Repressiyaya məruz qalan qadın rəssamımız - Qeysər Kaşıyeva


Bu yazıya 433 dəfə baxılıb.

Qeysər Kaşıyeva professional rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. O, sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir.

Qeysər Kaşıyeva mədəni mühiti çox zəngin olan Tiflis kimi şəhərdə doğulsa da, müsəlman qızlarının təhsil almasının yasaq edildiyi bir dövrdə o, peşəkar rəssamlıq təhsili almış, istedadı və qabiliyyətinə görə Avropanın tanınmış məşhur rəssamlarının diqqətini çəkmiş, bir-birindən gözəl və maraqlı rəsm əsərləri yaratmışdır. İlk dəfə olaraq Tiflisdə bu azərbaycanlı qızının əsərləri sərgidə nümayiş olunmuşdu.

Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir.

O dövrdə Qafqazda ayrıca rəssamlıq məktəbi olmasa da, gimnaziyada oxuyan Qeysərin sorağı o zaman Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalının karikaturaçı-rəssamı Oskar Şmerlinqə də gəlib çatmışdı. Oskar Şmerlinq Qeysərin əl işlərinə baxaraq ona təhsilini davam etdirməyi məsləhət görmüşdür. Həmin vaxt Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi fəaliyyət göstərirdi və burada məşhur rəssamlar bu sənətin sirlərini istedadlı uşaqlara öyrədirdilər.

Həmin cəmiyyətin sədri, rəssam Riçard Karloviç Zommer Oskar Şmerlinqin yaxın dostu idi və Şmerlinq Qeysərin mükəmməl təhsil almasını ondan xahiş etmiş, beləliklə, Qeysər Kaşıyeva 1907-1908-ci illərdə burada rəssamlığın sirlərini öyrənmişdir.

Qeysər Kaşıyeva yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edirdi. Onun portret janrına həvəsi daha böyük idi. Təhsil aldığı illərdə portret janrında da çəkdiyi əsərlər Tiflisdə təşkil edilmiş rəssamlıq sərgilərində uğur qazanmışdı.

Riçard Zommer Qeysərin istedadını dəyərləndirmiş, hətta ona təhsilini Moskvada davam etdirməyi məsləhət görmüşdür. Lakin o dövrün şərtləri müsəlman qızının yad bir şəhərdə oxumağa getməsinə imkan vermir və buna görə də Qeysər Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin keçirdiyi mədəni tədbirlərdə fəal iştirak etməklə kifayətlənir. Artıq Qeysər xanımın şöhrəti hər yana yayılmış, onu tez-tez müxtəlif tədbirlərə dəvət edirdilər. Belə tədbirlərdə Qeysər şəhərin tanınmış ziyalıları, şairləri, jurnalistləri ilə tez-tez görüşərdi.

Belə görüşlərin birində Qeysər xanım polkovnik Şirin bəy Kəsəmənli ilə tanış olmuşdur. Şirin bəy Kəsəmənli qazaxlı Çingiz bəyin oğlu idi.

Şirin bəy Qeysər xanımla evlənmək istəsə də, onun atası buna razılıq verməmiş, “bəy oğlu tacir qızı ilə evlənə bilməz”, – demişdi. Lakin Şirin bəy Qeysər xanımla ailə qurmuşdur. Şirin Kəsəmənli Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Orduda xidmətə başlamış Gizirlər Məktəbinin ilk azərbaycanlı rəisi olmuşdur.

Onun ölümü haqqında məlumatlar da müəmmalıdır, bir məlumatda ağır xəstəliyə tutularaq vəfat etdiyi göstərilsə də, digər bir məlumatda ermənilər tərəfindən öldürüldüyü yazılır.

Qeysər xanım bir yaşlı qızı Ləyiyə ilə tək qalmış, ərinin atası-anası belə onu qəbul etməmişdir. O, müəllimlik etməklə qızını tərbiyə etməyə çalışmış, çox sonralar isə rayonda hərbi komissar vəzifəsində çalışan Zülfüqar bəy Seyidbəyli ilə tanış olub, onunla ailə qurmuşdur.

Zülfüqar bəy Ləyiyəyə doğma ata münasibəti göstərmiş, Qeysər xanımla nigahdan bir qız övladı da dünyaya gəlmişdir.

Vəzifədən vəzifəyə yüksələn Zülfüqar Seyidbəyli də 37-ci illərin ağır repressiyalarına tuş gəldi. 1937-ci ildə onu “xalq düşməni” adı ilə həbs edərək güllələdilər. Qeysər xanım da həbs

olunaraq sürgünə göndərildi. Ömrünün ən gözəl illərini həbs düşərgəsində keçirən Qeysər xanımın arzuları ürəyində qaldı. Onun övladları qoca nənənin himayəsində qaldı, əsərləri isə yandırılaraq, dağıdıldı. Qeysər xanım 1942-ci ilə kimi sürgündə min bir əziyyət çəkdi. Yalnız 1956-cı ildə bəraət alandan sonra qızlarını başına yığaraq öz sənəti ilə məşğul oldu.

Qeysər xanım o qədər vahimə və qorxu içində yaşayıb ki, hər an ölümlə, haqsızlıqla, namərdliklə rastlaşa biləcəyini unutmurmuş.

Qeysər Kaşıyeva 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir (“I.Qonçarovun portreti”, 1909, “Azərbaycan ziyalısı”, 1912, “Göl sahili”, 1914, “Küpəgirən qarı”, 1915).

O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Qoqolun portreti”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı”, “I.Qonçarovun portreti”, “Azərbaycan ziyalısı”, “Göl sahili” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, “Şərq qadını” jurnalına (1923-1938-ci illərdə Bakıda çap olunmuşdur) illüstrasiyalar da çəkmişdir.

Qeysər Kaşıyevanın adı çoxuna bəlli olmasa da, onun qiymətli rəsm əsərləri təsviri incəsənətimizi zənginləşdirən əsərlərdir. Qeysər xanım nəinki Azərbaycanda, eləcə də Şərq dünyasında ilk peşəkar qadın rəssam kimi adını tarixə əbədi həkk etdirmişdir. Qeysər xanım çətin bir tale yaşasa da, ilkin olmağın ağrısını, acısını çəksə də, yaşadığı şərəfli ömrü ilə heç zaman yaddaşlardan silinməyəcək.

Otuzuncu illərdə ərinin “xalq düşməni” kimi güllələnməsindən sonra özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Qeysər Kaşıyeva 1972-ci ildə Bakıda vəfat edib.



Bu yazıya 433 dəfə baxılıb.