Qadınlar həcc ziyarətində


Sevinc Vəkilova
Bu yazıya 368 dəfə baxılıb.

İslam dinin əmr və qadağanlarına tabe olmaqda kişi ilə qadın arasında mühüm bir fərq yoxdur. Lakin bəzi ibadətlərdə, yaxud da ibadətlərin formasında qadınlar üçün bir sıra asanlıqların gətirildiyini görmək olar. Belə ibadətlərdən biri də həm mal həm də bədən ilə edilən həcc ibadətidir.

Həcc ibadəti dünyanın müxtəlif yerlərindən rəng, dil və ölkə fərqi qoymadan, milyonlarla müsəlmanı bir araya gətirir. Həcc dünyanın müxtəlif bölgələrində yaşayan möminlər arasında qardaşlıq bağlarını gücləndirir. İnsanlar həqiqətən bərabər hüquqlu olduqlarını birlikdə yaşayaraq göstərirlər. Ərəb olanlarla olmayanın ağ dərilinin qaradan təqva xaricində bir üstünlüyünün olmadığı inamını zehinlərə yerləşdirir.

Peyğəmbərimizin (s.a.s) dövründən bəri qadınlar, aktiv olaraq həccin yerinə

yetirildiyi hər mərhələdə kişilərlə bərabər olmuşdurlar. Qadınlar Allah Rəsulu ilə birlikdə həccin fərzlərini ifa etmiş, Peyğəmbərimizə suallar soruşmuş

və Rəsulallah (s.a.s) onlara həccin hökmlərini, xüsusilə də qadınlara xas hökmləri (heyz halı, ehram və s) açıqlamışdır.

Qadının həcc ibadətini şüurlu və rahat şəkildə edə bilməsi üçün həcdən əvvəl və həcc əsnasında ediləcək hökümləri öyrənməsi zəruridir.

Fiqh kitablarında həcc ibadətiylə əlaqədar şərtləri əsasən iki hissəyə bölürlər. Birincisi, həm kişi həm də qadınlara birlikdə aid olan şərtlər. İkincisi isə yalnız qadınları aid olan şərtlərdir.

Qadın və kişilərə aid olan şərtlər, bütün ibadətlərdə olduğu kimi ibadət öhdəliyi üçün lazım olan müsəlman olmaq, ağıllı olmaq, həddi-buluğa çatmış olmaqdır. Cismani sağlamlıq , maddi imkan və yol təhlükəsizliyi ilə yanaşı, qadınlar üçün həmçinin yol yoldaşının olması, boşanma və ya ölüm iddəsinin olmamaması zəruridir. Sözügedən şərtləri daşımayan qadına həcc fərz deyil.

Qadın, etibarlı qadın rəfiqələri ilə bir yerdə fərz olan həcc ibadətini yerinə yetirə bilər.

Allah Rəsulu qadınların yanında məhrəmi olmadan səfərə çıxmamasını bildirməsindən sonra, bir nəfər ayağa qalxaraq; “Ey Allahın Rəsulu, xanımım həcc səfərinə çıxdı. Mən isə filan qəzvədə iştirak etməliyəm. Həzrət Peyğəmbər belə buyurdu: Get və xanımınla bir yerdə həcc et. ” (Buxari, Nigah, 111, Cihad, 140,181; Mülim, Həcc 424.)

Digər yandan həccə gedəcək qadının boşanma və ərinin ölümünə görə iddəli olmaması lazımdır. İslam dini yaşlı və ya ərindən yeni boşanmış bir qadını həmin il həcc ibadətindən məsul tutmamışdır. Daha sonrakı illərdə həcc ibadəti yerinə yetirirlə bilər.

Həcc və ümrə ibadəti məqsədi ilə miqat sərhəddində ehrama girən qadınlar kişilərdən fərqli olaraq öz geyimlərində qalırlar. Tikişli paltar geyinməkdə sərbəstdirlər. Bu da islamın qadınlar üçün gətirdiyi asanlıqlardan birirdir. Heyzli və zahı qadınların ehrama girərkən qüsl almaları sünnədir. Hədisdə belə buyurulur: “Heyzli və zahı qadınlar qüsl alıb ehrama girər və Beytullahı təvaf xaricində həccin bütün rüknlərini yerinə yetirərlər.”(Tirmizi, Həcc, 98; Əbu davud, Mənasik, 9; İbn Hənbəl , I , 364.)

Qadın ehramda üç məsələdə kişidən fərqlənir. Tikişli paltar geyinmək, məst geyinmək və başını örtmək.

Bundan başqa həccin sonunda kişilər ehramdan çıxdıqda saçlarını qırxar qadınlar isə saçlarının ucundan bir qədər kəsərək ehramdan çıxmış sayılırlar.

Bütün bunlar İslam dinin qadınlar üçün gətirdiyi asanlıqlardan bəziləridir.


Sevinc Vəkilova
Bu yazıya 368 dəfə baxılıb.