Yarpız və faydaları


Kəmalə Hüseynova
Bu yazıya 1089 dəfə baxılıb.

Əziz oxucularımız bu dəfə sizə yarpızın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Yarpızın dünya florasında 25 növü yayılmışdır. Bunlara, əsasən, Yer kürəsinin mülayim iqlim zonasında rast gəlmək olar. Belə ki, Qafqazda 8, o cümlədən Azərbaycanda 4 növü vardır. Su yarpızı, uzunyarpaq yarpız, istiot yarpızı, pulqar yarpızı. Yarpızın yabanı növlərinə «yarpız nanəsi» də deyilir. Daha çox su hövzələrinin (çay, göl, bataqlıq və s. kimi) kənarlarında yetişir.

Su yarpızı. Bu, sürünən, uzun zoğlara malik çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 30-40 sm olub, düz və yaxud budaqlanandır. Yarpaqları saplaqlı, uzunsov və yaxud ellipsvarı, uc hissəsi küt, sivri kənarları mişarşəkilli yaşıl rəngdədir. Çiçəkləri çoxsaylı, olub, 2-3 ədəd şar formasında gövdənin qurtaracağında toplanır. Çiçək tacı çəhrayı rəngdir.

Uzunyarpaq yarpız özünəməxsus xoş iyə, ətirli efir yağına malik bitki sayılır. Çiçək və yarpaqlarının tərkibində 1,43 -3,33%-ə qədər efir yağı vardır. Efir yağından ətriyyat-kosmetika sənayesində müxtəlif diş pastalarının, sabunların, ətirlərin və s. hazırlanmasında istifadə edilir.

Ədviyyə kimi müxtəlif konserv məhsullarına, xörəklərə, qənnadı məmulatlarına qatqı kimi əlavə olunur. Tərkibində olan efir yağı şəffaf, açıq sarı rəngli, xoş ətirlidir. Yarpaqlarının tərkibində C vitamini var. Efir yağından hazırlanmış bir çox preparatlardan ağrıkəsici, qıcolma, qızdırma xəstəliklərində istifadə etməklə yanaşı, sərinləşdirici və təravətgətirici kimi də işlədilir. Xalq təbabətində isə istiot yarpızından sakitləşdirici, ödqovucu, ürək sancısı, revmatizm, vəba və s. xəstəliklərin müalicəsində istifadə edilir. Cövhəri ağızda əmələ gələn iylərin aradan qaldırılmasında işlədilir. Göstərdiklərimizdən başqa, cövhərindən babasil, kəskin başağrıları, təzə yarpaqlarını ağrıyan nahiyəyə düzməklə, ürəkbulanma, qusma, raxit, sarılıq və s. xəstəliklərin müalicəsində istifadə edilir. Yarpağından hazırlanan cövhərindən və çaylardan mədə turşuluğunun artırılmasında, öd kisəsi ağrılarının qarşısının alınmasında işlədilir. Efir yağından dezinfeksiyaedici, təravətgətirici, müalicəvi çay, ətirli su, şirə və s. hazırlanır.

Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yolunda duz, kirəc, daş olan xəstələrə, mədə-bağırsaq, sinə nahiyəsi ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir. Yuxusuzluq zamanı 10-15 gün (əgər müalicə yaxşı təsir edibsə) yatmazdan əvvəl yarpızı qaynadıb suyunda vanna qəbul etmək məsləhətdir. Özünəməxsus ətri və təravəti ilə məşhur olan istiot yarpızının yağından qənnadı fabrikində, ətriyyat, kosmetika sahəsində, diş pastalarının və eləcə də müxtəlif növ ətirli sabunların hazırlanmasında geniş istifadə edilir.

Yarpız yarpaqlarında bir sıra bioloji-fəal maddələrin kompleksi olduğu üçün o, farmokoloji cəhətdən geniş spektrə malikdir. Yarpaqlarından reflektor, tac qan damarlarının genişləndirici, sakitləşdirici, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik preparatlar

hazırlanır. Yarpız preparatları həzmə kömək edən vəzilərin sekresiyasını qüvvətləndirir, iştahanı artırır, ödün ifrazını fəallaşdırır, spazmaları aradan qaldırır, bağırsaq, öd və sidik yollarının saya əzələsinin tonusunu azaldır. Yarpız yağında olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tənəffüs yolları xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentol və yarpızın digər preparatlarından selikli qişalara yaxılır, eləcə də damcı formasında buruna damızdırılır. Bundan əlavə, mentol karandaşından başağrısında, mentolun 2 faizli spirtində və ya 10 faizli yağında həll edilmiş məhsulundan isə miqrendə, nevrologiyada və digər nevroloji xəstəliklərdə xaricə sürtmə dərmanı kimi işlədilir. Yarpızın yarpağı və yağı antiseptik xassəyə malikdir.

İstiot yarpızı. İstiot və ya əkilən yarpızdan süfrədə və xörəklərdə ətirli ədviyyat kimi çox işlədilir. İstiot nanəsinin tərkibində bir sıra müalicə əhəmiyyətli üzvi maddələr vardır. Onlar orqanizmdə gedən maddələr mübadiləsini normallaşdırır, mədə-bağırsaqda əmələ gəlmiş spazmanı, köpü aradan qaldırır, həzm prosesini sürətləndirir, böyrək və sidik yollarını dezinfeksiya edir, qusma, ürəkbulanmanı aradan qaldırır, qan-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Müasir təbabətdə istiot nanəsindən hazırlanan bir sıra qiymətli preparatlardan ürək-damar sistemi, xroniki mədə-bağırsaq xəstəlikləri, böyrək və sidik yollarının iltihabının müalicəsində istifadə edilir. İstiot nanəsinin yağı isə «Zelenin damcısı», «Validol», «Valokordin» kimi ürək dərmanlarının tərkibinə daxildir. Onun cövhəri mədə ağrılarını sakitləşdirən ən yaxşı dərmandır. Südü uzun müddət saxlamaq üçün onun içərisinə 2-3 ədəd nanəli yarpız atırlar. Özünəməxsus ətri və təravəti ilə məşhur olan istiot nanəsinin yağından qənnadı fabriklərində, ətriyyat sənayesində, kolbasa istehsalı və s . də geniş istifadə olunur.

Yarpız dəmləməsi: Yarpız çayı üçün bir xörək qaşığı yarpız yarpağı və bir çay qaşığı nanə yuyulub üzərinə bir stəkan qaynar su əlavə edilir və 10 dəqiqə dəmlənir. Dəmləndikdə çay rəngi alır. Əgər istəsəniz bir az şəkər tozu da əlavə edə bilərsiniz. Bu bitkinin dəmləməsindən soyuqdəymə, zökəm, baş ağrıları, tənəffüs sistemi problemləri, boğaz ağrısı, köp və yuxuzuluğun müalicəsində istifadə etmək olar.


Kəmalə Hüseynova
Bu yazıya 1089 dəfə baxılıb.