Gerçək dostlar tapmaq ümidi ilə...


Gülnarə Seyidova
Bu yazıya 269 dəfə baxılıb.

Dostluq, insanın həyatında uşaqlıq illərindən başlayaraq formalaşan bir xüsusiyyətdir. İbtidai sinif dövründən dostluq qura bilməyən bir gəncin, birdən-birə dostların əhatəsinə qarışması çox çətin olur.

Dostluq qurmaq qabiliyyəti üzməyi öyrənmək kimi nə qədər erkən yaşlarda başlayarsa, o qədər də asan formalaşan bir bacarıqdır. Sağlam, sevgi əhatəsində olan bir ailənin belə, övladına dostlarından ala biləcəyi həzzi verməsi mümkün deyil. Ailə ancaq uşağa uyğun dost mühiti hazırlayaraq yardım edə bilər. Və bu mühitdə uşaq özünə uyğun olan biri ilə dostluğunu davam etdirər. Amma nə olursa olsun, uşaqları tamamilə dostlarından uzaqlaşdırıb dərsə, ya da idmana yönəltmək olmaz. Fürsət verin övladlarınızın dostluq qabiliyyətləri uşaqlıqdan formalaşsın.

Hər bir yetkin insanın dostluq qurmağı bacarmadan cəmiyyətə qarışması çox çətindir. Dostlar tərəfindən sevilmək, bəyənilmək və dəyərləndirilmək özünə güvənin əsas şərtidir. Yardımlaşaraq, bölüşərək, mənəvi yöndən dostluq bağları qurular. Beləcə də, yetkin insan öz şəxsiyyətini göstərər və formalaşdırar. Çünki dost əhatəsi, gənclərə şəxsiyyətini göstərən bir ayna olar. Özünü tanıyar və tanıdar. İnsanlarla ünsiyyət qurmaq və işgüzar münasibətlərlə cəmiyyətdə özünü doğrultmaq xüsusiyyətlərini inkişaf etdirər. Dostların əhatəsinə daxil olan gənc, artıq həm şəxsiyyət, həm də toplumun bir üzvüdür. Beləcə gənclər, yetkin insanların dünyasına addım atarlar. Dostluq qurmaq və yaşada bilmək özü bir bacarıqdır, sağlam ruha sahib olmağın göstəricisidir. Ailəsinə həddən artıq bağlı, özünə güvəni olmayan bir uşaq məktəbdə uğur qazansa da, dost tapmaqda çətinlik çəkə bilər. Əgər bir gəncin heç bir dostu yoxdursa və özü də heç kimlə dost olmaq istəmirsə, deməli o, ciddi psixoloji problemlər yaşayır. Çünki toplumda yaşayarkən tək başına olmaq düzgün deyil, heç mümkün də deyil. Buna görə də evindən çıxmayan, öz məşğuliyyətlərinə zaman xərcləyən bir gənc, toplumda sıxılar, cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkər.

Dostları olmadığı və dərslərindən başqa bir şey düşünmədiyi üçün uşağından çox razı olan ailələr var. Bu heç də normal bir hal deyil. Bu yaş dövründə gənclərin

dərslərindən, idmanından vaxt alaraq, dostlarının əhatəsində olması çox vacibdir. Oğluna ya da qızına dost kimi davrandığını, övladının dosta ehtiyacı olmadığını deyən ana-atalar da var. Belə bir münasibət əslində alışqanlıqdan doğan bir münasibətdir, gerçək dostluq deyil. Onların həmyaşıdları ilə dost olmağa ehtiyacları var.

Dostluq əlaqələrini qurmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, vəfalı bir dost olmaq daha da çətindir. Psixoloqların araşdırmalarına görə bir dostun xəyanəti ailə üzvünün xəyanətindən daha çox təsir edər insana. Hətta bu xəyanətlə barışa bilməyən bir sıra insanlar psixoloji problemlər də yaşaya bilirlər. İstər gənc qızlar ya da oğlanlar yanlış dostluqların qurbanına çevrilə bilirlər. Müasir dövrdə oğlanlar üçün düzgün olmayan dostluq onları yanlış yollara, uçurumlara, istər maddi, istər mənəvi, istərsə də fiziki yöndən məhv etməyə qədər sürükləyə bilir. Qızlarda da həmçinin bu kimi problemlər görülür. Bir-birinə xəyanət edən rəfiqələr şəxsi və sosial həyatlarında ciddi problemlərlə qarşı-qarşıya qalırlar. Bəs nə üçün belə olur? Nə üçün rəfiqələr ya da dostlar bir-birinə xəyanət edirlər, ya da biri digərinə pislik etməyə çalışır?

Gənclik dönəmi insanın ən çılğın, ən həssas olduğu bir zamandır. Bu yaşlarda insanlar daim irəliləmək, ucalmaq arzusunda olurlar. Qızlar daha gözəl, oğlanlar isə daha yaraşıqlı olmağa çalışırlar. Dostlar arasında da özündən ağıllı, bacarıqlı və ya yaraşıqlı olanını digəri qısqana ya da həsəd apara bilir. Bu hisslər idarəolunmaz hala gəldiyi anda ortaya xoşagəlməz hadisələr çıxır.

Bəzən eşidirik rəfiqəsi tərəfindən pis yola cəlb olunanları, ailəsi dağılanları, bütün xəyallarına əl qoyanları. Təbii ki, burada yenə də psixoloji vəziyyət çox önəmli rol oynayır. Belə bir deyim var, “Dənizə düşən ilandan yapışar”. Yəni adətən ailəsində, evində problemləri olan insanlar belə “dostların”, “rəfiqələrin” qurbanı olur. Əslində insan özü-özünü aldatmağa imkan verməzsə, heç kim onu aldada bilməz.

Bəs dostumuzu necə seçəcəyik?

Əgər sizin dostunuz sizi mənəvi cəhətdən yorursa, ruhunuz sıxılırsa, daim özünə və sizə problemlər yaradırsa, deməli, bu sizin gerçək dostunuz deyil. Sadəcə

vaxt keçirmək üçün, ya da başqa variantınız olmadığı üçün bu insanla yoldaşlığınızı davam etdirirsiniz. Amma unudulmamalıdır ki, belə dostlar insanı ancaq yorar və öz mənliyindən uzaqlaşdırar. Bütün bunlar baş vermədən vaxtında belə dostlardan uzaqlaşmaq lazımdır.

Hazırda aktual olan qız-oğlan dostluqları nəticə etibarilə heç də yaxşı bitmir. Müsbətlə mənfi bir-birini çəkdiyi kimi, kişi və qadın da daima bir-birinə yönələr. Bu xüsusiyyət onların yaradılışında vardır. Tələbə, iş, bəzən də ailə dostu olaraq yaranan münasibətlər də çox zaman başqa məcralara üz tutur. Bu da hər iki insanın həyatında ciddi problemlərə səbəb ola bilər.

Həyatımızda mütləq, bizə uyğun, qayğıkeş, fədakar, dəyər verməyi bacaran və ən əsası bizi Allaha yaxınlaşdıran bir dostumuz olsun.

Gerçək dostlar tapmaq ümidi ilə...


Gülnarə Seyidova
Bu yazıya 269 dəfə baxılıb.