinə Hz.Əbu Bəkr ona 500 dirhəm borc verir. Allah Rəsulu bunları Aişəyə mehir olaraq verib şəvval ayında onunla evlənir.

Aişə öz toyunu belə rəvayət edir:

- Rəsulullah (s.ə.s.) evimizə gələndə ənsardan bir neçə qadın və kişilər toplandı. Mən ənsar qızları ilə iki xurma ağacı arasından asılmış yelləncəkdə yellənirdim. Anamın evdən çıxıb mənə yaxınlaşdığını görəndə nə edəcəyimi bilmədiyim üçün iki əlimi qarnımın üstünə qoydum. Anam məni evə gətirib saçlarımı düzəltdi və bir az su ilə üzümü yudu.

Daha sonra anam məni Rəsulullahın (s.ə.s.) yanında oturdub:

- Bunlar sənin ailə üzvündür. Allah onlarda sənin üçün bərəkət xəlq etsin, onlar üçün də səndə bərəkət ehsan etsin, – deyə dua etdi.

Sonra qadınlar və kişilər qalxıb getdilər. Onların toyunda nə bir dəvə, nə də bir qoyun kəsilmədi. Sadəcə Sad b. Übadə daha əvvəl də Hz.Peyğəmbərə (s.ə.s.) göndərdiyi böyük bir qabda onlara toy yeməyi göndərmişdi.


Nəzrin Hüseynova
Bu yazıya 360 dəfə baxılıb.